Ucuz qiymət, yüksək keyfiyyət, alan da razıdır, satan da - “Şərq”in əməkdaşı yarmarkaları gəzdi + Fotolar

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin tapşırığı ilə Novruz yarmarkaları fəaliyyətə başlayıb. Paytaxtın 14 ünvanında, ölkənin bütün şəhər və rayon mərkəzlərində martın 2-dən etibarərən hər həftənin şənbə və bazar günləri yarmarkalar təşkil olunur. Burada əhaliyə ölkənin müxtəlif bölgələrindən gələn fermer və sahibkarların kənd təsərrüfatı məhsulları təklif olunur. Həmin bazardakı qiymətləri öyrənmək üçün paytaxtın Qara Qarayev prospekti və Nəriman Nərimanov rayonu ərazisindəki bayram yarmarkalarına baş çəkdik. Alıcı və satıcılar arasında sorğu apararaq, məhsulların qiymət və kefiyyətinə dair rəyləri ala bildik.
Yarmarkamızın işi yaxşı gedir
İlk olaraq suallarımızı cavablandıran Qara Qarayev prospektindəki yarmarkanın satıcısı Novruzov Nazim Ramazan oğlu bildirdi ki, paytaxtda yarmarkaların təşkil olunması həm satıcılar, həm də alıcılar üçün çox sevindiricidir:
"Çünki biz öz məhsullarımızı satmaq imkanı əldə edirik, alıcılarda ucuz və keyfiyyətli məhsullar alırlar. 16 mart tarixinə kimi hər həftənin şənbə və bazar günləri bayram yarmarkası fəaliyyət göztərəcək. Daha sonra ayın 16-sı 21-i arası yarmarka hər gün əhalinin xidmətində olacaq. Yarmarkada demək olar ki, insanlara lazım olan hər cür məhsullar var. Qiymətlər də çox aşağıdır. Hətta bu gün bazara çıxardığım məhsulları satmışam”.
Yarmarkada qiymətlər aşağıdır
Digər satıcı Qasımov Xəlil söylədi ki, Novruz bayramı münasibəti ilə qurulan yarmarkada qiymət və keyfiyyətə hər gün nəzarət edirlər:
"Hazırda yarmarkamızdakı malların qiyməti market və digər satış yerlərinə nisbətən daha ucuzdur. Hətta burada bəzi məhsulların qiyməti digər ərazilərdən çox aşağıdır. Demək olar ki, qiymətlərə əhali yaxşı münasibət göstərir. Alıcılar qiymətlərin sərfəli oldulduğunu dilə gətirərək yarmarkadan razılığını bildirirlər. Məncə, bütün satıcıların məhsullarına tələb yüksəkdir. Çünki biz piştaxtada əhaliyə təklif etdiyimiz məhsulları öz bağımızda yetişdirmişik və qiymətlər də aşağıdır”.
Yarmarkadan xoş təəssüratla ayrıldım
Alıcı Əhmədov Sabir deyir ki, bu gün bazarlığını evinin yaxınlığında – Qara Qarayev prospektində qurulan yarmarkadan edib:
"Həqiqətən, bəzi məhsulların qiyməti marketlərdən aldığımızdan daha aşağıdır. Qoz, fındıq ləpəsi, alma, mandarin, ət, pendir, yağ kimi məhsulların qiyməti daha sərfəlidir. Amma bəzilərinin qiymətində elə də fərq görmədim. Ümumi olaraq yarmarkadan razı qaldım”.
Məhsullar öz istehsalımızdır
Satıcı İbrahimov Ələkbər nəzərə çatdırdı ki, dövlət tərəfindən qoyulan qiymətlər onlara da sərf edir:
"Astaradan gəlmişik. Bal və bal məhsulları satırıq. Yarmarkaya çıxardığımız məhsulların hər biri özümüzə aiddir. Hətta çox keyfiyyətlidir. Burada çəmən, meşə və dağ kimi yerlərdə arıların hazırladığı balı özümüz istehsal edib satırıq. Alıcıların məhsullara böyük diqqəti var. Demək olar ki, alıcıların əksəriyyəti qiymətlərin aşağı olduğunu deyir. Təyin edilmiş qiymətlərdən elə bizim özümüz də razıyıq”.
Alıcılar qiymətlərdən razıdır
Satıcı Əbilov Şahmar vurğaladı ki, bayram yarmarkasında ət satır:
"Piştaxtamızda əhaliyə təklif etdiyimiz bütün məhsullar özümüzə məxsusdur. Burada satıdıqlarımızın hər biri təzə, keyfiyyətli və ucuzdur. Hətta bunları alıcılar da təsdiqləyir. Onlar əsasən buradan aldığı ətin digər satış yerlərindəkindən ucuz və keyfiyyətli olduğunu deyir. Demək olar ki, alıcılar yarmarkadan məmunluqla uzaqlaşırlar. Elə bizim özümüz də yarmarkadan razıyıq. Çünki məhsullarımızı azad və sərfəli qiymətə satırıq. İşimiz qaydasında gedir”.
