Ukrayna Ali Radasının qarşısında nümayişçilər polisə qumbara atıb

İnsident zamanı hüquq-mühafizə orqanlarının əməkdaşı ölüb
Dünən Ukrayna Ali Radası "Ukrayna Konstitusiyasına dəyişikliklər edilməsi (hakimiyyətin qeyri-mərkəzləşdirilməsi) haqqında” qanun layihəsini müzakirə edərkən parlament binasının qarşısında nümayişçilərlə polis arasında toqquşma baş verib.
Mitinqçilərin arasından polislərə doğru qumbara atılıb. Nəticədə hüquq-mühafizə orqanlarının 50-dən çox əməkdaşı yaralanıb. Hadisə yerinə təcili yardım maşınları gəlib və yaralılar xəstəxanaya çatdırılıb. Milli Qvardiyadan bildirilib ki, qvardiyanın çoxlu sayda əməkdaşı zərər çəkib. Onlardan 4-nün vəziyyəti ağırdır. "112” telekanalının əməkdaşı hüquq-mühafizə orqanlarının əməkdaşlarına tərəf 2 qumbaranın atıldığını xəbər verib.
Qeyd edək ki, Ali Rada ölkədə siyasi gərginliyə səbəb olan "Ukrayna Konstitusiyasına dəyişikliklər edilməsi (hakimiyyətin qeyri-mərkəzləşdirilməsi) haqqında” qanun layihəsini ilk oxunuşda qəbul edib. Layihənin lehinə 265 deputat səs verib. Birinci oxunuşdan keçdikdən sonra sənədin qəbulu üçün konstitusion çoxluq - 300 səs tələb olunur. Hakim koalisiyaya daxil olan siyasi qüvvələrdən üçü - "Samopomiç”, Radikal Partiyası və "Yuliya Timoşenkonun bloku” sənədə səs verməyəcəklərini bəyan ediblər. Ukrayna hüquq-mühafizə orqanlarının 1 əməkdaşı Ali Radanın qarşısında baş vermiş insident zamanı ölüb.
APA-nın "QromadskeTV”yə istinadən verdiyi məlumata görə, bunu Kiyev şəhərinin meri Vitali Kliçko deyib.
Jurnalistlər mitinqçilərin polislərə doğru 2 qumbara atdığını bildirirlər. Kiyevin milis rəisi Aleksandr Tereşşuk hadisə zamanı 100-ə yaxın asayiş keşikçisinin yaralandığını açıqlayıb. Yaralılardan 3-nün durumu ağırdır. A. Tereşşuk qumbaranı atan şəxsin yaxalandığını və hazırda onun şəxsiyyətinin müəyyənləşdirildiyini bildirib. Daxili işlər naziri Arsen Avakov isə 30-a yaxın hüquq pozucusunun saxlanıldığını və həbslərin davam edəcəyini söyləyib.