Uğurlu nəticə üçün hədəfimiz olmalıdır





Bu yaxınlarda bir statistika diqqətimi çəkmişdi. Mənbəyini bilmədiyim rəqəmlərdə dünya əhalisinin 97%-inin həyatda hədəflərinin olmadığı qeyd olunurdu. Düşünməyə dəyər ki, deməli, dünya əhalisinin yalnız 3%-i hədəfli yaşayır. Ümumən nəzər saldıqda müəyyən olunur ki, hədəfli yaşayış barədə insanların anlayışları belə düzgün deyil. Çoxları hədəfli yaşayışın necə olduğundan belə xəbərsizdirlər. Bəs hədəf nədir? Düşünün ki, siz tələbəsiz və gələcəkdə rəhbər vəzifədə çalışmaq istəyirsiz. Bu istəyinizlə bağlı bilik və bacarıqlarınızı artırmaq, lazımi keyfiyyətlərinizi inkişaf etdirmək kimi qarşınıza müəyyən hədəflər qoyursuz. Bu məqsədinizə çatmaq üçün siz öz vəziyyətinizi bilməli və nə etməli olduğunuzu dəqiq müəyyənləşdirməlisiz. Uğurlu nəticə üçün qoyduğunuz hədəflər dəqiq, aydın və ölçülə bilən olmalıdır. Əks halda heç bir uğurlu nəticədən söhbət gedə bilməz və ya bu vaxt itkisinə səbəb ola bilər. Məsələn, siz bilirsiz ki, güclü rəhbər ola bilmək üçün yaxşı idarəetmə qabiliyyətinə malik olmalısınız. İdarəetmə bacarığınızın zəif olduğunu bilirsiniz və bu bacarığınızı inkişaf etdirmək sizi hədəfinizə bir o qədər yaxınlaşdırmış olacaq. Beləliklə, məqsədə çatmağın yolu ilk öncə düzgün qoyula bilən hədəfdən keçir. Həyatda düzgün mövqe tutmağımız üçün hədəflərimizi bilməliyik Bəzən biz hədəflərimizlə məqsədlərimizi, arzularımızı səhv salırıq. Məqsəd bizim həyatdakı missiyamız, həyat zirvəmizdir. Hədəflər isə məqsədə çatmağın yolu və ya məqsədin dəqiq təyin edilmiş zaman planı əsasında reallaşdırılması tərzidir. Əgər biz arzularımız üçün özümüzə hədəf seçməsək arzularımız elə arzu olaraq qalmaqda davam edəcək. Məsələn, mən tərəqqi etmək istəyirəm. Hansı sahədə? Jurnalistika sahəsində. Bu mənim məqsədimdir. Məqsədimlə bağlı müxtəlif xarici dillər öyrənmək, bir sıra yerli və xarici bədii əsərlər oxumaq, bu sahədə biliklərimi, təcrübəmi artırmaq, daha çox insanlarla ünsiyyətdə olmaq kimi qarşıma hədəflər qoymuşam. Əgər, bu istəyim üçün müəyyən bir zaman müddətində hədəf müəyyənləşdirməsəm arzum reallaşmayacaq. Dəqiq zaman planı əsasında qoyulmayan hədəfləri effektli hesab etmək olmaz. Hədəflər bizi həm motivasiya etmək, həm də hardan hara gəldiyimizi görmək üçün vacibdir. Uğurlu nəticə üçün hədəfimiz olmalıdır. Hansı nöqtədə durduğumuzu və hansı nöqtəyə gələcəyimizi bilməliyik. Hədəfsiz hər hansı yolda irəliyə getməyimiz mümkünsüzdür. Beləliklə, hədəfin bizim həyatımızdakı rolu tutduğumuz yolda irəliləmək və məqsədimizə nail olmaqdan ibarətdir. Kariyeramızı qarşımızdakı hədəflər müəyyənləşdirir şəxsi kariyeranın və ya biznesin inkişaf etdirilməsi üçün təhlil vacib xüsusiyyətlərdəndir. Biznes mühitində qoyulan hədəflər spesifik olmalıdır, bu hədəfin kimlər üçün qoyulduğu, kimlərin bu hədəfə cəlb olunacağı müəyyənləşdirilməlidir. Hədəflər ölçülə bilən olmalıdır. Biz keçən il nə istehsal etmişik, nə qədər istehsal etmişik, kim üçün istehsal etmişik, gəlirlərimiz, xərclərimiz nə qədər olub kimi statistikanın əsasında, bu il nə qədər istehsal edəcəyik, satacağıq, gəlirlərimiz, xərclərimiz nə qədər olacaq kimi kriteriyalar olmadan davamlı sahibkarlıq fəaliyyətindən söhbət gedə bilməz. Bunun üçün mütləq qaydada hər bir fəaliyyətin uğur kriteriyası olmalıdır. Hədəflər nə qədər əlçatan olarsa reallaşdırılması bir o qədər asan olar. Hədəflər arasında uyğunluq, əlaqənin olması və zaman planı əsasında qurulması hədəflərin effektivliyini şərtləndirən əsas xüsusiyyətlərdəndi.

Fəridə Qurbanova,

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakultəsi üzrə 1-ci kurs magistr tələbəsi