Etimad Əsədov: “Bəzi türkiyəlilərdə bu nə “erməni heyranlığıdı”, bilmirəm”Fazil Mustafa: “Buraxın Türkiyədə “Türk olmaqdan mutlu olanlar”ın özləri bu erməni mutluların səsini batırsın!”
Məlum "darbə” olayında hər bir azərbaycanlının ürəyi Türkiyə ilə bir döyündüyü, ay-ulduzlu türk bayrağının zirvələrdən enməməsi üçün qardaş ölkə ilə "tək ürək” olduğu bir vaxtda Azərbaycan ictimaiyyəti üzüntü ilə qarşılaşır. Təəssüf ki, Türkiyə telekanallarında xalqı birliyə, bərabərliyə, millət, dövlət naminə dirənişə səsləyən təbliğat videoçarxlarında türk, kürd, laz, çərkəz, gürcülərlə yanaşı, ermənilərin də adı keçir. Məşhur "Nə mutlu türküm deyənə”, şüarı başqa xalqların, o cümlədən ermənilərin adı ilə də səsləndirilir.
Görünür, şüara ermənilərin adını daxil edənlər bununla Türkiyə ərazisində yaşayan bütün millətlərin eyni mövqedə olduğunu, Türkiyə dövlətini dəstəklədiklərini bəyan etməyə çalışırlar. Azərbaycan ictimaiyyətinin də, tamamilə haqlı olaraq qəbul etmədiyi həqiqətsə budur ki, dövlətin vətəndaşı olduqları halda, bu ölkə sərhədləri daxilində yaşadıqları halda torpaq davası çəkən, qondarma soyqırımı qəbul etdirmək istəyən bir millətin nümayəndələrini necə "mutlu” hesab etmək mümkündü?! Bu nədir; erməni riyakarlığı, erməni hiyləsi, yoxsa Türkiyədəki bəzilərinin ermənini özlərinə yamaq etmək cəhdi?! Həm də sənin başına da, qardaşının başına da tarixən min-bir müsibətlər açan, həqiqi soyqırımlar törədən, torpağını işğal edən və hələ də bizimlə - hər ikimizlə torpaq davası aparan bir millətin etdiklərini bu qədər də görməzdən gəlmək olarmı? Hayıf ki, Türkiyədə "erməni məsələsi” zaman-zaman gündəmə gəlir. Türkiyə cəmiyyətində erməniyə bənzəmək, erməni kimi olmaq və daha da betəri erməni olmaq istəyən bir toplum formalaşıb. Bu toplumun öz hərəkətlərində, qışqırdıqları şüarlarda nə dərəcədə səmimi olduğunu özləri daha yaxşı bilir. Hər halda dünyada yəqin elə bir insan tapılmaz ki, milli kimliyindən imtina edib başqa bir milli kimlik arzulasın. Söhbət doğru-düzgün insanlardan gedir, təbii. İndi Türkiyə cəmiyyətindəki bəzilərinin də həqiqətən, sidqi-ürəklə "həpimiz erməniyiz” deyənlərinin olmasına inanmaq çətindir. Anlaşılandı, bir sıra hallarda bu şüarlar həmrəylik nümayişi xatirinə edilir. Çoxu da aktyor, aktrisa idi onların. Olsun. Artistlik zatən onların peşəsi. Amma, canım qardaşım, hər şeyin bir yolu-yorğası var axı. Sən, ağına-bozuna baxmadan, hər yerdə, hər zaman "həpimiz erməniyiz”, "nə mutlu erməniyim deyənə” söyləyə bilməzsən. Söyləməməlisən. Çünki uzaq və yaxın tarix erməninin səninlə dost olduğu vaxtları xatırlamır axı, deyəsən... Bəlkə Türkiyədəki kimlərsə belə bir "tarixə” bələddir. Desinlər, biz də bilək. Bizim bildiyimiz, erməninin dünya var olandan türkün kürəyinə bıçaq saplamasıdır. Bəlkə Anadolu türkünün yarası sağalıb artıq. Amma o bıçaq hələ də bizim kürəyimizdədi - Qarabağımızdadı. Kürəyindən günün bu günü də qan daman qardaşın var ikən "nə mutlu erməniyim deyənə” nasıl söyləyə bilirsin, ay qardaş?! Dədəm Qorqud demiş; əski pambıq bez olmaz, qarı düşmən dost olmaz!. Unudursunuz, deyəsən, ağsaqqal sözünü. Altını da çəkirsiniz, sonra. Elə bizim kimi.
