Turistlərin Azərbaycana böyük axını var

Mədəniyyət və Turizm Nazirliyinin borcudur ki, hostel açmaq niyyəti olan insanlara heç bir maneə yaratmasın




Qanunvericiliyə müvafiq dəyişiklik edildikdən sonra sahibkarların hostel açmağa marağı artıb. Bunu Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib. Hostellərin sayının getdikcə artdığını deyən Bağırov əlavə edib ki, Azərbaycanda dünya standartlarına cavab verən hostellər fəaliyyət göstərir:

"Lakin onlar Mədəniyyət və Turizm Nazirliyində qeydiyyatdan keçmədiyi üçün hostellərin sayını açıqlaya bilmirik. Hostellər daha çox Bakıda, xüsusilə şəhərin mərkəzində açılır”. Məlumat üçün deyək ki, Mənzil Məcəlləsinə edilən dəyişikliyə əsasən, yaşayış evləri mülkiyyətçi tərəfindən "yerləşmə vasitəsi” kimi istifadə oluna bilər. Bunun üçün mülkiyyətçidən heç bir prosedur qaydası tələb olunmayacaq. Bu dəyişiklik vətəndaşlara öz yaşayış evlərindən daha asan şəkildə mehmanxana və ya hostel kimi istifadə etməyə şərait yaradıb.

Mövzu ilə bağlı "Şərq”ə açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, təqribən son 15 ildə dünyada hostellərə maraq artıb. Ekspertin sözlərinə görə, 2000-ci illərdən üzü bu yana kiçik otellərə tələbat yaranıb: 

"Bu gün dünyanın bir çox ölkəsində geniş şəkildə yayılmış hostellər sistemi mövcuddur. Həmin hostellərin bir gecəsi çox ucuz, yəni 5-15 dollar arası olur. İndiki dövrdə bahalı otellərdə qalmağa meyl edən turistlərin sayı azdır. Çünki əksər turist yeyib-içib yatmağa deyil, gəzməyə üstünlük verir. Son illər Azərbaycanda ancaq bahalı otellər şəbəkəsi inkişaf etdirilib. 

Nəticədə iki və üçulduzlu otellərin, hostellər şəbəkəsinin formalaşması mümkün olmayıb. Ancaq indi buna tələbat artıb. Son bir ildə Azərbaycana gələn turist sayında, doğrudan da, çox ciddi artım müşahidə olunur. Qanun dəyişikliyindən sonra xeyli hostellər açılıb. Hətta, son dövrlə "homeotel” konsepsiyası da ortaya çıxıb. Bu zaman evin özü otelə çevrilir”.

N.Cəfərli bildirib ki, rəsmi qurumların, o cümlədən Mədəniyyət və Turizm Nazirliyinin borcudur ki, daha çevik hərəkət etsin və hostel açmaq niyyəti olan insanlara heç bir maneə yaratmasın:

"Hətta bəzi sahibkarlara maddi yardım və məsləhət xidməti göstərilməlidir. Azərbaycanda bu sektorda təcrübəsi olan yoxdur. Nazirlik bu sahədə çoxlu turist cəlb etməyin, daha çox pul qazanmanın və yüksək xidmət göstərməyin yollarını öyrətmək üçün pulsuz treninqlər keçirməlidir. Çünki artıq nazirliyin yeni turist profilinə uyğunlaşmasının zamanıdır. Xırda biznes çevrələrinin önü açılmalıdır”.

İsmayıl