Mənsum İbrahimov: “İndi yaşlısı, cavanı meydana girir, ayaqyalın oynamağa başlayır. Kənardan baxanda xoş mənzərə deyil”
Toyda ayaqyalın oynamaq eybəcərlikdir
Şeyx Əbdül: “Gəlin qayınanasının qabağında ayaqqabını kənara atıb, at kimi atılıb düşürsə, mənəviyyatdan danışmağa dəyərmi?”
Mənsum İbrahimov: “İndi yaşlısı, cavanı meydana girir, ayaqyalın oynamağa başlayır. Kənardan baxanda xoş mənzərə deyil”
Mənsum İbrahimov: “İndi yaşlısı, cavanı meydana girir, ayaqyalın oynamağa başlayır. Kənardan baxanda xoş mənzərə deyil”
Milli adət-ənənələr hər bir xalqın irsindən, milli mənəviyyatının nə qədər zəngin olmasından, həmin xalqın nə qədər qədim tarixi kökə malik olmasından xəbər verir.
Adət-ənənələrin yaşadılması çox vacibdir. Çünki milli dəyərlərə bağlılıq, milli irsimizə sahib çıxmaq və onları gələcək nəsillərə ötürmək missiyası bu gün bizlərin üzərinə düşür.
Bəs milli dəyərlərimiz bu gün qorunurmu? Onları yaşatmaq üçün səy göstəririkmi?
Birinə "adət-ənənələrimiz itir” deyəndə, "müasirləşirik də!” cavabını alırıq. Bir çoxları inkişaf, müasirləşmək deyəndə çox təəssüf ki, bunu millilikdən uzaq olmaqda görür. Həmin insanlara Yaponiya ölkəsindən bir misal gətirək. Bilindiyi kimi, Yaponiya dünyanın ən öndər texnologiyasına sahib, müasir ölkələrdən biridir, hətta birincisidir. Bununla yanaşı, xarici dövlətlərə gediş-gəlişləri də bizdən çoxdur. Amma onlar hələ də taxta çöp parçaları ilə yeməklərini yeyirlər. Müasirlik, onların adət-ənənələrinə heç də təsir etmir. Bir də Azərbaycana baxaq. "Müasirləşirik də” cavabını verənlər oralarda olsaydılar, yenə də belə düşüncəsiz cavab verəcəkdilər? Bəlkə də çoxlarının beynində elə bir forma yaranıb ki, guya, öz adət-ənənələrinə əməl edənlər geridə qalmış kimi sayılır. Bunu düşünən insan elə məhz özü geridə qalandır. Başqalarının adət-ənənələrini qavramaq, insanı geridə qalmış kimi göstərir. Əsas odur ki, gərək öz ənənələrini özgə birilərinə tanıtdırasan. Bax, o zaman irəli sayılırsan. Başqalarına adət-ənənələrimizi tanıtdırmaq bir yana, vətənimizin sərhədləri daxilində adət-ənənələrimizə əməl edənlər azdır.
"Toyda nə edərlər?!” Azərbaycan xalqının məişətindən, xüsusən toy adət və ənənələrindən bəhs edən "Bəyin oğurlanması” filmində məşhur aktyorumuz Səməndər Rzayevin dilindən səslənən bu ifadəni yəqin ki, çoxları əzbər bilir. Ancaq müasir dövrdə toylarımızda nələr etmirlər ki?! Artıq toylarımız öyünməli adət-ənənələrimizlə yox, narahatlıq doğuran məqamları ilə müzakirə mövzusuna çevrilib.
Bizə xas olan musiqi mədəniyyətimiz, toy-nişan adətlərimiz, milli rəqslərimiz, geyim tərzlərimiz və bir çox adət-ənənələrimiz artıq yaşanmır günümüzdə. Bunun da günahı özümüzdən başqa heç kəsdə deyil.
