Uşaqlarımız hələ çox xarici kanallar axtaracaq
Azərbaycanda uşaq televiziyasının yaradılmasına nə kadr potensialı var, nə də imkanlar
Bu gün istənilən Azərbaycan ailəsinə getsəniz, evdəki uşaqlar Rusiyanın, Türkiyənin müxtəlif uşaq kanallarının adlarını sadalayacaq. Balacalar günlərinin çoxunu ekran qarşısında bu kanalları seyr etməklə keçirirlər. Bu isə onların həm dünyagörüşünə, həm danışıq vərdişlərinin formalaşmasına, həm də düşüncə tərzinə öz təsirini göstərir. Bu kanalların hər biri həmin ölkələrin öz auditoriyasına hesablandığından onların təbliğ etdikləri dəyərlər də bu xalqların mentalitetinə və maraqlarına uyğun formalaşıb.
Bu baxımdan ölkəmizdə də körpələrimizin milli ruhda böyüməsinə xidmət edəcək bir uşaq kanalının yaradılması vacib hesab olunur. Ancaq çox təəssüflər ki, Azərbaycanda uşaq mətbuatı sahəsində ciddi problemlər mövcuddur. Həm uşaq nəşrlərinin, həm də telekanallarda yayımlanan uşaq verilişlərinin səviyyəsi qənaətbəxş sayıla bilməz. Bəzi ekspertlər ayrıca uşaq televiziyasının açılmasına ehtiyac duyurlar. Hətta uşaqlarla bağlı verilişlərin azlığı və verilişlərin xaricdən gətirilərək yerli telekanallarda göstərilməsi artıq millət vəkillərini də narahat etməyə başlayıb.
Ölkədə uşaq televiziyasının yaradılmasını vacib hal kimi dəyərləndirən millət vəkili, professor Musa Qasımlı məsələni parlamentdə qaldırıb. O bildirib ki, bu, böyük maliyyə və texniki avadanlıq tələb etsə də, nəticədə reallaşması məqsədəuyğun olar. Media eksperti Zeynal Məmmədli isə belə kanalın yaradılmasının real olmadığı məqamlara toxunub.
"Düşünürəm ki, indiki şərtlər daxilində uşaq telekanalının yaradılmasına ehtiyac yoxdur. Azərbaycanın reklam bazarı, media bazarı haqqında məlumatımız yoxdur, medianın özünün müstəqillik baxımdan problemləri var. Uşaq kanalının yaradılması üçün kadrlar və ilk növbədə media psixologiyasını öyrənən, media auditoriyasını yaşına görə özəlliklərinə bələd olan kadrlar lazımdır. Bir telekanal yaratmamışdan öncə ortalıqda aktual bir veriliş olmalıdır. Necə gerçəkləşəcək, bunun üçün qüvvə varmı və cəmiyyətin buna ehtiyacı nə qədərdir”. Z.Məmmədli bildirib ki, hətta maliyyə tapılsa belə, bütün bu işlər görülmədən uşaq televiziyasının yaradılması, "Mədəniyyət” kanalının gününə düşməsi ilə nəticələnəcək: "Özünüz düşünün, "Mədəniyyət” kanalı yaranandan sonra Azərbaycan mədəniyyətində nə dəyişiklik oldu?! Deyə bilərsinizmi, hansı ciddi diskussiyalar getdi?! İnsanların mədəni potensialında artım müşahidə olundu?! Bütün bunların pərdəarxası ciddi məqamları araşdırılmalıdır. Əgər İTV-nin, AzTV-nin uşaq redaksiyaları varsa, dövlət büdcəsindən onlara böyük maliyyə vəsaiti ayrılırsa, ortaya nə çıxarırlar?! Uşaqlarla bağlı sənədli filmlərmi çəkirlər?! Uşaqlara valideynlərlə, yaşlılarla ünasibətlərimi aşılayırlar?! Dünyanın bir hissəsi kimi dünya ilə ünsiyyətəmi hazırlayırlar?! Bütün bunlar olmayandan sonra bu mövzu ətrafında danışmaq "Saman çöpündən yapışmaq” təsiri bağışlayır”.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli də hesab edir ki, Azərbaycanda uşaq televiziyasının açılması ən vacib məsələlərdən biridir: "Vaxtı ilə biz də Azərbaycanda uşaq televiziyasının yaradılması ilə bağlı məsələ qaldırdıq və hələ də Azərbaycanda belə bir televiziya kanalına ciddi ehtiyac olduğunu düşünürük. Ancaq bir məsələ var ki, yaradılacaq uşaq televiziyası da İdman Azərbaycan və Mədəniyyət kanalına oxşayacaqsa, onu yaratmağın heç bir mənası yoxdur. Uşaq televiziyasının idarə olunmasının yüksək peşəkarlıq tələb etdiyini bildirən ekspert vurğulayıb ki, televiziya yaradılsa belə, bizdə uşaqlarla bağlı efirə gedəcək material yoxdur. Əgər biz indiki telekanallar daxilində uşaq verilişləri hazırlaya bilmiriksə, heç olmasa, gündə normal bir saat uşaq verilişləri efirdə getmirsə, hansı təminatımız var ki, uşaq televiziyası digər televiziyalara bənzəməyəcək. Axı bütöv bir televiziya efirini tutacaq verilişlərimiz yoxdur: "Ümumiyyətlə, son zamanlar Azərbaycanda uşaqlarla bağlı çox az sayda efir məhsulu yaradılıb, uşaq filmləri, cizgi filmləri demək olar ki, yoxdur. Müxtəlif yaş kateqoriyalarına uyğun kinofilmlərimiz də həmçinin. Bu sahədə çox ciddi problemlərimiz olduğu üçün indiki dövrdə ayrıca uşaq kanallarının yaradılacağını real hesab etmirəm. Amma Musa müəllimin təklifi təqdirəlayiqdir. Ancaq çox təəssüf ki, baza olmadığı üçün biz bunu sadəcə təşəbbüs kimi dəyərləndirə bilirik”.
Dünya təcrübəsindən nümunə gətirən ekspert vurğulayıb ki, xarici ölkələrdə, o cümlədən də qardaş Türkiyədə bu proses özünü doğruldub və hər bir uşaq kanalının da kifayət qədər tamaşaçısı var. Q.Məhərrəmlinin sözlərinə görə, prinsipcə, hansısa uşaq fondu və ya təşkilatlarının yardımı ilə belə bir kanal yaratmaq olar. Sadəcə, bu ideyanı reallaşdırmazdan əvvəl kadr və baza çatışmazlıqları aradan qaldırılmalıdır.
Şəymən