Qısası, son günlər Türkiyədə "mutlu olanların” sırasına ermənilər də "qoşulub”. Və bu da tamamilə təbii halda, Azərbaycan türklərini qıcıqlandırır və əsəblərini gərir.
Qarabağ Qaziləri İctimai Birliyinin sədri Etimad Əsədov yaşanan bu olaydan təəssüf hissi keçirdiyini bildirdi:
- Türkiyənin getdikcə daha da güclənməsi, qüdrətlənməsi hər bir Azərbaycan türkünün arzusudur. Çünki qardaşın güclüdürsə, sən də güclüsən. Hazırda Yaxın Şərqdə, müsəlman dünyasında Türkiyə sözünü deyə bilən və qəbul olunan bir dövlətdir. Türkiyə həmçinin Avropa dövlətlərinin açıq-aşkar xristian təəssübkeşliyi qarşısına çıxacaq real gücdür. Məlum məsələdir ki, Türkiyənin güclənməsi, söz sahibi olmasından əndişə duyanlar var və zaman-zaman öz məkrli niyyətlərini həyata keçirməyə çalışırlar. Ermənilər də üzə gülüb, arxadan bıçaqlayandırlar. Hrant Dink olayında Türkiyənin bəzi "aydınları” küçələrə çıxdı, "həpimiz erməniyik” dedilər. Yaxşı, Dinkin qətli bir ziyalıya edilmiş qəsd idi. 15 iyul hadisələri isə bir dövlətə qarşı çevriliş cəhdi idi. Amma mən bir erməninin küçəyə çıxıb Türkiyəyə sevgisini, Türkiyə dövlətinə sədaqətini bildirmədi, dövlət çevrilişinə cəhdə etiraz etdiyini görmədim. Belə olduğu halda türkiyəlilərin "nə mutlu erməniyim deyənə” söyləməsi heç cür anlaşılan deyil. Bəzi türkiyəlilərdə bu nə "erməni heyranlığıdı”, bilmirəm. Bunu edən, şübhəsiz ki, ermənipərəst qüvvələrdir. Ermənilər türkü həmişə özlərinə düşmən biliblər. Bizə düşmən kəsiliblər. Tarixən belə olub. "ASALA” terror təşkilatı nə qədər türk diplomatını qətlə yetirib. Anadoluda türk qırğınları törədiblər. Ərazi iddilarından, soyqırım iddialarından əl çəkmirlər. Qarabağda, Xocalıda etdikləri də məlumdur. Biz onlara dost dedikcə, onlar bizə düşmən deyir. Ermənidən bizə mutluluq gəlməz. Türkiyəlilər nəhayət ki, bunu başa düşüb qəbul etsinlər.
Qeyd edək ki, millət vəkili Fazil Mustafa da şəxsi feysbuk səhifəsində bununla bağlı paylaşım edib.
"Türk telekanallarında yer alan "Nə mutlu erməniyəm!” sloqanı heç şübhəsiz ki, Atatürkün "Nə mutlu Türküm deyənə!” məşhur kəlamına inad olaraq bildirilmişdir. Bu şüar Ermənistanda səsləndirilmiş və televiziyalarda yayılmış olsaydı, kimsəni təəccübləndirməzdi. Ancaq Türkiyənin hakimiyyətə yaxın kanalında reklam olunması haqlı olaraq Azərbaycan insanında xeyli üzüntü yaratmışdır. Məncə buna etiraz əvəzinə, qarşılıq şüar ürətmək lazımdır. Məsələn, "Erməni olmaq Xocalıda körpə üşaqları, hamilə qadınları qətlə yetirməkdir. Erməni olmaq başqa dövlətin ərazisini işğal etməkdir. Erməni olmaq, işğal etdiyi ərazilərdə məscidləri, mədəniyyət abidələrini dağıtmaqdır, etnik təmizləmə aparmaqdır. O halda soruruq ki, qatil olmaqdan, işğalçı olmaqdan, vandal olmaqdan mutlusunuzmu?” Bizim kanallar da bunu yayımlasın. Bir də buraxın Türkiyədə "Türk olmaqdan mutlu olanlar”ın özləri bu erməni mutluların səsini batırsın! Görək axı, bu ölkədə türk olmaqdan mutlu olanlar hansı dəlmə-deşikdə gizləniblər! Eyni ifadəni bir türk gedib İrəvanda hayqıra bilsə, bəlkə o zaman erməniyə bu mutluluq şansını vermək olardı”.
Məlahət Rzayeva