Hər birimiz doğmalarımıza, övladlarımıza "şahlara” layiq təmtəraqlı toy etməyi arzulayırıq. Belə toyların iştirakçısı olmaq istəyirik. Gül-çiçək, gözəl libaslar, bəzək-düzək toylarımızı təntənəli etməklə bərabər, həm də daha yaddaqalan edir. Yeni ailə quran cavanların toyu qohumların uzun müddət yaddaşında qalır, sevinci həyatı boyu qəlblərdən silinmir. Gəzib gördüyümüz, televiziya ekranlarından seyr etdiyimiz Avropa toylarına xas olan bir çox təmtəraqlı toy elementləri artıq bizim toy elementlərimizə inteqrasiya edib. Lakin başqa xalqların toy adətlərindən fərqli olan milli çalarları saxlamaq, onun təkrarsızlığını, bənzərsizliyini yaşatmaq həyati zərurət, milli vətəndaşlıq borcumuzdur. Müasirlik, inkişaf gözəldir. Ancaq hər bir xalqın özünəməxsus adət-ənənəsi var. Çalışmaq lazımdır ki, bu adət-ənənələr unudulmasın. Düzdür, bəzi adətlər ola bilər ki, bu gün köhnəlik, geridəqalmışlıq kimi görünsün, ancaq bizim çox gözəl, mənalı, lazımi toy adətlərimiz var ki, onları unutmaq olmaz. Onları unutmaq milli mənsubiyyətimizi unutmağa, keçmişimizdən imtina etməyə gətirib çıxara bilər. Biz nə qədər müasirləşsək də, şərqin özünə aid müəyyən milli adət-ənənələri var. Biz mərasimlərimizdə həmin ritualları, adətlərimizi yaşatmağa borcluyuq. Bizi bəlkə də qərbdən, digər millətlərdən fərqləndirən məhz elə milli adətlərimiz, rituallarımız, milli irsimizdir. Bunu qorumaq isə əslində hər birimizin üzərinə düşən məsuliyyətdir.
Əvvəllər toylarda bəylə gəlin rəqs etməzdi, gəlin ağsaqqalların, ağbirçəklərin izni olmadan ayağa qalxmaz, qol qaldırıb oynamazdı. Amma indi "qonşudan nəyim əksikdi? O elədisə, mən də etməliyəm” düşüncəsiylə toydan əvvəl gəlinlə bəy pul verib xüsusi rəqs dərnəklərinə də gedirlər. Hələ bəzi toylarda gəlinin ağ gəlinliyinin ətəyini qaldırıb kişilərlə bir arada "şıdırğı” vurub, "Tərəkəmə” oynamasından danışmırıq. Əvvəllər bunlara rast gələ bilməzdik. İndi isə gəlin qonaqlardan çox oynayır. Toylarımızın mənfi tərəflərindən o qədər danışmaq olar ki. Sonda qalan yeməklər, "səs-küy” xarakterli "musiqi”, içib hadisə salmaq, gəlinlərin açıq geyimi, köhnə yeməklər və s. Üstəlik, toylarda səslənən bəsit, bayağı musiqilərin səslənməsi, xanımların eybəcər, ayaqyalın rəqs etməsi də toyun ümumi görünüşünə xələl gətirmiş olur. Səviyyəsiz musiqi sədaları altında bığıburma kişilər xanımları ilə birlikdə girirlər ortaya və başlayırlar atılıb-düşməyə. Ta ki, qan-tərə batınca meydandan çıxmırlar. Hələ üstəlik, ləhləyə-ləhləyə tanış-bilişlərinin də qolundan tutub zorla stuldan qaldırırlar ki, mən ölüm, gəl oyna. Beləcə, 10 nəfərlik kiçik bir meydana azı 25-30 nəfər doluşur və hamı da musiqinin sözlərinə, onun ritminə məhəl qoymadan qol-qanad açıb atılıb-düşür. Birinin əli digərinin başına, o birisinin ayağı bu birisinin belinə dəyə-dəyə oynayırlar, bizim toylarda. Bir də toylarımızda xanımların ayaqqabısız, ayaqyalın oynaması ayrıca bir problemin müzakirə mövzusudur. Bəziləri bunu "əhd etmişəm oğlumun toyunda ayaqyalın oynayım”, "əhd etmişəm dostumun toyunda ayaqyalın süzüm”.
