Türkiyə bacardı

“İdlibdə söz sahibi olmaq terrorçuların yolunun birdəfəlik bağlanması deməkdir”



Türkiyənin ordu birləşmələri əv ağır texnikaları Suriyanın şimal-qərbində yerləşən İdlib əyalətinə daxil olub. Türkiyə Silahlı Qüvvələrinin yaydığı məlumata görə, türk hərbçilərinin vəzifəsi Astana razılaşması çərçivəsində İdlibdə atəşkəsin təsis və müşahidəsini aparmaq, humanitar yardımların çatdırılması və qaçqınların geri dönməsi üçün lazımi şəraiti təmin etməkdir.

Xarici medianın məlumatına görə, İdlibdə Türkiyənin 30-a yaxın hərbi texnikası, həmçinin 120-dən çox xüsusi təyinatlı hərbçisi dislokasiya olunub. Baş Qərargahın kəşfiyyat idarəsinin keçmiş rəisi, istefada olan general-polkovnik İsmail Hakkı deyib ki, İdlib əməliyyatı ilə Türkiyə bir neçə təhlükəni aradan qaldıracaq və Suriyada söz sahibi olacaq. General bildirib ki, türk ordusu əməliyyat üçün kifayət qədər hazırlıq görüb və 14 yerdə nəzarət nöqtələri yaradıb: 

"Türk ordusu orada birbaşa döyüşə girməyəcək. Sadəcə, İdlib vilayətini terrorçulardan təmizləyən qüvvələrə dəstək verəcək. Ehtiyac yaranması halında isə birbaşa döyüşlərə girəcək”. Hakkı vurğulayıb ki, İdlib çox qarışıq yerdir. Suriyanın digər bölgələri terrorçulardan təmizləndikcə hamı oraya üz tutdu: "İndi orada 12 müxtəlif terror təşkilatının varlığından söhbət gedir. Türkiyənin terrorçulara qarşı mübarizədə dəqiq taktikalar izləməsi zəruridir.

 Digər tərəfdən, döyüşlərin başlaması halında o bölgədən 2 milyon insanın qaçqın kimi Türkiyəyə gəlməsi təhlükəsi də var. Lakin istənilən halda İdlib əməliyyatı Türkiyənin maraqları baxımından çox önəmlidir”. Xatırladaq ki, Suriya hökuməti Türkiyədən qoşunlarını İdlib vilayətindən çıxarmağı tələb edib və əməliyyatı "işğal” adlandırıb. Türkiyə isə əksinə, Suriyaya əlavə zirehli texnika və əsgəri qüvvə göndərib. Türkiyənin əsas hədəfi PYD-nin yerləşdiyi Afrindir. İdlib əməliyyatı ilə Afrin tamamilə mühasirəyə alınacaq. Daha sonra isə Türkiyə sərhədindəki YPG təhdidi tamamilə aradan qaldırılacaq.

Prosesləri "Şərq”ə dəyərləndirən politoloq Natiq Miri deyib ki, İdlib həm Türkiyə, həm də Suriya üçün strateji bir məkandır. 

Onun sözlərinə görə, İdlibdə söz sahibi olmaq terrorçuların yolunun birdəfəlik bağlanması deməkdir: 

"Türkiyənin Suriyadakı əməliyyatları ABŞ və İsrail layihəsinin üstündən xətt çəkir. Bilirsiz ki, İraqdan başlayan terrorçu dəhlizi Suriyanın şimalından keçməklə Aralıq dənizinə uzanır. Bu koridor İraq və Suriya neft-qazını qaçaq yolla dənizə, oradan da Avropa ölkələrinə çatdırır. Qərbin məqsədi dəhliz boyu hökmranlıq edən kürd silahlılarını birləşdirərək böyük kürd "dövləti” yaratmaqdır. Bununla regiondakı bütün proseslərin idarəsi ABŞ və İsrailin əlinə keçəcək”. 

Analitik bildirib ki, əslində "Kürdüstan” ideyasının ortaya atılması bölgədə ikinci "İsrailin” yaradılmasına xidmət edir: 

"Təl-Əviv kukla kürd "dövləti” vasitəsi ilə regionda öz niyyətlərini həyata keçirməyə çalışır. Əgər İsrailin bayrağına diqqət yetirsəniz, üstdə və altda iki xətt görəcəksiniz. O xəttin biri Nil çayını, digəri isə Fərat çayını ifadə edir. Bu isə "Böyük İsrail” xülyası deməkdir. Onlar Türkiyənin Yaxın Şərqə çıxışına mane olmaq istəyirdilər. Ancaq Türkiyə İdlibə qoşun yeritməklə "Böyük İsrail” layihəsinin məhv etdi. Ona görə də Ankaraya ciddi təzyiqlər var. Rusiya, Türkiyə və İran birgə fəaliyyət göstərərsə, Suriya ərazisində terrora birdəfəlik son qoymaq mümkün olar”.

İsmayıl