“Türkiyə, təzyiqləri dəf et, sərhədləri açma!”
Ermənistanla sərhədlər açılsa, Türkiyə bütün türk və müsəlman dünyasına zərbə vurmuş olacaq
"Düşünmürəm ki, Qarabağ münaqişəsinin ilk günlərindən öz mövqeyini açıq ve sərt şəkildə bildirən Türkiyə, heç bir tutarlı əsas olmadan işğalçı Ermənistanla sərhədləri açsın”. Bu fikirləri Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinə münasibət bildirən millət vəkili Sevinc Fətəliyeva deyib. Deputat vurğulayıb ki, Azərbaycanın ədalətli mövqeyi həmişə qardaş Türkiyə tərəfindən dəstəklənib:
"Türkiyə Ermənistanla münasibətlərinin hər bir mərhələsində Qarabağ mövzusuna yetərincə yer ayırıb. Ona görə də, bu məsələdə Türkiyə tərəfindən Azərbaycan maraqlarının tapdanmasına inanmıram. Çünki Qarabağ sərhəd məsələsi ölkəmiz üçün olduqca həssasdır. Hər halda qardaş ölkənin sadiqliyinə inamımızı davam etdirməliyik. İnanıram ki, Türkiyə dövləti həm özü, həm də Azərbaycan üçün həssas olan bu məsələdə ənənəvi qardaşlıq mövqeyindən çıxış edəcək və Ermənistanın bu arzusunu ürəyində qoyacaq”.
Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov Türkiyədə bu kampaniyanın çoxdan başladığını deyib: "Mən 2006-2009-cu illərdə Qarsda işləyərkən bunun şahidi olmuşam. İndiki konfrans da onun davamıdır. Oradakı çıxışlar, iştirak edən "aktyorlar” eyni şəxslərdir. Əlbəttə, bu, Türkiyənin daxili işidir. Lakin bu konfrans birbaşa Türkiyə və türk milləti əleyhinə olan məsələdir. Bizim bu məsələ ilə bağlı mövqeyimiz məlumdur”. Baş konsul sərhədlərin açılması təklifinin Türkiyənin rəsmi mövqeyi olmadığını bildirib: "Türkiyə prezidenti və baş naziri son çıxışlarında Qarabağ problemi həll edilməyənə qədər sərhədlərin açılmayacağını bəyan ediblər. İki dövlət arasındakı münasibətlərdə bu çıxışlar əsas götürülür. Təəssüf ki, bu cür kampaniyalar son vaxtlar intensivləşib. Lakin Azərbaycana aid olan məsələlərə biz vaxtında reaksiya verir, qarşısını almaq üçün əlimizdən gələni edirik”.
Sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə isə hesab edir ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün çox mühüm bir hadisə baş verməlidir. Ekspertin fikrincə, bu mühüm hadisə Ermənistanın siyasətinin dəyişməsi ilə bağlı ola bilər: "Ermənistanın siyasəti də yalnız ölkə müstəqil dövlət olandan sonra dəyişə bilər. Ancaq Ermənistan Rusiyanın oyuncaq kuklası qalaraq siyasətini heç cür dəyişə bilməz. Ermənilərin prioritet məsələsi "soyqırım”dır. Onlar hesab edirlər ki, bu məsələ bütün dünya ermənilərini birləşdirir. Ermənilər Türkiyəni soyqırım törətməkdə ittiham edirlər və müzakirə etməkdən də boyun qaçırırlar. Məsələn, belə təklif var ki, hər iki tərəf arxivləri açsın və müzakirə edib bir razılığa gəlsinlər. Amma ermənilər bunu etmək istəmir. Ona görə etmək istəmir ki, onlar soyqırım məsələsinə şübhə gətirilməsindən qorxurlar və müzakirədən çəkinirlər. Ermənistanın konstitusiyasında Türkiyəyə ərazi iddiaları əks olunub. Yəni Ermənistan Türkiyəni düşmən dövlət hesab edir və Türkiyədən ərazi, maddi təzminat istəyir. Bunların hamısı ortalıqda ola-ola sərhədlər nə cür açıla bilər? Azərbaycan Türkiyə üçün önəmli dövlətdir. Ona görə mən inanmıram ki, Ankarada keçirilmiş cılız biz konfrans Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasına gətirib çıxarsın”.
