Ancaq Türkiyəyə qarşı olan qlobal güclər xalqın birləşməsini istəmirlər
Türkiyədə Avropa İttifaqına üzvlüyə dair danışıqlardan çıxmaq barədə referendum keçirilə bilər. Bunu Ankarada çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. Prezident deyib ki, 54 ildir Türkiyəni Avropa İttifaqının qapıları arxasında gözlədirlər:
"Lazım gələrsə, bu məsələ ilə bağlı da ümumxalq səsverməsi keçirəcəyik. Avropa İttifaqının təsisçilərindən biri olan Böyük Britaniya qurumu tərk etdi. Norveç də Avropa İttifaqının xaricindədir. Biz xalqın rəyini öyrənəcəyik. Xalq nə desə, o da olacaq”. Ərdoğan Avropa təşkilatlarının qərəzli mövqedən çıxış etdiklərini bildirib: "Avropa İttifaqı vədlərinə əməl etmədiyi təqdirdə fəsadlarla üz-üzə qalacaq. Terrorçu təşkilatları dəstəkləmək yolverilməzdir. Türkiyə heç bir zaman öz sərhədləri daxilində hər hansı terrorçu qurumun yaradılmasına imkan verməyəcək”. Xatırladaq ki, bir müddət əvvəl Türkiyənin daxili işlər naziri Süleyman Soylu Avropadan gələn biabırçı təklifi gündəmə gətirmişdi. Nazirin sözlərinə görə, Avropa Birliyi Türkiyəyə PKK ilə ortaq olmağı təklif edib. Eyni zamanda, ölkənin cənub-şərqi PKK-nın idarəsinə verilərsə, Avropaya türklər üçün vizasız rejim tətbiq olunacağı "sözü” verilib.
Türkiyə-Qərb münasibətləri ilə bağlı "Şərq”ə fikirlərini bölüşən politoloq Natiq Miri deyib ki, referendumda "xeyir” səsi verənlərin səs faizinin yüksək çıxması Qərbi ürəkləndirib:
"Türk toplumunun demək olar ki, yarısı yeni sistemin əleyhinə səs verdiyi üçün Qərb dairələri narazı kütlənin əli ilə ölkəni qarışdırmağı planlayırdılar. Təzyiqlərin arxasında isə Avropanın Türkiyədən tələb etdikləri məsələlər dayanır. Şübhəsiz ki, həmin məsələlər sadəcə Avropa istədi deyə həll oluna bilməz. Türkiyə dövləti, başda Ərdoğan olmaqla mütləq mənada toplumun həm "hə” deyənlərinin, həm də "yox” söyləyənlərinin dəstək verəcəyi ümumi siyasət ortaya qoymalıdır. Toplumu bütünləşdirmək, birləşdirmək olduqca vacibdir. Ancaq Türkiyəyə qarşı olan qlobal güclər xalqın birləşməsini istəmirlər. Bu baxımdan mövcud hakimiyyət israrlı şəkildə hamını qucaqlayacaq siyasətə üstünlük verməlidir. Əgər AKP bunu bacararsa və türk toplum cəmləşəcək və yeni siyasi modelə meyl edəcək. O zaman Türkiyə daxildən güclənəcək. Daxildən güclənən Türkiyə xarici aləmdə də qüvvətlənəcək, söz sahibi olacaq. Əks halda, beynəlxalq aləmdə dayanıqlı mövqeyə sahib olmaq mümkünsüzdür”.
Politoloqa görə, Ərdoğan çox doğru olaraq daxili siyasətə, toplumu birləşdirməyə yönəlik addımlar atır:
"Ərdoğandan "diktatorluq” gözləyənlər xəyal qırıqlığına düçar olacaqlar. Əksinə, hər kəs Ərdoğanın insan hüquqları və demokratiya sahəsində mühüm addımlar atacağının şahidi olacaq. Bununla da siyasət, iqtisadiyyat və insan haqları ilə bağlı böyük irəliləyişləri müşahidə edəcəyik. Ondan sonra güc mərkəzləri ilə danışmaq daha asan olacaq. Avropa Birliyi ilə münasibətlərə gəldikdə isə seçki dövründə tərəflər arasında sərt ritorikanın olması normal idi. Amma artıq referendum başa çatıb. Fikrimcə, sərt münasibət getdikcə səngiyəcək və tərəflər arasında əməkdaşlıq formalaşacaq”.
İsmayıl