Bu cür yarmarkalar daimi olsa, çox yaxşı olar
Suallarımı səmimi şəkildə cavablandıran alıcı Ağayeva Aybəniz dedi ki, bayramla əlaqədar qurulan yarmarkadan çox razıdır:
" Demək olar, qiymətlərdə ciddi fərq var. Bəzi məhsulların qiyməti daha sərfəlidir. Həm də bütün məhsullar rayonlarda gəlib. Qiymət aşağı olsa da, keyfiyyəti çox yaxşıdır. Xüsusən, ət, cücə, yumurta, yağ kimi məhsulların qiyməti cibimizə uyğundur. Martın 21-nə kimi bazarlığımı buradan etməyi fikirləşirəm. Az pula keyfiyyətli məhsullar aldım. Çox yaxşı olar ki, bu cür yarmarkalar tək bayram ərəfəsində yox, hər zaman təşkil olunsun. Bizdə can rahatlığı ilə istədiklərimizi alaq. Düzdür, bəzi yerlərdə adi vaxtlarda yarmarkalar təşkil olunur. Amma onlara nəzarət bu cür olmur. Demək olar ki, orada qiymətlər marketlərlə eyni olur. Ona görə də, bu cür yramarkaları tək bayram ərəfəsi deyil, hər zaman görmək istəyirik. Müəllim işləyirəm. Aldığım əmək haqqı ilə evə lazım olan bütün ləvazimatları ala bilmirəm. Çünki market və bazarlarda qiymətlər bahadır. Ucuz satılan məhsullar ya çürük, ya da istifadəyə yararsız vəziyyətdə olur. Amma indiki yarmarkada qiymətlər ucuz, keyfiyyət yüksəkdir”.
Bəzən satıcılar qiymətləri endirir
Respublikanın şimalından gələn satıcı Rzayev Elvin nəzərə çatdırdı ki, bu gün bazara qoz, fındıq, fısdıq yəni gərzəkli və quru meyvələr çıxarıb:
"Bütün məhsullarımız öz istehsalımızdır. Kefiyyətlərinə söz ola bilməz. Qimətlər həm biz, həm də alıcılar üçün sərfəlidir. Məhsullara əhalinin yanaşması fərqlidir. Bəziləri qiymətlərin burada da yüksək olmasından şikayətlənir, bəziləri də sərfəli olduğunu deyib, bazarlıq edib, razı qalırlar. Demək olar ki, bayram yarmarkalarında bir neçə dəfə işdirak etmişəm. Əvvəlki, illərdə də qiymətlər ucuz idi. Amma yenə də burada satılan məhsullar marketlərə, mağazalara nisbətən ucuzdur. Yarmarkalarda satılan malların hər birinin qiyməti dövlət tərəfindən müəyyən edilib. Hətta gəlib, qiymətlərə nəzarətdə edirlər. Amma bazarda bəzi satıcılar qiymətləri aşağı edib yarmarkaya çıxardığı məhsulları satır. Bizi kimi qiymətə toxunmayanların satışı zəif gedir”.
Satdıqlarımız məhsulların insanlara xeyri çoxdur
Nərman Nərimanov rayonunda təşkil olunan yarmarkanın satıcılarından biri Məmmədov Elçin qeyd etdi ki, yarmarkaya süd məhsulları çıxarıb:
"Qatıq, şor, motal pendiri, adi pendir, süd, qaymaq, yağ kimi məhsulların hər birini özümüz hazırlamışıq. Tamam təbii məhsullardır. İnsanlara xeyri çoxdur. Həm də qiymətləri də büdcəyə müvafiqdir. Təxminən bəzi məhsullarımız marketlərdən 30-40 qəpik, bəzən də daha çox aşağıdır. Əhalininin də tələbi və qiymətlərə münasibəti çox yaxşıdır. Çox az hallarda narazılıq edənlər olsa da, böyük əksəriyyət qiymətlərin ucuz, məhsulun keyfiyətinin də yaxşı olduğunu bildirirlər. Elə bizim özümüz də piştaxtaya qoyduqlarımızın qiymətindən razıyıq”.
Alıcı Məmmədov Sadıqov Malik yarmarkaya ilk dəfə gəldiyini və qiymət və keyfiyyətdən çox razı qaldığını söylədi:
"Həqiqətən, qiymətlər çox sərfəli idi. Tək mən yox, hər kəs məmnunluğunu ifadə edirdi. Pulumuzu verib, evimizə meyvə, təvəz və ya digər məhsullar alırıq. Amma çox vaxt aldıqlarımızdan razı qalmırdıq. Çünki xaricdən gələn və ya "parnik”dən gətirilən malların nə dadı, nə də vitamini olur. Amma burada satılan məhsulların hər biri rayonlardan gətirilib. İnsanların öz istehsalıdır”.
Hazırladı: Kənan Eynuroğlu