Üçüncü dünya savaşı gözləniləndir

Putin bu qədər itkidən sonra hərb maşınını geri çəkməyəcək


ABŞ-ın nüfuzlu Cato İnstitutunun baş elmi əməkdaşı, Qlobal İqtisadi İnkişaf İnstitutunun direktoru Riçard Ran "The Washington Times” qəzetində dərc edilmiş məqaləsində Rusiyanın işğalçı siyasətini dəyərləndirib. Kremlin rus imperiyasını bərpa etməyə çalışdığını iddia edən Ran bildirib ki, əgər Putin tezliklə birbaşa və ya dolayısı formada Ukraynaya nəzarəti təmin etsə, tezliklə Belarusu və Moldovanı, daha sonra isə Gürcüstanı və Azərbaycanı "ələ keçirəcək”. Bu da imkan verəcək ki, Rusiya Xəzər dənizi və neft-qaz kəmərləri üzərində öz nəzarətini təmin etsin. Ekspert Obama administrasiyasını da ittiham edib və deyib ki, ABŞ özünü sülhməramlı göstərməkdənsə, tezliklə Ukraynanı silahla təmin etməli, Rusiyaya qarşı sanksiyaları gücləndirməlidir.
Müəllifə görə, Rusiyanın hərbi gücü elə də böyük deyil, ancaq onun böyük nüvə arsenalına malik olduğunu nəzərə almaq lazımdır.
"Yaxın gələcəkdə Kreml Donetsk və Luqanskın qondarma hakimiyyətlərinin dəvəti ilə əraziyə qoşun yeridəcək”
Rusiyanın öz ətrafına hansı formada təhlükə yaratdığını şərh edən politoloq Zəfər Quliyev deyib ki, Krımı işğal edərkən Moskva o qədər güc işlətmədi. Rusiya daha çox tarixi faktlara əsaslanaraq Krımın Ukraynaya əsassız verilməsinə nail oldu: "Son dövrə qədər Moskva iddia edirdi ki, o, prosesdə birbaşa iştirak etmir, tərəf deyil, baş verənlər yalnız Ukraynanın daxilində gedən vətəndaş qarşıdurmasıdır. Ancaq Rusiya xeyli sayda qoşunlarını Ukrayna sərhədinə çəkib. İndiki durum Krımdan çox, Abxaziya və Osetiya variantlarına oxşayır. Rəsmi Kiyev Rusiya ilə sona qədər mübarizə aparmağa məhkumdur. Ukrayna bütün gücünü antiterror əməliyyatlarını davam etdirmək üçün səfərbər edəcək. Bu da Gürcüstanda olduğu kimi Moskvaya tanıdığı separatçı rejimləri müdafiə üçün fürsət verəcək. Heç şübhəsiz, yaxın gələcəkdə Kreml Donetsk və Luqanskın qondarma hakimiyyətlərinin dəvəti ilə əraziyə qoşun yeridəcək. Təhlükə ondan ibarətdir ki, bundan sonra Rusiyanın açıq formada əraziyə daxil olmasına imkan yaranır”.

"Rusiya Gürcüstanla yanaşı, Azərbaycana da təhlükəni 10 qat artıracaq”

Mövcud durumun Azərbaycan üçün yarada biləcəyi təhlükəyə toxunan siyasi ekspert bəyan edib ki, Azərbaycanın da oxşar Qarabağ problemi var: "Açıq formada deyilməsə də, dünya bilir ki, Qarabağ məsələsinin arxasında dayanan, Ermənistanı silahlandıran, Azərbaycan torpaqlarının işğalına şərait yaradan Rusiyadır. Əgər Rusiya Ukraynanı parçalamağa gedərək qondarma bir "respublika” yaradarsa, bu, istər-istəməz Moldova və Gürcüstanla yanaşı, Azərbaycana da təhlükəni 10 qat artıracaq. Moskva bununla dünyaya göstərəcək ki, o, heç bir beynəlxalq öhdəliyə əməl etmək fikrində deyil və öz siyasətini həyata keçirmək üçün dünya ilə üz-üzə dayanmaqdan ehtiyatlanmır. Bu isə o deməkdir ki, bir gün Qarabağ məsələsində yenidən gərginlik yaşansa, savaş ehtimalı gündəmə gəlsə, artıq nə Avropa İttifaqına, nə Qərb ölkələrinə təhlükəsizliyin təmin edilməsi üçün müraciətin önəmi qalmayacaq. Ukrayna çox ümid etsə də, Qərbdən həmin köməyi ala bilmədi. Düzdü, Qərb Rusiyaya güclü sanksiyalar tətbiq edir. Ancaq sanksiyaların təsiri uzun müddətdən sonra bilinəcək. Düşünmürəm ki, Rusiya Ukraynaya açıq hücum etsə, Qərb hərb maşınını işə salaraq Ukraynaya yardım edəcək. Ola bilər ki, Qərb bu halda Rusiyaya qarşı sanksiyaları bir qədər də sərtləşdirsin”.

