Türkiyə yenidən qarışdı

Kamikadze qadının bütün ailə üzvlərinin PKK-ya yaxın olduğu bəllidir



Türkiyənin paytaxtı İstanbulda törədilən terror hadisəsi ölkə gündəmini qarışdırıb. Qadın kamikadzenin polis şöbəsində törətdiyi partlayış nəticəsində iki nəfər ölüb, bir nəfər isə yaralanıb. Məlumat üçün bildirək ki, şəxsiyyəti hələlik tam məlum olmayan qadın İstanbulun tarixi mərkəzindəki Sultanahmet meydanı yaxınlığında Turizm Polisi İdarəsinin növbətçi postuna yaxınlaşaraq, ingilis dilində çantasının itdiyini bildirib və içəri daxil olmağa cəhd edib.

Lakin polis onu dayandırdıqda o, üzərinə quraşdırılmış partlayıcı qurğunu işə salıb. Partlayış nəticəsində terrorçu qadın hadisə yerində ölüb. Polis bölməsinə edilən hücumla əlaqədar açıqlama verən Türkiyənin baş naziri Əhməd Davudoğlu kamikadzenin bağlı olduğu terror şəbəkəsi ilə bağlı iş aparıldığını bildirib. Terrorçunun üzərindəki iki ayrı bombanın da təsirsiz hala gətirildiyini açıqlayan Davudoğlu polisin qəhrəmancasına davrandığını və təhlükənin böyüməsinin qarşısını aldığını vurğulayıb. Xatırladaq ki, bir müddət əvvəl PKK liderlərindən Karayılan türk hökumətini təhdid edib. Təhdiddən bir neçə gün sonra Dolmabaxça Sarayının keşikçi ofisinə iki ədəd əl bombası atılıb. Lakin bombalar partlamadan zərərsizləşdirilib. Hadisədən sonra sağ olaraq ələ keçirilən terrorçunun qeyri-qanuni sol-kommunist təşkilata mənsub olduğu üzə çıxıb. Buna görə də son hadisələri şərh edən türkiyəli ekspertlər olayların arxasında PKK-nın olduğunu iddia ediblər. Amma partlayışı törədən kamikadze qadının hicablı olması başqa versiyaların da gündəmə gəlməsinə səbəb olub. Bəzi siyasilərin iddialarına görə, terrorçu qadın İŞİD və ya başqa hansısa radikal islamçı qruplaşmanın üzvü olub. Türkiyədəki partlayışa münasibət bildirən Qafqaz Universitetinin professoru, politoloq Fərhad Mehdiyev "Şərq”ə verdiyi açıqlamada hadisəni törədən qadının PKK-ya yaxın sol örgütün üzvü olduğunu deyib. F.Mehdiyevin sözlərinə görə, ağla gələn ilk versiya partlayışı PKK-nın törətməsidir. Amma məsələ burasındadır ki, PKK Ərdoğan hakimiyyətini silahla deyil, başqa üsullarla təhdid edib: "Ötən müddət ərzində "kürd açılımı” və ya İmralı prosesində heç bir irəliləyiş, yenilik olmadı. Ona görə də, PKK hökumətə şərt qoydu ki, əgər siz Abdullah Öcalanla birbaşa danışıqlara başlamasanız, görüşlərdə edilən bütün gizli söhbətləri, anlaşmaları ictimaiyyətə açacağıq. Çünki cəmiyyət terrorçuların lideri ilə aparılan danışıqların nədən ibarət olduğunu bilmir. Yəni terrorçular partlayışla yox, şantajla hakimiyyətə hədə-qorxu gəlib. Ancaq PKK-nın indiki partlayışı öz üzərinə götürməsindən belə çıxır ki, terrorçu təşkilat yenidən əməliyyatlara başlamaq niyyətindədir”. Politoloqun sözlərinə görə, PKK-nın partlayışı öz üzərinə götürməsi kamikadze qadının hansısa islamçı qruplaşmaya tabe olması iddiasını ortadan qaldırmış olur: "Nəzərə almaq lazımdır ki, PKK hər zaman polisləri və əsgərləri hədəfə alır. Bu dəfə də hədəf məhz polislər seçilib. Bir məsələni xatırladım. Hadisəni törədən kamikadzenin bacısı iki il əvvəl özünü qiyam qaldırılan bir həbsxananın qabağında yandırıb. Çünki həbsxanadakı ayaqlanmanı yatıran hüquq-mühafizə orqanları bir neçə məhkumü öldürmüşdü. Məsələ burasındadır ki, özünü yandıran qadın da sol görüşlü idi. Ümumiyyətlə, kamikadze qadının bütün ailə üzvlərinin solçu olduğu, yəni PKK-ya yaxın olduğu artıq bəllidir”.

İsmayıl