Millət vəkili Məlahət İbrahimqızının sözlərinə görə, Türkiyə böyük dövlətdir və demokratik cəmiyyətdən ibarətdir. Əlbəttə, bu cəmiyyətdə fərqli fikirlər ola bilər. Amma bununla belə, Türkiyə işğalçı dövlət olan Ermənistanla sərhədləri açmamalıdır: "1993-cü ildə Ermənistan Azərbaycanın Kəlbəcər rayonunu işğal etdiyinə görə Türkiyə bu ölkə ilə sərhədləri bağlayıb və diplomatik münasibətləri dayandırıb. Sərhədlərin indiki şəraitdə açılması mümkün deyil. Ermənilər 1915-ci ildə saxta soyqırımla bağlı Türkiyənin imicinə zərbə vurmağa çalışır. Ona böhtan atırlar, diplomatik hücum edirlər. Ayrı-ayrı ölkələrdə bu yöndə iş apararaq bəzi dövlətlərin uydurma erməni soyqırımını tanımasına nail olublar. Bundan əlavə, Ermənistan Konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları var. Dövlətin gerbində Türkiyənin ərazisində olan Ağrıdağın fotosu öz əksini tapır”. M.İbrahimqızı hesab edir ki, Türkiyənin mütərəqqi ziyalıları sərhədlərin açılmasının tərəfdarı deyil. Onun fikrincə, torpaqlarımızı işğal edən, dinc insanları girov götürən, qocaları, uşaqları, qadınları qətlə yetirən Ermənistana layiq olduğu münasibət göstərilməlidir: "Türkiyə dövlətinin işğalçı ölkə ilə sərhədləri açacağına inanmıram. Bilirik ki, bu məsələyə görə Türkiyəyə təzyiqlər çoxdur. Amma bu günlərdə baş nazir Əhməd Davudoğlu deyib ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi üçün regional layihələrdən kənarda qalıb. Düşünürəm ki, torpaqlarımız işğal altındadırsa, Türkiyəyə qarşı uydurma soyqırım iddiası varsa, bu ölkə Ermənistanla sərhədləri açmayacaq”.
Siyasi ekspert Vüqar Əsgərov bildirib ki, Azərbaycan öz siyasətini bu sərhədlərin bağlılığı amili üzərində qurmadığına görə, bizim üçün heç bir mənfi hal baş verə bilməz. Lakin sərhədlərin açılmasından ən böyük zərbəni Türkiyə ala bilər. Eyni zamanda sərhədlər açılsa, Türkiyə bütün türk və müsəlman dünyasına zərbə vurmuş olar: "Birincisi, sərhədlər açılsa, Türkiyə Ermənistanın Qafqaza, eləcə də Türkiyənin özünün bir neçə əyalətinə olan iddialarını dolayısı ilə təmin etmiş olacaq. Ermənilər bununla da özlərində siyasi, iqtisadi güc tapacaqlar. İkincisi, sosial problemlərin, fəlakətlərin tüğyan etdiyi Ermənistanla sərhədlərin açılması istər-istəməz Türkiyədən bu ölkəyə ərzaq yardımlarının bu və ya digər formada başqa yardımların daşınmasına gətirib çıxaracaq. Eyni zamanda, Azərbaycanın sərhədlərini pozan Ermənistanla sərhədləri açmaq Azərbaycan-Türkiyə arasındakı münasibətlərə xələl gətirə bilər. Həmçinin Suriya erməniləri, eləcə də Ermənistanın yoxsul təbəqəsinin türk torpaqlarına axını başlayacaq. Bir müddətdən sonra isə ermənilər köçdükləri yerlərdə torpaq iddiası ilə çıxış edəcəklər”.
İsmayıl