Tramp erməniləri həmişə məyus edəcək

“ABŞ müttəfiqi Türkiyə ilə indiki həlledici məqamda münasibətləri korlaya, düşmən ola bilməz”


ABŞ Prezidenti Donald Tramp aprelin 24-də verdiyi bəyanatda "erməni soyqırımı” ifadəsini işlətməyib.

Tramp sələfi Barak Obama kimi 1915-ci il hadisələrini sadəcə olaraq "böyük fəlakət” adlandırıb. Məlumat üçün deyək ki, ABŞ Nümayəndələr Palatasının 83 üzvü Trampa məktub ünvanlayaraq 1915-ci il hadisələrini "erməni soyqırımı” kimi tanımasını istəmişdi. Məktubda ABŞ Prezidenti Ronald Reyqanın 1981-ci ildə "soyqırım” ifadəsini işlətdiyi xatırladılıb. 

Ancaq məktubu imzalayanlar arasında Respublikaçılar Partiyasından olanların sayı 10-dan az olub. Bu dəfə isə erməni lobbisinin bütün səylərinə baxmayaraq, Tramp sələfi Obama kimi erməniləri məyus edib və onların arzuladığı kəlməni söyləməyib. Müsəlmanlara qarşı neqativ münasibət sərgiləyən Ağ Ev rəhbərinin erməni təzyiqlərinə təslim olaraq, "soyqırım” sözünü işlədib-işlətməyəcəyini isə zaman göstərəcək. Əksər ekspertlərə görə, Donald Tramp uzun müddət ermənilərin arzusunu gözlərində qoyacaq. 

Bu barədə "Şərq”ə danışan politoloq Azər Rəşidoğlu da hesab edir ki, Tramp heç bir halda "erməni soyqırımı” sözünü işlətməyəcək: 

"ABŞ erməni lobbisinin tələbinə görə, müttəfiqi Türkiyə ilə indiki həlledici məqamda münasibətləri korlaya, düşmən ola bilməz. Çünki "erməni soyqırımı” ifadəsi həm ikitərəfli münasibətlərin kəskin pozulmasına, həm də rəsmi Ankaranın Moskva ilə yaxınlaşmasına gətirib çıxara bilər. Bu baxımdan, Tramp da əvvəlki prezidentlər kimi ümumi ifadələr işlətməyə davam edəcək”.

İsmayıl