
Uzaq durun!
“Coca-cola” öldürər də, adamın atasını da yandırar”
Ölkədə əcaib-qəraib hadisələr baş verir. Dünən Ağcabədi rayonunun Ağabəyli kəndində yaşayan Xocavənd rayon sakini Murad Nəsirovun "Coca-cola”dan zəhərlənmə ilə xəstəxanaya yerləşdirildiyi və orada vəfat etdiyi xəbəri yayıldı. Xəbər bu şəkildə yayılmışdı, özü də DİN-in rəsmi saytına istinadən: "Ağcabədi rayonunda zəhərlənmədən ölüm hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin saytı xəbər verir ki, mayın 17-də Ağcabədi rayonunun Ağabəyli kəndində yaşayan Xocavənd rayon sakini Murad Nəsirov "Coca-cola” içkisindən zəhərlənmə ilə xəstəxanaya gətirilib və mayın 18-də xəstəxanada dünyasını dəyişib. Hazırda faktla bağlı araşdırma aparılır”.
Bu xəbərdən sonra onsuz da "Coca-cola”ya etibar etməyənlər, hər zaman bu içkiyə "qıyqacı” baxanların nəzərləri daha da sərtləşdi və "gördünüz?! Deyirdilər, bu "Coca-cola”dan, "Fanta”dan, "Pepsi”dən uzaq durun, inanmırdınız!..” formasında ittihamlar, istehsalçıya qarğışlar, bəd-dualar ünvanlandı.
Günün ortasında isə məlumat lapdan dəyişdi. Və məlum oldu ki, demə ölüm hadisəsi birbaşa bu içkinin mədəyə qəbulu ilə deyil, damara, bəli, məhz damara (!) vurulmasıyla baş verib.
Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin qida zəhərlənmələri şöbəsinin müdiri İmran Abdullayev Modern.az saytına açıqlamasında bildirdi ki, ilkin məlumata görə, Ağabəyli kəndində yaşayan Xocavənd rayon sakini Murad Nəsirov içkinin içərisinə dərman ataraq öz venasına vurub.

"Bu, içkini qəbul etməklə başa gələn ölüm hadisəsi deyil. Onun zəhərləyici komponenti yoxdur. İlkin məlumata görə, cavan oğlan kiməsə hirslənib, narazılığı olub, "Coca-cola”nın içərisinə dərman atıb və sonra onu da damarına vurub. Rayon şöbəsindən verilən ilkin məlumata görə, mayeni damarına vurub”.
"Coca-cola” adam öldürə bilərmi?
Vətəndaşın ölüm səbəbləri müəyyən qədər bəlirlənmiş olsa da, "Coca-cola” ətrafında müəmmalar qaldığından, "bu içki adam öldürməyə qadirdirmi” sualı ətrafında müzakirələr açılıb. Su İstehsalçıları Birliyinin sədri Dövlət Məmmədov Xocavənd sakininin "Coca-cola” içkisindən zəhərlənmə diaqnozu ilə ölməsi faktına münasibət bildirib. Mütəxəssis Modern.az saytına açıqlamasında zəhərlənmənin içkinin saxlanma qaydasına riayət edilməməsi şəraitində baş verə biləcəyini deyib.
"Mən hesab edirəm ki, istehlakçı məhsulun saxlanma şəraitinə düzgün riayət etməyib. Uzun müddət ağzı açıq, günəş şüası altında saxlandığı zaman içkinin tərkibi ilə qabındakı maddələrin reaksiyası gedib. Ehtimal edirəm ki, zəhərlənmə də bu səbəbdən baş verə bilər”.
D.Məmmədov bildirib ki, nəinki, "Coca-cola” və digər içkilər, elə adi suların da düzgün saxlanmasına riayət olunmalıdır. O, həmçinin içkinin hər hansı qida ilə, eyni zamanda içilməsilə baş verə biləcək zəhərlənmə faktını mümkünsüz sayıb.
Məsələ ilə bağlı "Coca-cola” şirkətinin Bakı nümayəndəliyindən isə hələ ki, heç bir rəsmi açıqlama verilməyib.
