Türkiyə gülənçilərdən təmizlənir

Həbslərin, işdən çıxarılanların sayı hər gün artır
Fərhad Mehdiyev: “Ərdoğan işdən çıxarılan insanları öz yaxınları ilə əvəzləyəcək”


Türkiyədə iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdindən sonra dövlət qurumlarında başlanılmış təmizləmə əməliyyatının miqyası getdikcə böyüyür. Dünəndən etibarən ölkənin Xarici İşlər Nazirliyində təmizləmə işləri başlayıb. "Hürriyət”in yaydığı məlumatlara görə, nazirlikdə aparılan araşdırmaların nəticəsində ilk olaraq səfir rütbəsinə malik 4 diplomat XİN sistemindən qovulub. Onların arasında Türkiyənin Kanadadakı sabiq səfiri Tuncay Babalı və keçmiş prezident Abdulla Gül ilə sabiq baş nazir Əhməd Davudoğlunun müşaviri olmuş Gürcan Balık da var.

Məlumata görə, Balık Davudoğlu xarici işlər naziri olarkən onu ABŞ-da Fətullah Gülənlə görüşdürüb. Səfirlərlə birlikdə 2-ci katib rütbəsində və daha aşağı səviyyəli onlarla diplomatın da sistemdən xaric edildiyi bildirilib.

Keçmiş İstanbul valisi də həbs olunub

Həmçinin dünən səhər saatlarında İstanbul polisi "FETÖ”ylə əlaqəli vali və bələdiyyə sədrlərinə qarşı əməliyyata başlayıb. Əməliyyat çərçivəsində bundan öncə vəzifəsindən uzaqlaşdırılan İstanbul valisi Hüseyin Avni Mutlu saxlanılıb. Onun Üsküdarda yerləşən evində axtarış aparılıb. Bundan əlavə, əməliyyat çərçivəsində fətullahçılarla əlaqəli olduğu iddia edilən bəzi bələdiyyə sədrləri haqqında da saxlanma qərarı verilib.

Türkiyədə tanınmış jurnalist həbs olunub

FETÖ-çü olduğu iddia edilən xanım jurnalist Nazlı İlicak da Bodrumda saxlanılıb. Polis tərəfindən saxlanılan xanım jurnalist Bodrum Polis İdarəsinə gətirilib. Onun İstanbula ekstradisiya olunacağı bildirilib.

Qeyd edək ki, Nazlı İlicak 1999-cu ildə Fəzilət Partiyasından İstanbul millət vəkili seçilib. Beləliklə, Türkiyədə 42 jurnalistin həbsinə qərar verilib. Bütün bunlarla yanaşı, "Türk Telekom”da 3 rəhbər şəxs saxlanılıb.
Saxlanılan şəxslərin hər biri "FETÖ”ylə əlaqələri olmaqda şübhəli bilinir.

Qiyamçı generalın evindən məxfi sənədlər çıxıb

15 iyul hərbi çevrilişə cəhdin aparıcı simalarından olan ordu generalı Akın Öztürklə bağlı yeni faktlar ortaya çıxıb. Qiyamçı generalın qonşusu M.S. adlı şəxs Akın Öztürkün dəfələrlə hakim, prokuror və yüksək rütbəli zabitlərlə görüşlər keçirdiyini bildirib. O, generalın 4 mərtəbəli evdə polis rəisləri ilə tez-tez görüşdüyünü və bu evdə əhəmiyyətli sənədlərin olacağını deyib.

Qonşusunun ifadəsindən sonra polis Akın Öztürkün NATO Komandanlığından 2 kilometr aralıda yerləşən evində axtarışlara başlayıb və məxfi sənədlər ələ keçirib.

Millətdən təhdid, şantaj və hizmət adı altında aldıqları dövlətə qaytarılır

Türkiyənin maliyyə naziri Naci Ağbal isə mətbuata açıqlamasında Türkiyədə "Fətullahçı Terror Təşkilatı”nın (FETÖ) şantaj və digər yollarla əldə etdiyi sərvət dövlətin hesabına keçəcəyini deyib.

O artıq FETÖ-nün şantajla əldə etdiyi mal varlığının siyahısının hazırlandığını deyib: "Millətdən təhdid, şantaj və hizmət adı altında aldıqları dövlətə qaytarılır. Binalar, məktəblər, dərnəklər, banklardakı hesablar, avtomobillər və digərləri aktlaşdırılıb”. Nazir bildirib ki, avqust ayının ortalarına qədər ictimai qurumlar və təşkilatlarda çalışan bütün FETÖ üzvləri təsbit edilərək, tutduqları vəzifələrdən azad ediləcək.

