“Səhnədə yeni parıltı, yeni görüntü, yeni səs yoxdu. Mən görə bilmirəm. Hamı biri-birinə oxşayır. İfa, oxu tərzləri eynidir, mahnılar oxşardı”
“Utanmırlar, çıxan deyir ki, mən estrada müğənnisiyəm”
Mübariz Tağıyev: “Toyu estrada səhnəsi ilə eyniləşdirmək düzgün deyil”
“Səhnədə yeni parıltı, yeni görüntü, yeni səs yoxdu. Mən görə bilmirəm. Hamı biri-birinə oxşayır. İfa, oxu tərzləri eynidir, mahnılar oxşardı”
“Səhnədə yeni parıltı, yeni görüntü, yeni səs yoxdu. Mən görə bilmirəm. Hamı biri-birinə oxşayır. İfa, oxu tərzləri eynidir, mahnılar oxşardı”
Xalq artisti Mübariz Tağıyev şou-biznesin, xüsusilə də estrada səhnəsinin bugünkü durumundan narahatlığını dilə gətirdi. "Şərq”ə müsahibə verən Mübariz Tağıyev "estrada səhnəsi sönüb” deyərək sitəm etdi.
- Mübariz Tağıyev çoxdandı görünmür. Nə işlə məşğulsuz?
- Nə deyim? Bekarçılıqdı (Gülür).
- Yorulmursuz belə olanda?
- Əslində yoruluram. Bekar olmağı qətiyyən sevmirəm. Yeni mahnılar üzərində çalışıram. Yəni nəsə edirəm. Amma hələki istədiyimi təqdim edə bilmirəm.
- Səbəb?
- Çünki istəklərimlə həyata keçirtmək istədiklərim biri-birini tamalamır. İstəklərim, planlarım çoxdu. Hələki ərsəyə gətirəcəklərim azdı. Yeni mahnılar var. Nəsə etməyə çalışram. Mahnıların o tərəfini, bu tərəfini düzəldirəm.
- Konsert proqramı üzərində uzun müddətdir işləyirsiz. Amma nəsə uzanır hər dəfə. Problem nədi? Niyə solo konsert verə bilmirsiz?
- Nəsə əmələ gəlmir. Hər dəfə deyirəm alınmır. Nəsə bir qəmbərqulu çıxır. Hər dəfə bir maneə yaranır.
- Amma hesabat konsert vermək arzunuz yəqin ki böyükdü...
- Təbii. Tamaşaçılarla ara-sıra görüşürük. Amma arzuladığım konsert proqramını təqdim etmək istəyimi hələki reallaşdıra bilmirəm.
- Maddi baxımdan çətinlik yaranır, ya başqa səbəblər də var.
- Təkcə maddiyyat deyil. Konsert üçün istədiyim şərait olmalıdı. İstədiyim alınmır.
- Nə istəyir ki, Mübariz Tağıyev? Nə alınmır...
- Mübariz Tağıyev yaxşı dekorasiya istəyir. Mübariz Tağıyev estrada orkestri ilə konsert istəyir. İstəklərim böyük və əslində keyfiyyətli musiqi təqdim etməkdi. Görək də. Qismət.
- Bu yaxınlarda şəxsi instaqram səhifəsində paylaşımları ilə Türkiyənin xəbər proqramlarının belə diqqətini cəlb edən azərbaycanlı çobanın ifası maraq yarada bildi. Pərvin Səfərov adlı çoban indi "O səs Türkiyə” layihəsinin iştirakçısı oldu. Siz də bu kimi layihədə münsif olmusuz. Niyə bizimkilər Türkiyəyə getməyə üstünlük verirlər?
