Hillari Klinton rəqibini demokratiyaya təhlükə sayır
ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Vaşinqton ştatında keçirilən ilkin seçkilərdə qələbə qazanıb. Tramp indiyədək keçirilən seçkilərdə 1229 nümayəndənin səsini əldə edib. Onun respublikaçı rəqibləri üzərində tam qələbə çalması üçün ümumilikdə 1237 nümayəndənin səsini alması tələb olunur.
Beləliklə, qələbənin astanasında olan Donald Trampa daha 8 səs lazımdır. İyulda Respublikaçılar Partiyası qurultay keçirərək və bu ilin sonlarında baş tutacaq prezident seçkiləri üçün vahid namizədini elan edəcək. Amma Donald Tramp indidən respublikaçıların əsas favoriti sayılır. Trampın Demokratlar Partiyasından prezidentliyə əsas rəqibi isə Hillari Klintondur. Rəqibi ilə yanaşı, Demokrat Hillari Klinton da mayın 24-də Vaşinqton ştatındakı ilkin seçkini udub. Xatırladaq ki, demokratlardan ABŞ Prezidenti postuna rəsmi namizəd olmaq üçün partiya qurultayının 4764 nümayəndəsindən azı 2383-nün dəstəyini qazanmaq lazımdır. Klintonun isə 78 səsi çatışmır.
Klinton rəqibini suçladı
ABŞ-da prezidentliyə namizəd demokrat Hillari Klinton respublikaçı rəqibi Donald Trampın demokratiyaya "təhlükə” olduğunu və ölkəyə rəhbərlik edə bilməyəcəyini deyib. Klintonun sözlərinə görə, Tramp ABŞ-ın prezidenti olmaq üçün lazım olan keyfiyyətlərə malik deyil: "Donald Tramp ölkəmizə, demokratiyamıza, iqtisadiyyatımıza ciddi təhlükə törədir. Tramp xarici siyasət problemlərinin öhdəsindən gələ bilməz. Onun müsəlmanlar barədə ziddiyyətli bəyanatları Vaşinqtonun terrorçuluqla mübarizədə Yaxın Şərq hökumətləri ilə işini çətinləşdirir”. Son vaxtlar Klintonu tez-tez tənqid edən Tramp isə hələlik bu ittihamlara reaksiya verməyib.
Kim Çen İn Trampa "aktyor” dedi
Şimali Koreyanın lideri Kim Çen İn nüvə müzakirəsi aparmaq istəyən Trampın təklifini bir növ seçki manevri kimi gördüklərini və ciddiyə almadıqlarını söyləyib. ABŞ prezidentliyinə namizədlərin seçki kampaniyaları boyu bir çox şey söylədiyini, ancaq hakimiyyətə gələndə həmişə Şimali Koreyaya düşmən mövqe tutduqlarını xatırladan Kim Çen Trampın təklifini populyar bir aktyorun rolu kimi dəyərləndirib: "Şimali Koreyanın iki ölkə arasındakı əlaqələri inkişaf etdirməyə yönəlik təkliflər paketi yoxdur. Çox güman ki, ABŞ-ın da yoxdur. Bu səbəbdən, onun söylədikləri bizim üçün maraqlı deyil. Şimali Koreyanın özünü müdafiə etmək və suverenliyini qorumaq üçün nüvə silahına ehtiyacı var”.
"Tramp, sənin neçə yaşın var, sən uşaqsan, qaç ananın yanına”
Donald Tramp Yeni Meksikada etdiyi çıxış zamanı sərt etirazla qarşılanıb. Trampa yaxınlaşmağı bacaran etirazçılar onu təhqir ediblər. Aksiyaçılar Trampın fotolarını cıraraq, qərargahının şüşələrini sındırıblar. Etirazçılar "Faşist Tramp” sloqanları ilə aksiyanı davam etdiriblər.
"Bu, ağılsız yanaşmadır...”
Respublikaçıların namizədi, milyarder iş adamı Donald Tramp qaçqın və müsəlman düşməni kimi tanınır. Hətta miqrantları ölkəyə qəbul etməyəcəyini deyən Tramp Meksika ilə sərhəddə başdan-başa divar çəkəcəyini iddia edib. Yeni Meksika əyalətinin valisi Susana Martinez Trampın qaçqınlarla bağlı açıqlamasına sərt reaksiya verib. Martinez Trampın ABŞ ilə Meksika arasına divar çəkmə istəyini ağılsızlıq adlandırıb. Martinezin tənqidinə isə Tramp daha sərt şəkildə cavab verib və prezident seçiləcəyi təqdirdə valiyi vəzifədən atacağını deyib.
İsmayıl