“TQDK heç bir elmi tələbi nəzərə almır”

“Niyə buraxılış imtahanlarında Azərbaycan tarixi yoxdur?”



Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2014-2015-ci tədris ilində XI sinif şagirdlərinin buraxılış imtahanı üç fənn üzrə keçiriləcək.

Bütün şagirdlər ana dili, riyaziyyat və xarici dil fənlərindən imtahan verəcəklər. Xarici dil fənninin tədris olunmadığı məktəblərin məzunlarının isə xarici dil əvəzinə kimya fənnindən imtahan verəcəkləri bildirilir.

Abituriyentlərin buraxılış imtahanında xarici dil əvəzinə niyə məhz kimya fənnindən imtahan verəcəkləri məsələsi maraq doğurur.

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev isə ümumiyyətlə hesab edir ki, TDQK-nın buraxılış imtahanında iki və üç imtahanı müəyyənləşdirməsinin elmi-pedaqoji əsası yoxdur:

"Mən bu məsələyə dəfələrlə etirazımı bildirmişəm. Əslində buraxılış imtahanı dövlət standartlarını əhatə edən bütün fənnlərdən olmalıdır. Çünki 11 il təhsil alan şagird onların nəticəsini sonda meydana qoymalıdır və bu, attestatda da öz əksini tapmalıdır”.

İki ildən artıqdır ki, TDQK-nın heç bir elmi tələbi nəzərə almadığını önə çəkən Ə.Ağayev komissiyanın buraxılış imtahanındakı qaydaları şəxsi istəyinə uyğun həyata keçirdiyini deyib: "TDQK öz istəyinə uyğun olaraq, xarici dili kimya fənni ilə əvəz edir. Bu, elmi-metodiki baxımdan əsassızdır. Niyə buraxılış imtahanlarında Azərbaycan tarixi yoxdur? Hər bir insan biliklərə yiyələnməklə yanaşı, öz ölkəsinin tarixini mükəmməl bilməlidir. Düzdür, kimya fənninin də rolu böyükdür. Amma humanitar fənlərin daha üstünlükləri var. İstərdim ki, buraxılış imtahanları əsas fənləri əhatə etsin”.

Şəymən