Uşaq çox, bağça isə azdır

İşsiz analar da uşağını bağçaya qoyur




Sosioloq-jurnalist Lalə Mehralı azyaşlı qızını uşaq bağçasına qoymaq istəyir. Amma evinin yaxınlığındakı üç bağçaya baş çəksə də, ona yer olmadığını deyiblər. Bu barədə özünün feysbuk hesabında məlumat verən sosioloq uşaq bağçalarındakı sıxlığa etiraz edib.

Onun sözlərinə görə, sıxlığın yaranmasına səbəb isə uşaqların sayının çox, dövlət hesablı bağçaların sayının az olmasıdır: "4 aydır qızıma bağça tapa bilmirəm. Yaxın məsafədə iki, avtobusla 1-2 dayanacaq məsafədə 1 bağça var, heç birində yer yoxdur. Gedirəm, gəlirəm, yer boşalmır ki, boşalmır. Pul-rüşvət məsələsi deyil, dəqiq yer yoxdur, məlumatım var dolayı yollarla. 15 uşağın olmalı olduğu qruplarda 30 uşaq var. 10 uşaq məktəbə yola salınır, əvəzinə 30 uşaq qəbul üçün gəlir”.


Həmkarımız hesab edir ki, evdar xanımlar 1 yaşlı uşaqlarını aparıb bağçaya qoymaqla işləyən qadınlara əlavə problem yaradırlar: "1 yaşlıların bağçaya qəbul məsələsi gündəmə gəlib qəbul qaydaları təsdiqlənəndə burda yazmışdım ki, vəziyyət yaxşı olmayacaq. Bu gün mən o qəbul qaydalarının əziyyətini çəkirəm. 11 aylıq - 1 yaşında uşaqları bağçaya verən evdar qadınlar var və mən bu gün onlara görə zülmlə uşaq yedəyimdə işləməyə məcburam. Ay başına dönüm, sən ev xanımısan, 1 yaşlı uşağını niyə verirsən yad əllərə? Sənin evdəki işinin adı nədir axı? İşləyən, pul dalınca qaçan, oxuyan qadın məcburdur, o sənin ucbatından 4-5 yaşlı uşağını bağçaya qoya bilmir! Çünki yeri sən edirsən.
Bayaq bağça müdiri deyir ki, ürəyim ağrıyır uşaqlara, anası süddən zorla kəsib gətirib qoyub bağçaya, bütün günü süd üçün ağlayır. Anası da deyir öyrəşəcək. 

1 yaşlı uşağını süddən kəsib bağçaya atmaq üçün evdar qadının hansı keçərli səbəbi olmalıdır? Ya yataq xəstəsi olmalıdır, ya da yataq xəstəsinə qulluq etməyə məcbur olmalıdır. Bunların heç biri də yoxdursa, niyə verirsən körpə uşağını bağçaya?

Hələ dayanın, 6 aylıq uşağını gətirmişdi biri, deyir uşaq mənə çox bağlıdır, belə olmasını istəmirəm, bağçaya qoyum öyrəşsin. 6 aylıq uşaq kimə bağlı olmalıdır, a camaat? Ana nəçidir? Deyirəm mən 4 yaşlı qızıma yer tapmıram, sən 6 aylıq uşağına yer axtarırsan? Deyir neyləyim ey, yorur məni. Bilmədim nə deyim, qaldım-mat məəttəl. Müdirə deyir çənəni yorma, mən öyrəşmişəm, görürsən reaksiya vermirəm, eləcə deyirəm ki, olmaz”.

L.Mehralının fikrincə, sovet vaxtı körpəni bağçaya qəbul edəndə mütləq ananın iş yerindən arayış tələb olunurdu, qəbul qaydalarında da üstünlük işləyən anaların idi: "Yəni birinci işləyən ananın övladı qəbul edilirdi, qalan yerlərə evdar xanımların uşaqları. Məncə, Nazirlər Kabineti müvafiq qəbul qaydalarına bunu da əlavə etməlidirlər”.

Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən millət vəkilləri də hesab edir ki, uşaq bağçalarındakı yer azlığının aradan qaldırılması istiqamətində ciddi addımlar atılmalıdır.

Millət vəkili Musa Quliyev də məktəbəqədər təhsil müəssisəsinə qəbul zamanı ilk növbədə işləyən analara üstünlük verilməsi təklifini dəstəkləyir. Bununla belə deputat deyib ki, Azərbaycan təhsil siyasətinə görə, bağçalar yalnız uşaqlara nəzarət funksiyasını yerinə yetirmir.
Məktəbəqədər təhsil sistemi təhsil siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Təhsilin ilk pilləsi hesab olunan məktəbəqədər təhsil müəssisələrində uşaqlara təlim-tədris məşğələləri keçirilir: "Valideynlərin istəyindən asılı olmayaraq hər bir uşaq bağçaya cəlb olunmalıdır. Amma yer çatışmazlığı səbəbindən irəli sürülən təklifi müsbət qiymətləndirirəm. Hesab edirəm ki, Milli Məclisin Elm və təhsil komitəsi bu məsələni müzakirəyə çıxarmalıdır. Mən Səhiyyə Komitəsində təmsil olunduğum üçün işin mahiyyətindən tam məlumatlı deyiləm. Bəlkə də, bu məsələ ilə bağlı hansısa qanun layihəsinə müddəa əlavə olunub? Hər halda müvafiq Komitədə təmsil olunan həmkarlarımla əlaqə saxlasanız, daha düzgün məlumat əldə edə bilərsiniz. Şəxsi qənaətim isə belədir ki, bağçalara qəbul zamanı işləyən qadınların uşaqlarına üstünlük verilməlidir”.

Elm və təhsil komitəsinin üzvü, millət vəkili Asim Mollazadə isə məktəbəqədər təhsil müəssisəsinə qəbul zamanı işləyən analara üstünlük verilməsini ayrıseçkilik hesab edir: "Azərbaycanda məktəbəqədər təhsillə bağlı müvafiq qanunvericilik qəbul olunub, dövlət proqramı hazırlanıb. Proqramda bağçaların sayının artırılması nəzərdə tutulub. Çünki bağçalardakı sıxlıq problemini aradan qaldırmağın yeganə yolu sayı artırmaqdır. Evdar xanımlarla işləyən xanımlar arasında ayrıseçkilik edilməsini düzgün hesab etmirəm”.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2018-ci il yanvar ayında təsdiqlədiyi "Məktəbəqədər təhsil müəssisələrinə qəbul qaydası”na görə, dövlət məktəbəqədər təhsil müəssisəsinə ilk növbədə şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin, tək işləyən valideynlərin, I və II qrup əlillərin, hərbi xidmətdə olan valideynlərin, təhsil alan anaların uşaqları, çoxuşaqlı ailələrdən olan uşaqlar, qəyyumluqda olan uşaqlar qəbul edilirlər. Məktəbəqədər təhsil müəssisəsində yalnız boş yer olmadığı halda uşaqların müəssisəyə qəbul edilməsindən imtina oluna bilər. Əks halda uşağın məktəbəqədər təhsil müəssisəsinə qəbul edilməsindən imtina olunması valideynə və ya digər qanuni nümayəndəyə bu barədə təsisçiyə şikayət etmək hüququ verir.

Şəymən