Valideynlər çox narazıdır

Həyat səviyyəsi aşağı olan analar işləmək istəyir, amma bağça tapmır ki, uşağını ora həvalə etsin




Ölkəmizdə fəaliyyət göstərən uşaq bağçaları və körpələr evinin icra hakimiyyətinin tabeçiliyindən çıxarılıb yenidən Təhsil Nazirliyinə (TN) həvalə olunması, uzun müddətdir ki, müzakirə mövzusudur. Demək olar ki, indiyə kimi bir sıra tanınmış təhsil ekspertləri hazırkı halın böyük fəsadlara yol açacağından narahatlıqlarını bildiriblər. Buna rəğmən məsələnin gerçəkləşməsinə dair real addımların şahidi olmuruq.

Ötən günlərdə təhsil eksperti Etibar Əliyev də ciddi çağırışlar edərək, TN-in səlahiyyətlərinin artırılmasını təklif edib. Onun sözlərinə görə, bağçalar sözügedən nazirliyə tabe olmalıdır: "Çünki yerli icra hakimiyyəti orqanlarının ümumiyyətlə, tərbiyə prosesinin və məktəbəqədər təhsilin həyata keçirilməsi üçün elə bir strukturu və kadrları yoxdur. Bütün dünyada proses bu cürdür. Özəl və dövlət məktəbəqədər təhsil müəssisələri istər proqram baxımından, istərsə də

tərbiyə prosesinin həyata keçirilməsi baxımından mütləq TN-in tabeliyinə verilməlidir. Məktəbəqədər təhsil proqramları, kurikulumlar adıçəkilən nazirlik tərəfindən hazırlanır və təstiq olunursa, avtomatik olaraq tabeçilik də ona aid olmalıdır”.

Ekspertin çağırışını dəyərləndirən Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirov "Şərq”ə açıqlamasında bildirib ki, bağçalar nə icra hakimiyyəti orqanlarının, nə də göstərilən nazirliyin tabeliyində olmalıdır. Onun qənaətincə, bu tipli müəssisələri idarə etmək üçün dövlət tərəfindən xüsusi komitələr yaradılmalıdır: "Çünki bağçalar sosial əhəmiyyət daşıyan obyektlərdir. O da icra hakimiyyəti orqanlarına verilir. Onların təhsilinə nəzarət olunmur. Yalnız qida ilə təmin olunurlar. Bağçalarda məktəbəqədər təhsil verilməlidir. Məncə, uşaqların məktəbəqədər təhsilinin kamilləşdirilməsi üçün yeni strukturun yaradılması vacibdir”.

Liqa rəhbəri hesab edir ki, icra hakimiyyəti qurumlarının məktəbəqədər təhsil sistemini idarə edəcək strukturu və potensialı yoxdur: "TN-in məktəbəqədər təhsil şöbəsi var. Burada uşaq bağçalarının tədris metodikası və tərbiyəsi ilə bağlı kollektiv fəaliyyət göstərir. BŞİH-nin isə elə bir strukturu mövcud deyil. İcra hakimiyyəti orqanları maddi cəhətdən bağçaları təmin edə bilər. Lakin uşaqların intellektual səviyyələrinin formalaşması, tərbiyələrinin təkmilləşməsi daha vacibdir”.

"Ümidli gələcək” Gənclər Təşkilatının icraçı direktoru Kəmalə Aşımova da bağçaların TN-ə qaytarılmasını dəstəkləyir: "Bağça təkcə yemək, içmək, yatmaq, oynamaq yeri deyil. Tədris müəssisəsidir. Uşaqlar orada həm həyatı öyrənir, həm psixoloji, məntiqi mənada formalaşırlar. "Təşkilatımızın uşaq klinikası və uşaq "qaynar xətt”i fəaliyyətini davam etdirir. "Qaynar xətt”ə saysız müraciətlər əsasən uşaq bağçaları ilə bağlıdır. Valideynlər çox narazıdırlar. Həyat səviyyəsi aşağı olan analar işləmək istəyir, amma bağça tapmır ki, uşağını ora həvalə etsin. Necə olubsa, bütün bağçalar birdən-birə dolub. BŞİH-nin təmir işləri alqışa layiqdir. Amma bu işi elə qurmaq lazımdır ki, ailələrdə problemlər yaranmasın. Uşaq qəbulu məsələsi bərbad vəziyyətdədir. Təsəvvür edin, biz müraciət əsasında bir xanımın uşağını ötən ilin oktyabr ayından hansısa bağçaya yerləşdirə bilmirdik. Nəticədə bu ilin aprelində işimiz baş tutdu. Yaxud bu yaxında kimsəsiz bir qadının uşağını bağçaya düzəltmək üçün çox çalışdıq. Heç bir sosial müdafiəsi olmayan bu xanımdan elə sənədlər tələb olunurdu ki, adam təəccüblənirdi. Yaxud əsas məsələ odur ki, Bakının hər rayonunun bağçasındakı problemi həmin rayonun icrası həll edə bilmir. Gərək Bakı Şəhər İcra Hakimiyyətinə şikayət olunsun. Hər bir bağçada psixoloqun, tibb bacısının olması mütləqdir. Uşaqların qəbulu müdirənin istəyi ilə yox, xüsusi qayda ilə aparılmalıdır. Bağçaların adıçəkilən nazirliyə qaytarılması mütləq həyata keçirilməlidir. Əks halda bu, ağır faciələrə gətirib çıxara bilər”.

Ayyət Əhməd