Fuad İbrahimov: "Aksizlərin qaldırılması tütün məmulatlarının ölkəyə gətirilməsinə, satışına gəlir mənbəyi olaraq yanaşılmasından irəli gəlir"
"Tütün məmulatlarına tətbiq edilən aksiz vergilərinin 2 dəfədən çox artırılması büdcə gəlirlərinin çoxalmasına xidmət edir”.
Bu sözləri "Sherg.az”a iqtisadçı ekspert Fuad İbrahimov söyləyib.
O vurğulayıb ki, sağlam cəmiyyətlərdə tütünə qarşı mübarizə müxtəlif formalarda aparılır:
"Aksiz vergisinin qaldırılması isə birbaşa bu məqsədə xidmət etmir. Aksizlərin qaldırılması tütün məmulatlarının ölkəyə gətirilməsinə, satışına gəlir mənbəyi olaraq yanaşılmasından irəli gəlir.
Benzin növlərinə tətbiq edilən aksiz vergisi də artırıldı. Əslində buna ehtiyac yox idi, çünki qiymətlərin artmasına gətirib çıxaracaqdır”.
Aksiz vergisinin artırılmasının idxala təsirinə gəlincə, iqtisadçı qeyd edib ki, bu, tələbatdan asılıdır:
"Məsələn, Afrika ölkələrinin əksəriyyətində insanlar tütün məmulatlarından genetik uzaqdırlar. Ona görə, həmin ölkələrə tütün məmulatlarının gətirilməsi əlverişli deyil.
Son illərdə tütün məmulatlarının qiyməti 100 faizdən çox yüksəlib. Buna baxmayaraq, tütünə olan tələbat azalmaq əvəzinə, hətta artıb. Ona görə, tələbat varsa, aksiz vergisinin artırılması da tütünün idxalını azaltmayacaq”.
Qeyd edək ki, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” qərarında etdiyi dəyişikliklər yanvarın 23-də qüvvəyə minir.
Qərara əsasən, tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarlar və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 10 manatdan 20 manata, tərkibində tütün olan siqaretlərin, o cümlədən digər siqaretlər və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 4 manatdan 12 manata qaldırılıb.
Bundan əlavə, digər qərarla isə Azərbaycan ərazisinə gətirilən mühərrik benzin növlərinə yeni aksiz dərəcələrin tətbiq edilməsinə başlanılıb.
Qərara əsasən, aviasiya benzin növləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzin növlərinə aksiz dərəcəsi 1 ton üçün 1 manatdan 200 manata qaldırılıb. Tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox, 95-dən az oktan ədədi ilə mühərrik benzin növlərinə tətbiq olunan 1 ton üçün 1 manat aksiz dərəcəsi də 200 manata qaldırılıb.
Tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan və çox olan, 95 və ya daha çox, lakin 98-dən çox olmayan oktan ədədi ilə mühərrik benzin növlərinə tətbiq olunan 1 ton üçün 80 manat, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan və çox olan, 98 və ya çox oktan ədədi ilə mühərrik benzin növlərinə tətbiq olunan 1 ton üçün 120 manat aksiz dərəcəsi qüvvədə qalıb. Aviasiya benzini və reaktiv benzin yanacağına tətbiq edilən aksiz dərəcələri dəyişməyib.
Aysel Aslan