Amerika diplomatlarının ailə üzvləri Türkiyəni tərk edirlər

ABŞ Dövlət Departamenti İstanbul və Ankarada fəaliyyət göstərən ABŞ diplomatlarının ailə üzvlərini Türkiyəni tərk etməyə, habelə ölkənin cənub-şərq bölgəsinə səyahət etməməyə çağırıb. Dövlət Departamentinin rəsmi saytında bu barədə deyilib: "Dövlət Departamenti bu hadisələrin (baş tutmayan hərbi çevrilişin) ölkənin təhlükəsizliyi ilə bağlı ümumi situasiyaya təsirini diqqətlə izləməkdə davam edir və ABŞ vətəndaşlarına Türkiyəni ziyarət etmək planlarını yenidən gözdən keçirməyi məsləhət görür”.

Departamentin məlumatında qeyd olunub ki, Dövlət Departamenti ABŞ vətəndaşlarını Türkiyədə terrorçu təşkilatlar tərəfindən gələ biləcək təhdidlər barədə məlumatlandırmaqda davam edəcək. Xəbərdə ABŞ Dövlət Departamentinin bu qərarının Türkiyədə 90 günlük fövqəladə vəziyyət rejiminin elan edilməsindən sonra verildiyi bildirilib.

Türkiyənin dövlət qurumlarında aparılan təmizləmə əməliyyatı və həbsləri şərh edən politoloq Fərhad Mehdiyev "Şərq”ə açıqlamasında bu prosesin davam edəcəyini və bütün sahələri əhatə edəcəyini deyib: "Diqqətinizə çatdırım ki, iki gün əvvəl də Səhiyyə Nazirliyindən beş minə yaxın insan işdən çıxarılıb. Deməyim odur ki, artıq bu cür təmizləmə əməliyyatları şübhə doğurmamalıdır. Hesab edirəm ki, mümkün olan bütün nazirliklərdə bu cür əməliyyatlar aparılacaq. İşdən çıxarılan insanların sayı maliyyə və Müdafiə Nazirliyində daha çox olacaq. Ümumiyyətlə, hərbi çevrilişlərin əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, hökuməti devirmək planı baş tutsa da, tutmasa da, insanları işdən çıxarıb həbsə atırlar. 80-ci illərdə çevriliş zamanı 100 minə yaxın insan həbs olunmuşdu. Budəfəki həbslər isə hərbi çevrilişə yenidən cəhd etmə ehtimalı ilə bağlıdır. Yəni hökumət yeni bir çevrilişə qarşı tədbir alır. Amma hökumət tərəfindən həyata keçirilən bu əməliyyatların uğurlu olduğunu düşünmürəm. Çünki işdən çıxarılan, həbs olunan səhiyyə işçiləri, müəllimlər, jurnalistlər və digər sahə nümayəndələri çevrilişə cəhd etməyiblər axı? Çevriliş iştirakçıları ordu nümayəndələri idi ki, onları da həbs ediblər. Axı səhiyyə işçilərini çevrilişə cəhd adı ilə həbs etməyin nə adı var? Hər nə qədər adekvat olmasa da, hökumətin bu cür təmizləmə əməliyyatlarını davam etdirəcəyini düşünürəm”.

Politoloqun sözlərinə görə, Ərdoğan işdən çıxarılan insanları öz yaxınları ilə əvəzləyəcək: "1991-ci ildən bu yana Türkiyəyə gedib-gəlirəm və proseslərə bələdəm. Türkiyədə "kayırmacılıq sistemi” (öz adamını qabağa salma) çox güclüdür. Hazırda mediada müəyyən müzakirələr gedir ki, işdən çıxarılan insanların yerinə işçi götürən zaman ləyaqətə və peşəkarlığa önəm verilməlidir. Vəzifə sahibləri öz adamlarını önə çəkməməlidir. Amma o qədər optimist deyiləm. Türkiyədə illərlə hakim olan "kayırmacılıq sistemi” bu dəfə də davam etdiriləcək. Fikir verirsinizsə, işdən çıxarılan insanların hər biri hökumət tərəfdarı olmayanlardır. Bütün bunlar deməyə əsas verir ki, onların yerinə təyin olunan insanların seçimi zamanı peşəkarlığa yox, AKP-yə olan etimadına önəm veriləcək”.

Qeyd edək ki, Türkiyədə dövlət çevrilişinə cəhdlə əlaqədar indiyədək 9 min 56 nəfər saxlanılıb. Onların arasında hərbçilər, hakimlər, prokurorlar və polislər də var.

Şəymən