Görən toyda ayaqyalın oynayanlar sonradan bu görüntünü izləmək imkanı əldə edəndə necə, bunun estetik baxımdan xoş mənzərə olmadığını görə bilirlərmi? Axı bizim elə gözəl rəqs elementlərimiz var ki, bunları digər xalqların nə rəqslərində, nə də toylarında görə bilərsiniz. Milli rəqslərimizin hər birində hərəkətlərin hər biri ayrı-ayrı məna kəsb edir. İndi bu qədər zəngin rəqs mədəniyyətimiz varkən toylarda xanımlar, hətta kişilərin ayaqyalın rəqs etməsi nə qədər estetik görünər? Buna ehtiyac varmı? Əslində xanımların çirkin şəkildə ətəklərini qaldıraraq, ayaqyalın atılıb düşməsi, kişilərin ayaqqabısız məclisdə oynaması toylarımızın estetik görünüşünü çirkin göstərmir ki? Əslində bütün bunlar milli-mənəvi sərvətimiz sayılan adət-ənənələrimizə vurulan zərbədir. Məhz bütün bunlardan sonra bəzi müasir toylarımızın vurduğu mənəvi zərbə uzun müddət xatirələrdən silinmir.
Toy adətlərimizə maraq göstərməklə bərabər, milli mənsubluğumuzun simvolu, atributu olan milli-mənəvi irsimizin bugünkü səviyyəsi, ona olan münasibət bizi narahat edir. Bu, bir vətəndaş narahatçılığıdır. Bu, milli təəssübkeşlikdən doğan narahatçılıqdır. Xalqı yaşadan, onun kimliyini sübut edən torpağımız, dilimiz kimi milli-mənəvi irsimiz olan toy, abidələrimiz bizim milli varlıq möhürümüzdür. Zamanın ağır sınaqlarından keçib gələn, babaların bizə əmanət qoyduğu bir yadigardır. Onları bayağılaşdırmağa, meşşan, özgə donu geyindirməyə haqqımız yoxdur.
Toylarımızın estetik görünüşünə xələl gətirən rəqslər, xanımların toylarda ayaqyalın oynaması, bəzən elə bəylərin də onlardan geri qalmaması əslində toy adətlərimizə xələl gətirə bilən amillərdi.
Toy estetikası barədə əməkdar incəsənət xadimi, xalq artisti Şeyx Əbdül Mahmudbəyov danışdı. "Hər bir xalqın özünəməxsus adət-ənənələri var. Şərq ölkələrində toy adətləri xüsusi rituallarla seçilir. İnsan psixologiyası ilə təbiəti bağlayan bağlılıqlar var. Təbii ki, əgər biz problemlərimizdən, milli adət-ənənələrimizin itməyindən danışırıqsa, demək bunu yaradan səbəblər var.
Bunu bilmədən o problemi həll etmək mümkün deyil. 75 yaşındayam. Bu illər ərzində toylarımızın nə qədər rəngini, üslubunu dəyişdiyini görmüşük. Bir milləti məhv etmək üçün onun mədəniyyətini, mənəvi dəyərlərini, irsini silib məhv etmək lazımdı.
Təbii ki, bizi də sevməyənlər var. Onlar çalışır ki, milli-mənəvi dəyərlərimizə zərbə yetirsinlər. Bunun üçün də Avropaya maraq yaradırlar. Müxtəlif üsullarla milləti tarixindən, kökündən uzaqlaşdırmağa çalışırlar. Əvvəllər qadınlarımız kişi olan məclisə girməzdilər, indi qadınlarımız məclisdə kişidən çox olur. Əvvəllər qız-gəlinlər yad adamın qarşısında qol qaldırıb süzməzdilər, indi sizin də qeyd etdiyiniz kimi, ayaqqabılarını çıxarıb ayaqyalın oynayırlar. Bu, həqiqətən biabırçılıqdı.
