“Trend” 20 ildir yol gəlir

İndi agentliyin əməkdaşları dünyada da tanınır



Ölkənin aparıcı informasiya agentliklərindən biri olan "Trend” ötən gün 20 yaşını qeyd edib. 20 il zaman kəsimi xəbər istehsalı ilə məşğul olan bir qurum üçün dərc etdiyi hər məlumata etibarlılığın yaranması və böyük bir statusun, meyarın formalaşması baxımından kifayət qədər uzun müddətdir. "Trend” özünəməxsus yol qət edərək 20 ildə sözün həqiqi mənasında etibarlı və ciddi xəbər brendinə çevrilib.

1995-ci il sentyabrın 1-də Azərbaycanın media sferasına ilk qədəmini basan "Trend” özünəməxsus dəsti-xətt, üslub, informasiya siyasəti yürüdərək, qısa müddət ərzində böyük oxucu auditoriyası qazana bilib. Xeyli insan ölkəmizdə və onun sərhədlərindən kənarda baş verən ictimai, siyasi, sosial hadisələr barəsində doğru, dəqiq və operativ informasiya almaq üçün məhz

"Trend”i xəbər ünvanı seçiblər. Operativ informasiyaları, bədii-publisistik, analitik yazıları ilə mətbuatda məxsusi yeri və rolu olan, öncüllər sırasındakı mövqeyini bu gün də qoruyub saxlayan peşəkar "Trend” kollektivi gələcəyə böyük inamla addımlayır...

Agentliyin bazası əsasında "Trend” Ekspert Şurası fəaliyyət göstərir. Şuranın tərkibinə region və Qərb ölkələrinin 40-a yaxın tanınmış müstəqil eksperti daxildir. 2010-cu ildə "Trend” Asiya və Sakit okean ölkələri İnformasiya Agentlikləri Təşkilatına üzv qəbul edilib. Agentlik 2006-2007-ci illərdə Azərbaycanda "KİV sahəsində ən yaxşı şirkət” seçilib. "Trend” "İlin eksklüziv informasiya agentliyi” nominasiyasında "Brand Award Azerbaijan-2008” milli mükafatına layiq görülüb.

"Trend”in tərkibində Azərbaycan, ingilis, rus, fars və ərəb dillərində xəbər xidmətləri fəaliyyət göstərir. Xidmətlər ölkələrin və regionların xəbərlərini uyğun dil auditoriyasının bu hadisələrə ən böyük diqqəti kontekstində istehsal edir.

Agentliyin tərəfdaşları sırasında "Deutsche Press” Agentur (Almaniya), Xinhua (Çin), Cihan (Türkiyə), İRNA dövlət agentliyi (İran), RİA Novosti (Rusiya), "RosBusinessConsulting” (Rusiya) və digərləri var. "Trend”in xəbər və analitik məhsullarının abunəçiləri arasında müxtəlif ölkələrin dövlət və hökumət qurumları, dünyanın böyük kommersiya və maliyyə şirkətləri, aparıcı KİV və analitik mərkəzlər, səfirliklər, banklar və sığorta şirkətləri fəaliyyət göstərir.

5 dildə informasiya yayan "Trend” Qafqazın, o cümlədən Mərkəzi Asiya və Avropa ölkələrinin region haqda məlumat aldığı əsas xəbər istehsalçısıdır. Onun mətbəxində 100-dən çox peşəkar çalışır. Gürcüstan, İran, Qazaxıstan, Türkmənistan, Özbəkistanda və bir sıra Avropa ölkələrində daimi müxbir məntəqələri olan agentlik hər gün təxminən 500-dən çox məqalə-xəbər dərc edir. Ona görə də agentliyin fəaliyyəti onlarla beynəlxalq təşkilat və qurum tərəfindən qiymətləndirilib. 20 ildir Azərbaycan ictimaiyyətini informasiya ilə təmin edən agentlik bu gün xaricdə ən çox oxunan və tanınan yerli agentlikdir.

Qurumun fəaliyyəti haqqında danışan baş direktorun müavini Seymur Əliyev bildirib ki, "Trend”də bu dəqiqlik və etibarlılıq illərin zəhməti hesabına qazanılıb: "Trend”i həm Azərbaycanda, həm də dünyada çox yaxşı tanıyırlar. Çünki "Trend”də hazırlanan bütün məlumatların etibarlılığı dəqiqliklə yoxlanılır, daha sonra sayta yerləşdirilir. Qeyri-dəqiq məlumatlar bizim sayta qoyulmur. Neçə illərdir ki, biz bu yolla cəmiyyət arasında güvən və inam qazanmışıq. Ölkədə informasiya agentliklərinin xəbər portallarının durmadan artdığı bir vaxtda "Trend” xəbər birinciliyini saxlayır”.