- Bilirsiz, Azərbaycanda istedadı olan nə qədər gənc var. Azərbaycanda da zaman-zaman bu kimi müsabiqələr keçirilir. Bu uşaqların Türkiyəyə, Rusiyaya gedib oradakı müsabiqələrə qoşulmasının başqa məqsədi var. Bunların düşüncəsinə görə, Türkiyə daha böyük ölkədi, orada iştirak etməklə tez tanınmaq olar. Amma gəlin həm də həqiqətlərin üzünə baxmağı da bacaraq. Qardaş ölkədi. Azərbaycandan gedənlərin heç birinə biganə yanaşmırlar, iştirak üçün də müəyyən şərait yaradılır. Amma bunların sonrakı aqibəti necə olur? Ora qatılanlar sona qədər iştirak edə bilirlərmi? Sual verirəm, indiyə qədər gedənlər hardadı?
- Yəni nəticəsiz qalır ora qatılmaq?
- Nəticəsiz qalır deyəndə ki, orda iştirak edənlərə hansı şərait yaradılıb? Onların reklamı qurulubmu? Onlarla hansısa şirkətlər müqavilə bağlayıbmı? Yox. Hansı biri o müsabiqədəki iştirakından sonra Türkiyə şou-biznesinə qatıla bilib? Heç birisi. Hətta Elnur qalib olsa belə o da Türkiyə şou-biznesində yoxdu. Bunu niyə qəbul edə bilmirik? Onlar qardaş dövlət kimi səni bir-iki dəfə səhnəyə çıxara bilər. Amma sən o şou aləminin içinə girə bilməzsən. Bu şərait heç kimə yaradılmayacaq. Onlar sənə etdikləri dəstəyi öz iştirakçılarına edəcəklər. Bilirsiz, azərbaycanlılardan söhbət gedirsə, bizim özümüzdə belə istedadlılara dəstək olmaq, onları yetişdirmək üçün addımlar atılmalıdı. Onların reklamı üçün imkan yaradılsa, inanın Azərbaycanda o qədər istedadlı gənc var ki. Türkiyə qardaş ölkədi. Amma özününkünü qoyub heç kim səninkinə dəstək olmayacaq.
- Yəni ora gedənlər sonradan Azərbaycanda daha tez tanınıb efirlərə ayaq açmaq məqsədi ilə xaricdəki müsabiqələrə qoşulur.
- Bu da var. Yəni bu məqam da bəlkə nəzərə alınır. Belə Azərbaycanda hansı kanalın qapısını döysə, onu efirə çıxarmayacaqlar. Bunun üçün pul, vəsait tələb olunur. Amma Türkiyədə, Rusiyada çıxış edəndə artıq bir müddət o gəncə maraq olur deyə bizdəki efirlər də bəzən onları efirə dəvət edirlər. Onlar öz ölkələrində efirə çıxmaq yolunu ölkədən kənardakı müsabiqələrə qatılmaqla tapırlar. Bununla özlərinə efir qapısı açacaqlarını düşünürlər.
- Bəs onları səhnəyə gətirmək üçün nə etmək lazımdı?
- Mən bir də vuruğulayıram ki, bizdə kifayət qədər istedadı, güclü səsi olan gənclər var. Sadəcə onlarla ciddi iş qurmaq, prodüser mərkəzləri yaratmaq lazımdı. Prodüser olmadan onların tanınması mümkün deyil. Bir də onlar arasında elələri var ki, güclü səs diapazonu-filan hər şey yerindədi. İstedad var. Amma yetərli deyil. Çünki onu səhnəyə gətirmək üçün başqa məsələləri də nəzərə almaq lazımdı. Səhnə mədəniyyəti olmalıdı, geyim, tərz və bir çox başqa amillər. O qədər istedadlı uşaqlar var ki, səs var, amma tutmur, tanınmağı mümkün deyil.
- Nədi tutmamağının səbəbi? Səs, istedad var, bəs niyə şou dilində desək "tutuzdura” bilmirlər?
- Səbəbləri çoxdu. İnsanın özündə bir aura olur. İnsan var ki, otağa girən kimi işıq verir, parıldayır. Bax, tamaşaçı o işığı hiss edir. Əgər o işıq yoxdusa, tamaşaçı onu qəbul etmir. Səsi var, işıq, parıltı yoxdusa, sən səhnədə görünməyəcəksən.
