Türkiyə mediası girovlarımızın vəziyyətini gündəmə gətirəcək

Millət vəkilinin sözlərinə görə, Türkiyənin işə qarışması problemin beynəlxalq səviyyəyə çıxarılmasıdır



"Türkiyədə azərbaycanlı girovlar, Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı ciddi işlər görüləcək”.

Bu barədə qardaş ölkə Qəzetçilər Federasiyası başqanı Atilla Sertel bildirib. Onun sözlərinə görə, girovların ailəsindən baş vermiş hadisə haqda faktları əks etdirən məktub gözləyirlər:

"Girovların yaxınları ilə əlaqə saxlamışıq. Hadisə barədə həqiqəti əks etdirən məlumatları bizə göndərəcəklər. Məlumatları əldə edəndən sonra müzakirələrə başlanılacaq. Bu yöndə konkret fəaliyyətlər həyata keçiriləcək”. A.Sertel onu da əlavə edib ki, indiyə qədər Türkiyə ictimaiyyətinin məsələ ilə bağlı ciddi məlumatı olmayıb: "Bunu mediada ciddi şəkildə qaldıracağıq. Girovların sərbəst buraxılmaları üçün bütün imkanlarımızdan istifadə edəcəyik. Öz babalarının qəbrini ziyarət edənlərin girov götürülməsi, qondarma məhkəməyə məruz qalması yolverilməzdir. Dünya buna qarşı olmalıdır”.

Türkiyənin müdaxiləsinin problemin həllinə verəcəyi təkan barədə "Şərq”ə danışan millət vəkili Elman Məmmədov qeyd edib ki, bu, təqdirəlayiq addımdır. Onun sözlərinə görə, qardaş ölkənin niyyəti dəstəklənməlidir: "Rəsmi Ankara məsələni təkcə Ermənistan deyil, dünya təşkilatları qarşısında da qaldıra bilər. Girovlarımızın azadlığa buraxılmasını nə qədər çox ölkə istəyərsə, onlar bir o qədər tez azadlığa çıxarlar”.

Millət vəkilinin sözlərinə görə, Türkiyənin işə qarışması problemin beynəlxalq səviyyəyə çıxarılmasıdır: "Düşmən ölkə qeyri-insani və qeyri-qanuni hərəkətinə görə beynəlxalq arenada

qınaq hədəfinə çevrilməlidir. Belə olarsa, iyrənc əməllərindən əl çəkər”.

E.Məmmədovun qənaətincə, beynəlxalq qurumlar və həmin təşkilatlara ağalıq edən böyük dövlətlər məsələyə ədalətli yanaşarsa, problem həllini tapar: "Onsuz da məsələ beynəlxalq qurumların diqqəti mərkəzindədir. Onlar bunu bilirlər. Biganə yanaşırlar. Terrorçu Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmur. Ancaq Ermənistandan bizə sərhəddi qanunsuz keçib gələn olanda beynəlxalq təşkilatlar ayağa qalxırlar. Separatçı ölkənin mövqeyini dəstəkləyib, həmin ermənilərin qaytarılmasını tələb edirlər. Bizimkilər olanda isə ölkəmizin ədalətli mövqeyi müdafiə olunmur”.

Ayyət Əhməd