“Maripoul əldən getsə, separatçılar və Moskva Krıma quru yolla çıxış əldə edəcəklər”
Rusiyayönümlü qüvvələrin nəzarətində olan Donetsk şəhərində vəziyyət getdikcə daha da gərginləşir. Aeroporta nəzarət uğrunda hökumət qüvvələri ilə Rusiyanın dəstəklədiyi separatçılar arasında qızğın döyüşlər günlərdir davam etməkdədir. Separatçılar ukraynalı hərbçiləri Donetsk hava limanından sıxışdırmaq üçün səylərini artırır. Hətta deyilənə görə, separatçılar aeroportun mülki uçuşlara aid terminalına demək olar ki, tam nəzarət edir.
Şəhərdə tərəflər arasında gedən toqquşmalar yaşayış sahələrindən də yan keçmir. Ötən gün artileriya zərbəsinin şəhərdəki anbara tuş gəlməsi və daha sonra bir dayanacağın vurulması nəticəsində onlarla insan həlak olub. Şəhərdə baş verən atışma və güclü partlayışlar hökumət evi
işçilərinin köçürülməsinə gətirib çıxarıb. Ümumilikdə aprel ayından bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 5000-ə qədər insan həyatını itirib.
Ukrayna savaşını şərh edən tanınmış siyasi ekspert Yevgeni Maqda bildirib ki, Rusiya Ukraynanın şərqində hərbi əməliyyatları yeniləməklə separatçılar üçün vəziyyəti yaxşılaşdırmağa çalışır: "Rusiya separatçılar üçün vəziyyəti yaxşılaşdırmaq, daha sonra isə Kiyevi Minsk razılaşmalarını yenidən gözdən keçirməyə məcbur etmək istəyir. Əslində hər şey çox sadədir. Əgər Rusiya Astanada danışıqlardan imtina edibsə, o halda hərbi planda öz gücünü göstərmək istəməsi tamamilə məntiqli görünür”. Maqdanın sözlərinə görə, Rusiyanın sülh haqqında planı mifdən ibarətdir: "Əslində böyük diplomatik oyun gedir. Çünki Putin əmindir ki, o, Ukrayna ərazisində ukraynalılarla yox, Qərblə vuruşur. Rusiya əslində hərbi əməliyyatların dayandırılması variantına baxmır. Çünki Moskvanın hərəkətləri daxili siyasi xarakteri daşıyır. Putin yaxşı bilir ki, istənilən geri çəkilmə məğlubiyyət kimi qəbul ediləcək və bu da eyni zamanda şəxsən onun məğlubiyyəti olacaq. Ona görə də Donetskdə, Donbas hövzəsində vəziyyət sonadək kəskinləşdiriləcək. Bu bölgələr Ukraynanın ağır nöqtəsidir və Ukrayna iqtisadiyyatı da hazırda yaxşı vəziyyətdə deyil. Məqsəd Ukraynanın laxladılmasıdır”. "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Donbasda atəşkəs bir neçə ay çəksə də, Ukraynada faktiki olaraq müharibə yenidən başlayıb: "Bu isə o deməkdir ki, Rusiya separatçılara daha çox silah və sursat, o cümlədən canlı qüvvə göndərəcək. Əvəzində Qərb-Rusiya münasibətləri bir az daha gərginləşəcək. Kiyevə də çətin olacaq. Yenə itkilərin sayı artacaq, müharibəyə xərclənən milyonlar artacaq və Radada ucu-bucağı görünməyən "kimdir günahkar” mübahisələri qızışacaq”. Politoloq vurğulayıb ki, Ukraynada separatçılar Donetskin cənubundakı Mariopul şəhərini ələ keçirməyə çalışırlar: "Bu şəhər həm separatçılar, həm də Moskva üçün strateji əhəmiyyət kəsb edir. Maripoul əldən getsə, separatçılar və Moskva Krıma quru yolla çıxış əldə edəcəklər. Bundan sonra Moskva üçün dəniz üzərindən Krıma bahalı körpü tikməyə də ehtiyac qalmayacaq. Ona görə də Ukrayna ordusu bu şəhər uğrunda sona qədər çarpışmaq məcburiyyətindədir”.
İsmayıl