- Burda naxış məsələsi rol oynayırmı? Deyirlər ki, filankəsin "naxışı” gətirdi...
- Naxış məsələsi elə o bayaq dediyim parıltıdan başlayır. Bir də səmimilik məsələsi var. Sən səhnədə səmimi ola bilmirsənsə, tamaşaçı onu dərhal hiss edir. Səhnə plastikanı, parıltını sevir, amma riyakarlığı, süniliyi, maskanı sevmir. Bəziləri istedadı ola-ola səhnədə oyun oynayıb, süniliyə üstünlük verirlər. Onda özlərini, simalarını itirirlər. Hərdən məsləhət verdiyim gənclər də olur ki, ay balam, bunu eləmə səhnədə. Eləmə də... Sənin tərzin deyil axı. Görürsən ki yox, edir, amma qəbul olunmur.
- Azərbaycan estrada səhnəsi sönük görünmür son vaxtlar? Sizə də elə gəlmirmi ki, estrada səhnəsi sönüb...
- Estrada səhnəsi sönüb. Həqiqətən o qədər sönük olub ki. Bir-iki nəfər konsert-filan verir. Amma bu o demək deyil ki, estrada səhnəsi hiss olunur. Hamı toya qaçır. Toy lazımdı, bu gün tək gəlir yeri budu. Amma toy başqadı, səhnə başqa. Səhnənin öz repertuarı olmalıdı. Estrada səhnəsində "Estradnik” yoxdu, görünmür. Faciəmiz budu. Estrada fərqli bir sahədi, janrdı. Sən hər janrda oxuya bilməzsən, sən həm estrada musiqisini, həm də xalq mahnısını peşəkar ifa edə bilməzsən. Səhnədə yeni parıltı, yeni görüntü, yeni səs yoxdu. Mən görə bilmirəm. Hamı biri-birinə oxşayır. İfa, oxu tərzləri eynidir, mahnılar oxşardı. Tərzlər təkrardı. Estrada səhnəsi estradasız qalıb bu gün. Estrada aləminin elə incə məqamları var ki, onu bilmədən estrada ifa edə bilməzsən. Təkcə musiqi duyumunun olması bəs etmir. Estrada böyük bir məktəbdi. Necə ki, muğam bir məktəbdi, estrada da bir məktəbdi. Xalq musiqisində 3-4 xətt aparıcıdırsa, estradada bu bəlkə də 104-dü. Peşəkar estrada dərhal ifada hiss olunur. Bu gün estrada səhnəsində o parıltı yoxdusa, ondan danışmağın da mənası yoxdu. Bu gün hamı istədiyini oxuyur. Estrada oxuyan akademik musiqi də ifa edir. Xalq mahnısı ifa edən müğənni az qalır pop-blyuz da oxusun. Elə deyil axı. Utanmaz-utanmaz bunu da edənlər var. Demək istəyirlər ki, biz bunu da bacarırıq. Amma bacarmırsan axı. Ayıbdı. Estrada sənəti böyük bir məktəbdi, onu mənimsəmədən, onu bilmədən sən estrada səhnəsində ola bilməzsən. Estrada məktəbinin təməli sərbəst oxu üzərində qurulub. Rok da, blyuz da bura daxil edilə bilər. Digər janrlar qollar sayılır. Kökündə estrada durur. Bizdə estradanı elə bir şəkildə təqdim edirlər ki, bu janr gülməli görünür. Bundan utanmırlar. Çıxan deyir ki, mən estrada müğənnisiyəm. Sən bunu deyə bilməzsən. Buna haqqın çatmır. Estrada səhnəsində musiqi təhsili vacibdi. Toyu estrada səhnəsi ilə eyniləşdirmək düzgün deyil. Sən toy müğənnisi kimi tanına bilərsən. Amma estrada səhnəsinə çıxmaq ixtiyarına sahib ola bilməzsən. Təəssüf ki, bu gün estrada səhnəsində estradan başqa hər şeyi görmək mümkündü. Bu məni narahat edir.
Tahirə