"Türkiyədəki referendumun Avropaya istisi - soyuğu olmamalıdır"




"Türkiyədə keçirilən referendumun Avropa ölkələrinə istisi - soyuğu olmamalıdır”.

Bunu Sherg.az-a Avropa Şurası Parlament Assambleyasının Türkiyənin monitorinq altına qaytarılması barədə qərarına münasibət bildirərkən politoloq Zərdüşt Əlizadə deyib. 

O bildirib ki, belə qərarların verilməsinin səbəbi bütün dünyada iqtisadi mənafe naminə mübarizənin getməsidir:

"Həm Qərb dövlətləri, həm Asiya-Afrika ölkələri, həm də Asiya-Amerika arasında mübarizə gedir. Bu zaman müxtəlif üsullardan istifadə edirlər. İnformasiya müharibəsi əsas vasitələrdəndir. Hüquqi müstəvidə hansısa qərarlar verilir, iqtisadi müstəvidə gömrük rüsumları qoyulur. Bəzi malların standartlara uyğun olmadığını elan edirlər. O cümlədən informasiya müharibəsində mühüm silahlardan biri də insan hüquqlarıdır. Bunu isə rezin kimi eninə, uzununa yozurlar. Böyük güclər həmin pozuntuları özlərində deyil, başqalarında görürlər. Amerika elan edir ki, Rusiyada insan hüquqları pozulur, Rusiya deyir, Amerikada pozulur”.

Z.Əlizadə diqqətə çatdırıb ki, referendum Türkiyənin daxili işidir.Türkiyə xalqı səs verdi və dövlət parlament respublikasından prezidentli respublikaya keçdi: 

"Amma bundan Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə etmək, ictimai rəyi bu dövlətə qarşı kökləmək olar. Türkiyə özü həmin silahdan Suriyaya, Rusiyaya qarşı istifadə edib. Bu ictimai hadisədir. Hansısa maraqlara xidmət edən, informasiya müharibəsində istifadə edilən silahdır. Bunların hamısı maddiyyatla, iqtisadi maraqlarla, pulla bağlıdır”.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AŞPA-nın sözügedən qərarını tənqid edib, bunun siyasi qərar olduğunu vurğulayıb.

Aysel Aslan