"Coca-cola” arzuolunmaz içki elan edilib
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə "Şərq”ə açıqlamasında "Coca-cola”, "Fanta”, "Pepsi-cola” kimi içkilərdən hər zaman uzaq durmağı məsləhət gördüyünü bildirdi:
- "Coca-cola” içkisi Beynəlxalq İstehlakçılar Təşkilatı tərəfindən arzuolunmaz içki elan edilib. "Coca-cola” tipli içkilər istehlakçı hüquqlarını qoruyan bütün beynəlxalq təşkilatların, o cümlədən də AİB-nin "qara siyahısı”ndadır. Çünki bu içkinin resepti 120 ildir ki, açılmır. Onun nədən, necə hazırlandığı sirr kimi saxlanılır, deyilmir. Hər bir istehlakçının hüququdur ki, aldığı və istehlak etmək istədiyi malın, məhsulun tərkibi barədə məlumatlı olsun. Bir halda ki, bu içkinin tərkibi naməlumdur, deməli, o, içilməməlidir. Naməlum olanda təhlükə ehtimalı da böyükdür. AİB-nin bu sahədə uğuru ondan ibarətdir ki, 2 il əvvəl bizim inadlı təkidimizdən sonra bu içkinin məktəb bufetlərində satışına qadağa qoyuldu. Heç olmasa, bununla balalarımızın sağlamlığını qismən də olsa qoruya bildik. Uşaq bu içkini məktəbdə almır, amma evdə ata-anası onu alıb uşağına içirdir. Biz "Coca-cola” ilə bağlı ofisimizdə çox primitiv bir təcrübə keçirmişik. Ayra-ayrı stəkanlar götürdük, birinə "Coca-cola”, birinə "Fanta”, birinə də adi içməli su tökdük. Hərəsinin içinə də bir parça ət saldıq. Adi suyun içində olan ət parçası bir-iki gündən sonra xarab oldu. Amma "Coca-cola”nın içindəki ət parçası aylarla necə vardısa, elə də qaldı, sonra liflərə ayrıldı. "Coca-cola” isə ağ, sarı, qırmızı rənglərə parçalandı. Sinəsinə döyən əmtəəşünasları çağırdıq ki, buna nə izah verə bilərsiniz, hamısı çiyinlərini çəkib çıxıb getdilər. Deməli, bu içki insan orqanizmində mikroorqanizmlərin artmasına mane olur. Deyirlər, sərinləşdirici içkidir, onu içəndə sərinlənirik. İnsan bədəni o zaman sərinlənir ki, orqanizmdən enerji ayrılır. Deməli, bu içki insan orqanizmindən enerjinin ayrılmasına səbəb olur. Ofisdə başqa təcrübə də keçirmişik. "Coca-cola”nı döşəmədəki ağ plitənin üzərinə tökmüşük, bir qədər keçdikdən sonra qətran kimi yapışıb qalıb daş plitədə. İnsan mədəsində də bu içki belə yapışıb qalır.
E.Hüseynov insanların yanlış təsəvvürlərə qapıldığını da dedi:
- Bizim əhalidə belə bir yanlış yanaşma tərzi var ki, filankəs ömür boyu araq içdi, heç nə olmadı, 90, 100 yaşına kimi yaşadı. Filankəs uşaq vaxtından siqaret çəkir, "top kimi”dir. "Coca-cola” və onun kimi digər sərinləşdirici içkilərlə bağlı da eyni yanlış yanaşma var; neçə ildir içirəm, heç nə olmayıb. Neçə il "heç nə olmaması”, yəni bədbəxt bir hadisənin baş verməməsi, o demək deyil ki, bundan sonra da olmayacaq. Hər hadisə hamının başına gəlmir. Qeyri-sağlam qidanı eyni vaxtda bir neçə nəfər qəbul edə bilər, amma birinə mənfi təsir edər, zəhərlənmə verər, digərinə təsir etməz və ya az təsir edər, həmin anda nəticəsi ağır olmaz. Amma bəlkə də bir müddət sonra, hətta bir neçə il sonra öz təsirini göstərər. Bu, birbaşa insan orqanizmi, orqanizmin qidaya verəcəyi reaksiyadan asılıdır. Amma bir həqiqət var ki, heç kim təhlükədən sığortalanmayıb. Ona görə də çalışmalıyıq ki, sağlam şəkildə qidalanaq.
E.Hüseynov qeyd etdi ki, qida zəhərlənmələri ilə bağlı indiyədək baş vermiş hadisələrdə konkret kiminsə cəzalandığının şahidi olmayıb:
- Nə qədər ki, istehsalçılarla sertifikatlaşdırma qurumlarının maraqları birləşir, biz kiminsə cəzalandırıldığını görməyəcəyik. Qida zəhərlənmələrində də istehlakçı günahkar çıxacaq, deyəcəklər, düzgün şəraitdə saxlanmayıb, qidanın qəbulu qaydalarına riayət edilməyib və s. İstehsalçıları günahlandırmaq da mümkün olmayacaq, çünki sertifikatı çıxarıb qoyacaqlar ortalığa ki, baxın, uyğunluq sertifikatımız var.
Məlahət Rzayeva