Türkiyə Qarabağ məsələsində mövqeyini “aprel savaşı”nda da təsdiqlədi

Ankaradan gözləntimiz odur ki, Ermənistanın hərbi-siyasi meydanda tək qalması üçün daha çox səy göstərsin



Türkiyənin dost və qardaş ölkə olaraq Azərbaycanla hər sahədə, xüsusən hərbi sahədə ciddi əməkdaşlığı var. Bu baxımdan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanla yanaşı, Türkiyə xarici siyasətinin də prioriteti hesab olunur. Cənubi Qafqazda, xüsusilə Azərbaycanda maraqları olan Rusiya, İran, ABŞ və Qərbi Avropa dövlətlərindən fərqli olaraq, qardaş Türkiyə Dağlıq Qarabağ münaqişəsinin bizim xeyrimizə, ədalətli şəkildə həllinin tərəfdarıdır və öz regional siyasətini həmin istiqamətdə qurur.

Türkiyə hər zaman Qarabağ məsələsində Azərbaycanın yanında olduğunu bəyan edir, Azərbaycanı bütün platformalarda maksimum dərəcədə müdafiə etməyə çalışır. Xüsusən 2-5 tarixli aprel savaşından sonra rəsmi Ankara Azərbaycanı daha açıq və yüksək səviyyədə müdafiə etməyə başlayıb. Lakin Türkiyə münaqişənin həllində vasitəçi rolu oynamadığından bir qədər kənarda qalmaq məcburiyyətindədir. Qardaş ölkənin Azərbaycana dəstəyini şərh edən millət vəkili Zahid Oruc "Şərq”ə açıqlamasında deyib ki, Azərbaycan Türkiyə ilə münasibətlərini bütövlükdə Ermənistana qarşı çevirə bilib: "Aprel ayından sonrakı geopolitik vəziyyət, qüvvələr nisbəti xeyli dəyişib. Bir çox ölkələr bizi müdafiə edib. Xüsusən Türkiyə tərəfindən verilən siyasi reaksiyalar hərbi müttəfiqliyin işarəsidir. Buna heç kəsin şübhəsi yoxdur. Əgər ölkəmiz üçün Ermənistanla münaqişədə yeni bir təhlükəli məqam meydana çıxarsa, rəsmi Ankara tərəddüdsüz prosesə müdaxilə edəcək. Ancaq etiraf etmək lazımdır ki, Ermənistan da məhz münaqişənin genişlənməsini, Rusiya-Türkiyə müharibəsinin başlanmasını istəyir. Çünki ermənilər hesab edirlər ki, Dağlıq Qarabağı əldən versələr, orada ya Türkiyənin, ya da Rusiyanın hərbi bazası yerləşdiriləcək”.

Deputat deyib ki, qardaş Türkiyənin siyasi elitasının fəal şəkildə ölkəmizi müdafiə etməsi hansısa siyasi ambisiyalarla bağlı deyil: "Belə fikirdə olanlarla qətiyyən razı deyiləm. Hətta bəziləri hesab edir ki, Türkiyə Ermənistanla olan problemini Azərbaycanın üzərinə qoyur. Bu kimi ifadələr tamamilə əsassızdır və iki ölkə arasındakı münasibətlərə zərbə vurmaq üçün irəliyə sürülən tezislərdir. Belə ideyaların cəmiyyətdə dayağı yoxdur. Türkiyə hər zaman bizi dəstəkləyib. Amma hazırkı dövrdə qardaş ölkədən gözləntimiz odur ki, Türkiyənin xarici siyasətində Qarabağ məsələsi daha önə çəkilsin və sadəcə hərbi təlimlərlə kifayətlənməsin. Hərbi əməkdaşlıq inkişaf etdirilsin, NATO standartları Azərbaycan ordu quruculuğunda tətbiq edilsin, Türkiyə Azərbaycanı beynəlxalq tribunalarda daha fəal dəstəkləsin. Əlbəttə, türk xalqı bizim əvəzimizə ermənilərlə vuruşmalı deyil. Sadəcə istəyimiz odur ki, qardaş ölkə Ermənistanın hərbi-siyasi meydanda tək qalması üçün daha çox səy göstərsin”.

İsmayıl