Rasim Musabəyov: "Türkiyə konkret olaraq milli təhlükəsizliyi ilə bağlı problemləri həll edir"
Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu (ASO) ilə birlikdə Afrində keçirdiyi "Zeytun budağı” adlı antiterror əməliyyatın beşinci günüdür. Məlumata görə, Türk Silahlı Qüvvələri, bu günə qədər 260 terrorçunu zərərsizləşdirib. Əməliyyat nəticəsində həmçinin terror təşkilatlarının əlindən alınan yerlərin sayı artıb. Ümumilikdə, həmin bölgədə 16 mövqenin ələ keçirildiyi vurğulanıb.
Əməliyyat müddəti ərzində 7,5 km ərazi, 69 kənd terrorçu PKK qruplaşmasının YPG və PYD adlı dəstələrindən təmizlənib. Əməliyyatlarda Türkiyə ordusunun 6 400 hərbçisi iştirak edir. ASO komandanlığı isə 25 min üzvünün əməliyyata qatıldığını bildirib. Britaniya, Almaniya, Fransa, Rusiya kimi dünyanın aparıcı dövlətləri və NATO rəsmi Ankaranın Afrində keçirdiyi antiterror əməliyyatlarını qanuni adlandırıb. Ancaq bəziləri də Türkiyənin Suriyanın ərazisinə müdaxilə etdiyini iddia ediblər. ABŞ rəsmiləri isə bir-birinə zidd açıqlamalar verib.
Türkiyənin həyata keçirdiyi antiterror əməliyyatları ilə bağlı "Sherg.az”a danışan millət vəkili, politoloq Rasim Musabəyov vurğulayıb ki, qardaş ölkənin bu əməliyyatları yaranmış təhlükənin aradan qaldırılmasına xidmət edir:
"Bilirik ki, terror qruplarına - PYD və YPG dəstələrinə ABŞ tərəfindən silahlar verilirdi. Təbii olaraq, Türkiyə bu təhlükəni öz sərhədlərindən uzaqlaşdırmağı qərara alacaqdı. Qardaş ölkənin təmizləmə əməliyyatları məqsədəuyğundur”.
Bu əməliyyatların Türkiyənin regiondakı nüfuzuna göstərdiyi təsirə gəlincə, parlamentari qeyd edib ki, burada nüfuz müharibəsi aparılmır:
"Türkiyə konkret olaraq milli təhlükəsizliyi ilə bağlı problemləri həll edir. Nüfuz mübarizəsi gedən vəziyyətdə bu əməliyyatlara əl atılması tamam fərqli yanaşma olardı. Lakin indi situasiya tamam başqadır. Rusiya öz qoşunlarını Suriyadan çıxararaq, geri addım atdı. Rəsmi Moskva Türkiyənin burada konkret məqsədləri olduğunu qəbul etdi. Hərbi yardımlar etməsinə, terrorçulara vədlərinə baxmayaraq, ABŞ da geri addım atmağa məcbur oldu. Düşünürəm ki, Donald Tramp da Türkiyənin mövqeyinə qarşı çıxmayacaq".
ABŞ-ın Suriya ərazisində həyata keçirəcək yeni planlarından söz açan parlament üzvü bəyan edib ki, bundan sonra da adıçəkilən ölkə ərazisində ABŞ-ın hansısa yeni təxribatlara əl atmasını, müəyyən qüvvələrə dəstək verməsini görəcəyik:
"Türkiyə son əməliyyatlarla heç də bütün problemi kökündən həll etməyib. Konkret öz sərhədlərinə qədər olan təxminən 30 km bölgədə təhlükəsizlik zolağı yaratmağa çalışır. Türkiyə buna tam olaraq nail olmayıb. Düşünürəm ki, qardaş ölkə həmin istiqamətdəki səylərini davam etdirəcək".
Aysel Aslan