Türkiyə-Ukrayna-Azərbaycan münasibətləri...






Azərbaycanın təşəbbüsü və iştirakı ilə daha bir regional format yaranır. Ukraynadakı səfirimiz Azər Xudiyev bildirib ki, martın 6-da Bakıda Azərbaycan-Türkiyə-Ukrayna formatının yaradılması ilə bağlı ilk siyasi məsləhətləşmələr keçiriləcək. Siyasi məsləhətləşmələrdə iştirak etmək üçün Ukrayna xarici işlər nazirinin müavini Vasiliya Bodnar və Türkiyə xarici işlər nazirinin müavini Ümid Yalçın Azərbaycana gələcəklər.

Məsləhətləşmələrdə Azərbaycan tərəfini xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək. Səfir bəyan edib ki, yeni formatın yaranması bir daha sübut edir ki, Azərbaycanın iştirakı olmadan regional, beynəlxalq layihələr gerçəkləşdirilmir: "Üç ölkə arasında siyasi, iqtisadi, enerji və humanitar əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafı məsələləri müzakirə ediləcək. Həmçinin, yeni nəqliyyat dəhlizləri vasitəsilə yükdaşımalar, Xəzər və Qara dəniz hövzəsi ilə enerji resurslarının daşınması uğurla həyata keçiriləcək”. Bildiyimiz kimi, bugünədək "Azərbaycan-Türkiyə-Rusiya”, "Azərbaycan-Rusiya-İran”, "Azərbaycan-Türkiyə-İran” və s. bu tipli üçlü formatlar meydana gəlib və mühüm regional layihələr reallaşdırılıb. Dəfələrlə vurğulanıb ki, Azərbaycanın bölgənin güclü ölkələri ilə ikitərəfli və ya üçtərəfli əməkdaşlıq etməsi ölkəmiz üçün çox faydalıdır. Bu baxımdan yeni formatın da perspektivi ilə bağlı müsbət fikirlər səslənməkdədir.

Təşəbbüslə bağlı "Şərq”ə açıqlama verən Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib ki, müstəqillik tariximiz dövründə Ukrayna-Azərbaycan münasibətləri hər zaman yüksək səviyyədə olub. Onun sözlərinə görə, bu münasibətlərin rəsmi təməli Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın birlikdə təsis etdikləri - GUAM regional əməkdaşlıq təşkilatının yaradılması ilə başlanıb: 

"İlk dəfə olaraq keçmiş sovet respublikaları Rusiyanın iştirakı olmadan ən böyük siyasi və iqtisadi qurum yaratdılar. Təşkilat yaradılan vaxt Ukraynadan başqa digər 3 dövlət Rusiya tərəfindən yaradılan süni separatizmdən əziyyət çəkirdi. Ukrayna bir qədər müstəqil siyasət yeritməyə çalışdığı üçün Krım işğalı gerçəkləşdi. 

Xatırladım ki, GUAM yarandığı zamandan etibarən Türkiyə ilə münasibətlərə xüsusi diqqət ayırırdı. Təbii ki, bu məsələdə Azərbaycanın rolu xüsusi qeyd olunmalıdır. Lakin bu qurum uzun müddət fəaliyyət göstərsə də, Rusiyanın planlı və ardıcıl provokativ fəaliyyəti nəticəsində bir qədər arxa plana keçməli oldu. Rusiya buna alternativ olaraq Avrasiya İttifaqını gündəmə gətirdi, ancaq yeni quruma Azərbaycan və Ukraynanın qatılmaması Kremlin planını neytrallaşdırdı. İndiki şəraitdə Avrasiya İttifaqı formal xarakter daşıyır və heç bir perspektivi yoxdur”.

Ekspert vurğulayıb ki, regionda baş verən mürəkkəb siyasi proseslər fonunda Türkiyə-Ukrayna-Azərbaycan münasibətlərinin daha yüksək və yeni formatda gündəmə gəlməsi çox zəruridir:

"Bu münasibətlər dövlətlərin ərazi bütövlüyünü, genişmiqyaslı demokratik islahatları, böyük iqtisadi layihələri Avropaya inteqrasiya və hərbi ittifaqı nəzərdə tutmalıdır. Ticarət və nəqliyyat sahəsində əməkdaşlıq və Azad Ticarət Zonası barədə əvvəllər razılaşdırılmış proqramlar həyata keçirilməlidir. Bütün bu layihələrə Azərbaycan öz enerji resursları ilə dəstək verməlidir”.

İsmayıl