Trampı kreslodan sala bilərlər

Bu gün ABŞ-ın Suriya və Koreya ilə müharibənin astanasında olması da ictimaiyyətin diqqətini impiçment məsələsindən yayındırmağa hesablanıb


ABŞ Prezidneti Donald Trampın 2016-cı il prezident seçkiləri öncəsi Rusiya ilə əlaqələri ABŞ Konqresi tərəfindən araşdırılmaqda davam edir. Böyük Britaniyanın "The Guardian” qəzetinin yazarı Culian Borger isə bu ilin əvvəllərində Böyük Britaniyanın xarici kəşfiyyatının (Mİ-6) keçmiş əməkdaşı Kristofer Stilin Tramp-Rusiya bağlantıları barədə məruzə-hesabatında sadalanan faktların tədricən öz təsdiqini tapdığını qeyd edib.

Müəllif britaniyalı kəşfiyyatçının bu yaxınlarda Rusiyanın 2016-cı il seçkilərinə müdaxilə etməsini araşdıran xüsusi prokurorun (Rober Müller) müstəntiqləri tərəfindən dindirildiyini yazır.

Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri də hesab edir ki, Trampın prezident seçilməsində Rusiyanın hiss olunacaq dərəcədə təsirinin olması artıq konkret faktlarla sübut olunur: 

"Trampın yaxın ətrafı, hətta kürəkəninin belə ruslarla yaxın təması var. Bu əlaqələr fonunda seçkilərdə Trampın opponenti olan Hillari Klintona qarşı şantaj xarakterli məlumatların əldə edilməsi haqqında informasiyalar da var. Hansı ki artıq bu xəbərlərin heç biri təkzib olunmur.

Onu da bilirsiniz ki, Rusiyanın ABŞ-da keçirilən seçkilərə müdaxilə etməsini araşdıran xüsusi prokuror da təyin edilib və baş verən proseslər təkzibolunmaz səviyyədə Amerika ictimaiyyətinə, siyasətçilərinə bəllidir. Sadəcə olaraq bu prosesdən müxtəlif səviyyədə istifadə olunur. Bu istiqamətdə gedən araşdırmalar Trampın əl-qolunu açmasına imkan vermir, ona qarşı basqı xarakteri daşıyır. Trampın seçki öncəsi verdiyi vədlərə əməl etməsinə də əngəl olur. Məhz bu səbəbdən də ABŞ Prezidentinin hazırda Konqresin hazırladığı və qəbul etdiyi qərarları sadəcə notarial qaydada təsdiq etməkdən başqa bir səlahiyyəti yoxdur”.

Politoloqun sözlərinə görə, Rusiyanın yardımı ilə seçilən prezidentin vasitəsilə ABŞ-ın siyasətini Rusiyadan asılı vəziyyətə salmaq istəyirdilər, amma əks təsir göstərdi. Sübut olundu ki, Amerika Birləşmiş Ştatlarında idarəçilik prezidentlərə məxsus deyil, vahid sistem tərəfindən idarə olunur.
Ona görə də Trampın qələbəsində əhəmiyyətli rol oynayan Rusiya Amerika siyasətini nəzərə almadığı üçün özü yaratdığı prosesin girovuna çevrilib.

Rusiyanın seçkilərə müdaxilə faktı öz əksini tapdıqca, Moskvaya qarşı sanksiyalar daha da artır, iki dövlət arasındakı münasibətlər daha da gərginləşir.

N.Miri deyib ki, Rusiyanın seçkilərə müdaxiləsi hər kəsə bəlli olsa da, araşdırmalar uzun müddət davam edəcək: 

"Əgər bu fakt rəsmi qaydada təsdiqlənərsə, o zaman Konqresdə Donald Trampın impiçment qaydasında vəzifədən kənarlaşdırılması məsələsi gündəmə gələcək. Sizə onu da deyim ki, bu gün ABŞ-ın Suriya və Koreya ilə müharibənin astanasında olması da məhz ictimaiyyətin diqqətini impiçment məsələsindən yayındırmağa hesablanıb. Araşdırmalar Tramp əleyhinə yönələcəyi halda sözügedən ölkələrlə qısamüddətli savaş ehtimalı daha da böyüyəcək”.

Şəymən