Türkiyədəki azərbaycanlı qardaşlar kömək umur...

"Azərbaycanın aidiyyəti strukturları bu məsələni diqqətdə saxlayıb, prosesə qoşulmalıdır"
"Həmin uşaqların Azərbaycan vətəndaşı olduqlarını təsdiqləyən sənədlərlə onların ölkəyə qayıdışını təşkil etmək olar"


Səhiyyə və təhsil haqqından yararlana bilməyən, sığortalı bir işdə çalışa bilməyən qardaşlar səlahiyyətli şəxslərdən yardım istəyiblər. 12 il əvvəl anaları ilə Türkiyənin Bursa şəhərinə gedən azərbaycanlı qardaşlar 21 yaşlı Sabir Bağırov və 19 yaşlı Zaminkar Bağırov Türkiyədə şəxsiyyət vəsiqəsi ala bilmədikləri üçün bu ölkənin vətəndaşlığını ala bilməyiblər. Şəxsiyyət vəsiqəsi ala bilmədikləri üçün Azərbaycana da qayıda bilməyən qardaşlar indi ortada vətənsiz qalıblar.

Səhiyyə və təhsil haqqından yararlana bilməyən, sığortalı bir işdə çalışa bilməyən qardaşlar səlahiyyətli şəxslərdən yardım istəyiblər. Qardaşların sözlərinə görə, 12 il əvvəl anaları atalarından ayrılaraq Türkiyəyə köçüb və ailə həyatı qurub. Ögey ataları ilə yola gedə bilməyən qardaşlar bir müddət sonra kirayə ev tutublar. Günlük işlərdə çalışaraq özlərini dolandırmağa başlayıblar. "Sevgilimlə ailə həyatı qurmaq istəyirəm, amma sənədlərim olmadığı üçün bunu edə bilmirəm. Mən Türkiyə vətəndaşı olmaq, işləmək, əsgər getmək, sevdiyim qız ilə ailə həyatı qurmaq istəyirəm" - deyən Sabir Bağırov Türkiyə Prezidentindən yardım istəyib.

Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri, miqrasiya üzrə ekspert Azər Allahverənovun sözlərinə görə, Azərbaycanın aidiyyəti strukturları bu məsələni diqqətdə saxlayıb, prosesə qoşulmalıdır: 

"Hansı ölkədə yaşamasından, vətəndaşlığının olub-olmamasından asılı olmayaraq onlar azərbaycanlı olduğu üçün mümkün olan dəstək verilməlidir: "Həmin gənclər Azərbaycanın diplomatik korpuslarına və ya diaspor təşkilatına müraciət etməlidirlər. Əvvəla, bu qardaşların vətəndaşlıq mənsubiyyəti müəyyən olunmalıdır. Hər halda onlar uşaq vaxtı Türkiyəyə gedərkən hansısa sənəd əsasında ölkədən çıxıblar. Sənədsiz anası iki uşağı sərhəddən keçirə bilməzdi. Ola bilsin ki, ölkəni tərk edəndə uşaqların şəkli valideynin pasportuna vurulub. Belə bir sənəd varsa, bu, birmənalı olaraq onların Azərbaycanın vətəndaşlıq mənsubiyyətinin tanınması deməkdir”.

A.Allahverənovun sözlərinə görə, Türkiyə tərəfi də zəruri araşdırmalara başlamalıdır: 

"Bu şəxslər hansı əsaslarla yaşayıblar. Türkiyədə qeydiyyatsız yaşayan azərbaycanlılar çoxdur. Hətta bir müddət əvvəl İstanbulda qeydiyyatsız yaşayan azərbaycanlıların problemlərinin həlli məqsədi ilə müəyyən tədbirlər keçirildi. Şəxsiyyətini təsdiqləyən heç bir sənədi olmayan vətəndaşların qeydiyyatı aparıldı və məlum oldu ki, əksəriyyətinin Azərbaycan vətəndaşı olduğunu müəyyən edən sənədlər var. Sadəcə onlar Türkiyə ərazisində qeyri-qanuni əsaslarla yaşayırlar. Türkiyə tərəfinin də bu işdə lazımi dəstək göstərməsi onlar üçün də problemin aktual olduğunu göstərir. 

Bəlkə də həmin gənclərin hansısa sənədini Azərbaycanın müvafiq strukturlarından əldə etmək olar. Bunun üçün də Dövlət Miqrasiya Xidməti, Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi səviyyəsində əlaqələndirilmiş şəkildə sənədlərin təmin olunmasını həyata keçirmək olar. Həmin uşaqların Azərbaycan vətəndaşı olduqlarını təsdiqləyən sənədlərlə onların ölkəyə qayıdışını təşkil etmək olar. Qayıdış şəhadətnaməsi ilə ölkəyə gələn gənclər sənədlərini qaydaya salıb yenidən Türkiyəyə qayıda bilərlər. Onların vətəndaşlıq mənsubiyyətini müəyyən etmək mümkün olmasa belə valideynlərinin sənədləri əsasında onların problemini həll etmək olar. Hüquqi müstəvidə vətəndaşlığı olmayan şəxslərlə bağlı belə xüsusi müddəalar var”.

Şəymən