Dörd partiya yalnız parlament seçkisində birgə hərəkət edəcək
“Ehtimal etmək olar ki, CHP-nin dördlü ittifaqı “Cümhur İttifaqı”nın prezidentliyə namizədinin səsini onların vasitəsi ilə azaltmaq niyyətindədir”
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət və Demokrat partiyaları arasında koalisiya yaradılması barədə razılıq əldə olunub. Dörd partiya yalnız parlament seçkisində birgə hərəkət edəcəklər. Prezident seçkisində isə hər partiya öz namizədini ayrı-ayrılıqda dəstəkləyəcək.
Yaranan koalisiyanın adının "Demokratiya üçün Milli Birlik” və ya "Demokratiya Birliyi” olacağı gözlənilir. Məlumdur ki, bundan öncə AKP ilə MHP "Cümhur Birliyi” yaradıb. Bir araya gələn dörd müxalifət partiyasının "Cümhur Birliyi”nə qarşı mübarizə aparacağı deyilsə də, əksər ekspertlər müttəfiq siyasi qurumların şansını az görürlər.
Qardaş ölkədəki prosesləri "Şərq”ə dəyərləndirən politoloq Sədrəddin Soltan "Cümhur ittifaqı”nın daha güclü olduğunu deyib və bunu müəyyən mənada "hakim ittifaq” da adlandırıb:
"Ana müxalifət sayılan Cümhuriyyət Xalq Partiyası hakim Ədalət və İnkişaf partiyasına qarşı əvvəllər də birliklər yaradıb. Lakin heç bir seçkidə iqtidar partiyasına qalib gələ bilməyib. Oxşar hadisə yenə də baş verir. İndi müxalifətdə baş rolda CHP-dir. Yeni qurulan İYİ Partiyaya da CHP dəstək verir. Səadət və Demokrat partiyaları əvvəlki seçkilərdə də uğur qazana bilməyib. Əslində, Səadət Partiyasının siyasi-ideoloji xətti AKP-yə uyğun gəlir.
Lakin iyundakı seçkilərdə "Cümhur İttifaqı”nın səsini azaltmaq məqsədi ilə CHP ilə ittifaqa girir. İYİ Partiyanın siyasi-ideoloji xətti isə MHP-yə uyğun gəlir. Ehtimal etmək olar ki, CHP-nin dördlü ittifaqı "Cümhur İttifaqı”nın prezidentliyə namizədinin səsini onların vasitəsi ilə azaltmaq niyyətindədir. Ancaq indiki şərtlər daxilində CHP-nin yaradacağı ittifaqın qalib gəlmə şansı azdır. İttifaq özünü rəsmi şəkildə mayın 3-də elan edəcək. Məncə, onların vahid namizəd məsələsi də bundan sonra həll olunacaq. Çünki CHP mayın 4-də öz namizədini irəli sürəcək. Meral Akşener isə namizədliyini heç kimə güzəşt getməyəcəyini bildirir”.
Ekspert bildirib ki, Abdullah Güllə bağlı layihəsi uğursuz olan CHP hələ də axtarışdadır:
"Dördlər” ittifaqı ilk turda prezidentliyə öz namizədləri ilə qatılmağı planlaşdırır. Hər halda mayın 3-də bəzi mətləblər aydınlaşacaq. Prezidentliyə namizədlərin irəli sürülməsi mayın 9-dək davam edəcək. Bu isə CHP ətrafında yaranacaq ittifaqın vahid namizədinin olacağı ehtimalını artırır”.
İsmayıl