"Türkiyə mübarizədən üzü ağ çıxacaq" - Deputat əmindir






"Türkiyəyə terrorla bağlı hədələr çoxdur. Ona görə, qardaş ölkə ərazisini, vətəndaşlarını təhlükədən qorumaq üçün mübarizə aparmalıdır”.

Bu barədə "Sherg.az”a Türkiyənin Suriya ilə sərhəddə həyata keçirdiyi Afrin əməliyyatı haqqınmda danışarkən millət vəkili Rövşən Rzayev bildirib. 

Onun qənaətincə, Türkiyə ordusu dünyada ən güclü ordulardan biri olduğundan, bu mübarizədən üzü ağ çıxacaq:

"Bu dövlət atdığı addımlarda öz təhlükəsizliyini təmin etmək üçün bütün imkanlardan istifadə edəcək. Yaxşı olardı ki, dünyanın digər dövlətləri ikili standartlardan əl çəksinlər, terrorçuluğa qarşı mübarizədə birgə mövqedən çıxış etsinlər. Bəzi hallarda, şəxsi maraqlar beynəlxalq təhlükəsizlik məsələsini üstələyir. Hətta terroru dəstəkləyən qüvvələr də var.

Türkiyə qətiyyətli addımlar atır. Dünya birliyi bu addımları dəstəkləməlidir. Azərbaycan hər zaman Türkiyənin yanında olub, bundan sonra da olacaq. Eyni təhlükə ilə Azərbaycan da üzləşib, hazırda da erməni terroru, işğalçılıq siyasəti davam edir. Böyük dövlətlər maraqlı olmalıdırlar ki, bütün dövlətlər arası münasibətlər danışıqlar yolu ilə, beynəlxalq hüquq prinsiplərinə uyğun aparılsın”.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ordunun Suriyanın İdlib əyalətinə doğru irəliləyə biləcəyini söyləyib.

Aysel Aslan