"Ulu Öndər Naxçıvan Ali Məclisinin sədri olduqdan sonra, qısa müddətdə muxtar respublikada sabitlik yarandı"



"Ulu Öndər Heydər Əliyevin dövlətçilik səriştəsi və bacarığı Azərbaycanı xilas etdi". 

Bu sözləri Sherg.az-a millət vəkili, Aydın Hüseynov ümummilli lider Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Ali Məclisinə sədr seçilməsindən danışarkən deyib. Deputat bildirib ki, həmin dövr Azərbaycandakı qarışıqlıq Naxçıvanda da müşahidə olunurdu: 

"Həmin zaman Naxçıvan da blokada şəraitində idi, düşmən ermənilərin hücumuna məruz qalırdı. Bu vaxt Azərbaycanın xilaskarı, Ulu Öndər Naxçıvan Ali Məclisinin üzvlərinin təkidli tələbi ilə sədr seçildi. Qısa müddət ərzində ümumilli lider Naxçıvanda sabitliyin yaranmasına nail oldu. Elə Azərbaycanın müstəqilliyi də məhz Naxçıvandan, H.Əliyevin  muxtar respublikanın başına keçməsi ilə təşəkkül tapdı. Bayrağımız ilk dəfə məhz Naxçıvanda dalğalandı". 

Millət vəkili vurğulayıb ki, qarşıya çıxan bütün çətinliklərə baxmayaraq H.Əliyev əvvəl Naxçıvanı, sonra isə Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxardı. Bu gün ölkəmiz, ümumilli liderin laiqli davamçısı cənab prezident İlham Əliyevin yorulmaz və qətiyyətli fəaliyyəti nəticəsində, dünyanın sayılan-seçilən ən güclü və qüdrətli dövlətlərindən birinə çevrilib".

Qeyd edək ki, 27 il öncə, yəni 1991-ci ilin sentyabrın 3-də ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədr seçilib. Məhz həmin dövrdən etibarən Naxçıvanın və ölkənin ictimai-siyasi həyatında Azərbaycanın müqəddəratını həll edəcək mühüm hadisələr baş verib. Bu baxımdan sözügedən hadisə Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik tarixi olay kimi dəyərləndirilir.