Deyirlər ki, əhd etmişik. Elə olmaz ki, əhd edəndə xanım-xatun tərzdə oynamağı əhd edəydi? Əhd edəndə gözəl hərəkət etmək lazımdı ki, başqalarına da bir ibrət olsun. Yoxsa ayaqyalın oynamağı əhd etmək nəyə lazımdı? Kənardan o qədər eybəcər görünür ki, insanda ikrah hissi yaradır. Gözəl qızlar, xanımlar ayaqyalın oynayanda onların o gözəlliyi inanın ki, o eybəcər görünüşün qurbanı olur. Elə kişilərimiz də bəzən elə eybəcər oynayırlar ki, adam onların yerinə xəcalət çəkir. Müasirik deyə avropalı atılıb-düşürsə, biz də onlar kimi atılıb-düşəndə dərhal avropalı görünürük ki? Vallah ayıbdı. Məclisdə böyük var, kiçik var. Gəlin qayınanasının qabağında ayaqqabını kənara atıb, at kimi atılıb düşürsə, mənəviyyatdan danışmağa dəyərmi? İnsan öz hərəkəti ilə əxlaqını, mədəniyyətini sərgiləmiş olur. Biz itirə-itirə hara gedirik? Mənəvi dəyərlərimizi itirdikcə, biz kökümüzdən uzaq düşürük. Deməli, kimliyimizi də, hansı millətə məxsusluğumuzu da, simamızı, tariximizi də, mədəniyyətimizi də itirmiş oluruq. Milli-mənəvi dəyər bir milləti digərindən fərqləndirən amildir. Odur ki, toylarımızda adət-ənənələrimizi qoruyaq, kökümüzdən uzaq olmağa cəhd etməyək. Onda özümüzü də itirə bilərik. Bir milləti tanıdan da, digərlərindən fərqləndirən də onun milli irsi, tarixi, adət-ənənəsi, mənəvi dəyərləridir”.
Müasir toylarımız barədə Xalq artisti Mənsum İbrahimovla da söhbət etdik. İndiki vəziyyətdən narazılığını gizlətməyən Xalq artisti "Həqiqətən çox ciddi və vacib bir məsələyə toxunmusunuz. Müasir toylarımız məni qətiyyən bir vətəndaş, bir sənətkar olaraq qane etmir. Əvvəllər toylarımızda adət-ənənələr mütləq nəzərə alınırdı.
Bu gün sanki azərbaycanlı toyu etmirlər. Avropa toyları ilə bizim toylarımızın heç bir fərqi qalmayıb. Toylarda ayaqyalın oynayanları bəzən biz də görürük. Xoş təsir bağışlamır. Adət-ənənələrimizə diqqət yetirsəniz, xanımlarımız bu məclislərdə fərqlənməyə çalışıblar. Xanımlar hər rəqsə qol qaldırıb oynamazdılar. Hər yaşa uyğun rəqs seçilirdi. İndi yaşlısı, cavanı meydana girir, ayaqyalın oynamağa başlayır. Kənardan da xoş mənzərə deyil. Bir də hər kəs özündə məsuliyyət hiss etməlidir. Mən də bu yaxınlarda övladıma toy çaldırdım. Çalışdım ki, imkan qədər bu problemlər olmasın. Xanımlarımız var ki, o qədər gözəl rəqs edirlər ki, insan seyr edəndə xoş təəssürat yaranır. Amma toyda ayaqyalın oynamaq qeyri-etikdi. Kənardakılara hörmətsizlikdi. Axı sən o məclisdə tək deyilsən, səni izləyənlər var. Xanım-xatun oynayanda nə olur ki? Adamı toydan qovmurlar ki...”.
Tahirə