Üçüncü dünya savaşı başlaya bilər

Z.Quliyevin sözlərinə görə, Qərb də çox ciddi seçim qarşısındadır. ABŞ və Avropa anlayır ki, Rusiya kimi nüvə silahı olan bir ölkə ilə açıq qarşıdurma dünyanın təhlükəsizliyi üçün böyük təhdiddir: "Bu yaxınlarda Rusiya nüvə silahını yenidən sınaqdan keçirdi. Bu, bütün dünyaya açıq psixoloji basqıdır. Rusiya son aylar durmadan hərbi təlimlər keçirir, öz hərbi gücünü dünyaya göstərir. Bu il Rusiya hərbi təlim məsələsində rekord səviyyəyə çatıb. Həm Avropa Birliyinə, həm ABŞ-a çox yaxşı bəllidir ki, Rusiya ilə mübarizənin iki variantı var. Ya diplomatik və iqtisadi təcrid, ya da savaş. Birinci variantla nəticə əldə etmək son dərəcə çətindir. Çünki proses həddən artıq zaman apara bilər. İqtisadi sanksiyalar nəticə verməyə başlayandan sonra Rusiyada vətəndaş etirazları artmalıdır, hökumət hansısa addımlarla itkiləri kompensasiya etməyə çalışmalıdır. Bu baş tutmasa, Rusiya siyasətini dəyişməyə məcbur edilməlidir. Duruma dərhal təsir edəcək addım isə hərb yoludur. Ancaq bu, üçüncü dünya savaşının başlanması deməkdir. Belə bir qlobal savaş çox ağır nəticələrə səbəb ola bilər. Ona görə də Qərb bu variantdan maksimal dərəcədə çəkinir. Ancaq burada qırmızı xətt var. Əgər Rusiya Ukrayna ilə yanaşı, digər ölkələrə də müdaxilə etməyə çalışsa, xüsusən Qərbə doğru irəliləməyə can atsa, Moldovanı, Baltikyanı respublikaları, Polşanı hədəf alsa, üçüncü dünya savaşı başlaya bilər”.

"Putindən sonra daha aqressiv generallar hakimiyyətə gələ bilər”

Politoloqun fikrincə, Kreml hər nə qədər avantürist siyasət aparsa belə, çalışır ki, üçüncü dünya savaşından və qlobal qarşıdurmadan yayınsın: "Rusiya bilir ki, indiki siyasətini yüksələn xətlə davam etdirsə, Qərb sanksiyalarını sərtləşdirəcək. Bu cür münaqişələrin daha bir mənfi tərəfi var. Müharibəni başlatmaq asan olsa da, dayandırmaq son dərəcə çətindir. Bir çox avtoritar və diktator ölkəsi kimi Rusiyada da hərb kompleksini işə salmaq son dərəcə çətindir. İşə düşəndən, həmin maşın işğal istiqamətində sürətlə irəliləyəndən sonra onu dayandırmaq adi bir əmrlə mümkün olmur. Bu əmr daxildə bir çevrilişə gətirə bilər. Hətta Putindən daha aqressiv generallar hakimiyyətə gələ bilər, hakimiyyət xuntanın əlinə keçər. Putin bu səbəbdən işə saldığı maşını dayandırmaq istəmir. İstəsə belə, bunu etmək o qədər də asan deyil. Bu səbəbdən mən yaxın gələcəyə o qədər də optimist nəzərlərlə baxmaqda çətinlik çəkirəm”.

Rusiya zəifləyənə qədər Ukraynanı, GUAM ölkələrini ciddi təhlükə gözləyir

Z.Quliyev vurğulayıb ki, Azərbaycan hələlik Kremlin əlinə bəhanə verməməyə çalışır: "Azərbaycan hökuməti bu cür siyasətlə təhlükədən yayınır. Ancaq biz onu da bilirik ki, Rusiya rəsmi Bakıya basqılarını bir an belə dayandırmır, daim Bakıdan nələrsə qoparmağa cəhd edir.

Sonrakı bütün proseslər Ukraynada hərbi əməliyyatların nəticəsindən, ümumiyyətlə, proseslərin gedişindən asılı olacaq. Rusiya bu gün Azərbaycandan geosiyasi baxımdan, eləcə də enerji siyasəti məsələsində Qərbdən getdikcə uzaqlaşaraq ona yaxınlaşmağı tələb edir. Gündəmdə Avrasiya İttifaqı məsələsi var. Azərbaycan vaxt qazanır, yaxşı manevrlər edir, Rusiyaya "yox” demir, digər sahələrdə Rusiya ilə əməkdaşlığı gücləndirir. Ancaq problem ondadır ki, bütün bunlar uzun müddət davam edə bilməz. Əgər Rusiya Ukraynada istədiyinə nail olsa, Putin rejimi dünyanın basqısına tab gətirə bilsə, Azərbaycan, Moldova, Gürcüstan qarşısında da bu tələblər qoyulacaq. Bu, hələlik potensial təhlükələrdir. Təbii ki, Azərbaycan üçün yaxın aylarda Rusiya təhlükəsinin olduğunu söyləmək olmaz. Ancaq hər şeyə hazır olmalıyıq. Çünki çətin və təhlükəli dövrdə yaşayırıq”.

"Riçard Ranın məqaləsi siyasi sifarişlə qələmə alınıb”

"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə bu söhbəti ciddi qəbul etmir: "Birincisi, Riçard Ranın özü qeyri-ciddi adamdır. İkincisi də, "The Washington Times” portalı respublikaçılara yaxın bir media qurumudur. Bildiyimiz kimi, son zamanlar respublikaçılar Obama administrasiyasına qarşı ciddi hücuma keçiblər. Xüsusilə də konqres seçkilərindən sonra bu hücum daha da şiddətlənib. Bu baxımdan R.Ranın sözügedən portaldakı məqaləsinin siyasi sifarişlə qələmə alındığını düşünürəm. Burda açıq-aşkar lobbiçilik fəaliyyətinin dəsti-xətti görünür. Bu tipli yazılar sadəcə respublikaçılara yaxın olan mətbuatda yer alır. Hər dəfə də çağırış ondan ibarətdir ki, Rusiya ilə qonşu olan ölkələrə, xüsusilə də Azərbaycana diqqət ayrılmalı, dəstək verilməlidir”.

İsmayıl