Agentliyin baş redaktorunun müavini Emil Hüseynli də "Trend”in uzunömürlü fəaliyyətindən danışıb: "Ümumiyyətlə, 1995-ci ildən sonra Azərbaycan dövlətinin prioritet fəaliyyətlərindən biri də ölkəni informasiya blokadasından çıxarıb, daha çox dünya media bazarına inteqrasiya etmək idi. "Trend” İnformasiya Agentliyi də Azərbaycanı, regionda baş verən prosesləri dünya media bazarında tanıtmaq üçün fəaliyyətə başladı və bu istiqamətdə ardıcıl, düşünülmüş siyasət həyata keçirdi. Ötən 20 il ərzində "Trend”in gördüyü işləri və nəyə nail olduğu barədə geniş danışmaq istəmirəm. Bircə onu qeyd edə bilərəm ki, biz Azərbaycan dövlətinin mediaya, söz və məlumat azadlığına yaratdığı şəraitdən istifadə edərək, xarici və daxili bazarda möhkəmləndik, dünyada, regionda söz sahibinə çevrildik. "Trend” İnformasiya Agentliyində çalışan jurnalistlərin səviyyəsi elə vəziyyətə çatıb ki, dünya mediası bu jurnalistləri qəbul edir, tanıyır.

Əvvəllər dünya mediasında "Trend”in xəbərləri yayılırdısa, indi agentliyimizin jurnalistlərinin məqalələri dərc edilir”.

E.Hüseynlinin sözlərinə görə, "Trend” Azərbaycanla bağlı həqiqətləri dünyanın ən nüfuzlu media orqanlarının oxucularına çatdırır: "Trend”in məlumatları dünyanın nüfuzlu şirkətləri tərəfindən pulla alınır. Dünyada media biznesi belə işləyir və bu cür biznes şəbəkəsinə düşməsən, dünyanın nüfuzluları səni görmür. Biz özümüz bilirik ki, bunun üçün neçə illər əmək sərf etdik, jurnalistləri müəyyən səviyyəyə qaldırmaq üçün nə qədər maliyyə yatırtdıq ki, "Trend”i o mühit qəbul etsin. Artıq biz istədiyimiz yerdəyik. Azərbaycan həqiqətlərini orada görürlər”.

Direktor müavini bildirib ki, "Trend” hələ 2006-cı ildə bütün nişanlarını qeydiyyatdan keçirib. Biz hələ 2007-ci ildə məşhur "Moody’s İnternational” şirkətinə müraciət etdik ki, bizim ofisdə səviyyəli menecerlər işi qursunlar. Bir ildə ofisin işini tamamilə dəyişdik. Bundan sonra 2008-ci ildə "Moody’s İnternational” "Trend”ə keyfiyyət sertifikatı təqdim etdi. Şirkət o vaxtdan "Trend”in menecment sisteminin İSO 9001-2000 tələblərinə cavab verdiyini tanıyıb. Bu da o demək idi ki, agentlikdə işin təşkili beynəlxalq standartlara uyğunlaşdırıldı. Bu, bizdə daha çox məsuliyyət yaradıb ki, işimizdə peşəkar olaq. Lakin hələ də görüləsi işlərimiz çoxdur”.

E.Hüseynli nəhəng agentliyin 20 illik yubileyinin o qədər də parlaq, təmtəraqlı sürətdə keçirilməməsinə, portalların bu haqda o qədər də çox yazmamasına bu cür aydınlıq gətirib: "Bizim üçün önəmlisi oxucunun, tərəfdaşlarımızın verdiyi qiymətdir. İşimizin başındayıq. İstəsəydik, "Trend”in 20 illiyi bütün portallarda və sosial şəbəkələrdə müzakirə edilərdi. Biz öz yaşımızı ictimailəşdirmirik və kollektiv daxilində uğurlarımızı qeyd edirik. Hərənin seçdiyi bir yol var, "Trend” də bu yolu seçib”.

Baş redaktorun müavini gələcək planlar haqqında danışarkən "Trend” İnformasiya Agentliyində yeni layihələrin olacağını da vurğulayıb: "Sözsüz ki, inkişaf olan yerdə yeni layihələr həyata keçirilməlidir. Əsas istəyimiz oxucu məhəbbətini qazanmaq, Azərbaycanda, regionda baş verən proseslərin yayımçısında birincilər sırasında olmağımızı qoruyub saxlamaqdır. Dünyanın media elitasında yerimizi möhkəmləndirməkdir”.

"Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev də deyib ki, agentlik öz işini beynəlxalq normalara uyğun qurub: "İnformasiya agentliyi beş dildə fəaliyyət göstərir. "Trend” öz oxucularını Azərbaycan, ingilis, rus, fars və ərəb dillərində məlumatlandırır. Əsas məqsədimiz xəbərləri operativ, qərəzsiz formada oxucularımıza çatdırmaqdır. Habelə peşəkar yazarlarla kadr potensialını daha da təkmilləşdirmək, Azərbaycan həqiqətlərini dünyaya ətraflı çatdırmaqdan ibarətdir. Ölkəmiz haqqında bütün məlumatları beynəlxalq aləmə olduğu kimi çatdırmaq hədəflərimiz sırasındadır”.

A.Nağıyev bildirib ki, kadr potensialının daim təkmilləşməsi istiqamətində fəaliyyətini genişləndirən peşəkar kollektiv analitik yazılara üstünlük verir: "20 il əvvəl yaradılmış "Trend” Cənubi Qafqazda və Xəzər regionunda, eləcə də Mərkəzi Asiyada aparıcı xəbər tədarükçüsüdür. Agentliyin bazası əsasında "Trend” Ekspert Şurası yaradılıb. Şuranın tərkibində region və Qərb ölkələrinin onlarla tanınmış, müstəqil eksperti fəaliyyət göstərir”.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb