Ukrayna probleminə münasibət dəyişməz qalır

Moskvaya qarşı sanksiya siyasətində yumşalmalar olmayacaq


Dünən Almaniyanın xarici işlər naziri Frank-Valter Ştanmayer Fransa, Rusiya və ukraynalı həmkarları ilə görüşüb. "Şərq” qəzeti "agenc-france-press”ə istinadən xəbər verir ki, bu barədə almaniyalı diplomatın özü məlumat yayıb.

Onun sözlərinə görə, paytaxt Berlində baş tutan danışıqlarda son günlər Ukraynanın şərqində yaşanan gərginliyə dair müzakirələr aparılıb: "Məqsəd isə Moskva ilə Kiyev arasındakı münasibətlərin tənzimlənməsinə nail olmaq və tərəfləri komrpomisə dəvət etməkdən ibarətdir”. F.Şatanmayer onu da əlavə edib ki, toplantı Ukrayna və Rusiyanın istəyi ilə baş tutub: "Məlumat üçün deyək ki, son günlər Ukrayna ordusu ilə Rusiya tərəfdarları olan separatçılar arasındakı gərgin münasibətlər yenidən şiddətlənib. Vəziyyətin təhlükəli hal alması ilə bağlı tərəflər qarşılıqlı ittihamlar səsləndirirlər. Bu səbəbdən ötən həftə Donetsk aeroportu ətrafında döyüşlər yenidən başlayıb. Rəsmi Kiyev ölkəsinin təhlükəsizliyini və bütövlüyünü qorumaq məqsədilə aeroportun ətrafına ağır hərbi texnikalar yeridib. Diplomatların Berlin görüşünü şərh edən Polşanın Vroçlav Universitetinin Siyasi Elmlər üzrə magistrantı və Litvanın Mykolo Romerio Universitetindən Siyasət və İdarəetmə üzrə magistrantı, politoloq İlkiz İskəndərli "Şərq”ə açıqlamasında qeyd edib ki, Ukrayna hadisələri barədə keçirilmiş çoxsaylı görüşlər, müzakirələr və Moskvaya tətbiq olunan sanksiyalar heç bir effekt verməyəcək. Onun sözlərinə görə, belə görüşlər formal xarakter daşıyır: "Məsələnin siyasi inadkarlıq halını alması, hadisələrin gərgin olaraq qalmasına səbəb olacaq. Geosiyasi prizmadan yanaşdıqda, aydınca müşahidə olunur ki, Kreml qaz faktorunu əsas tutaraq müəyyən gedişlər etmək qənaətindədir”. Politoloq hesab edir ki, AB-nin Ukrayna probleminə münasibəti dəyişməz qalır: "Məsələn, ötən günlərdə rəsmi Brüssel Donbasda baş verənlərə münasibət bildirərkən vurğuladı ki, Moskvaya qarşı sanksiya siyasətində yumşalmalar olmayacaq. Eyni fikirləri Böyük Britaniyanın Xarici işlər naziri cənab Filip Hammond öz "tvitter” bloqunda da paylaşıb. Düşünürəm ki, bu kimi bəyanatlar böhranın kəskinləşməsinə təkan verəcək”.

Ayyət Əhməd