Valideynlərin “Gündəlik” ağrısı...

Korrupsiyaya bulaşanlar yaşlı direktorlardır



Yeni dərs ilinin başlanmasına sayılı günlər qalıb. Əlbəttə, imkanlı valideynlər "bu il övladım bir sinif də irəliləyəcək " deyib, sevinir və sentyabrın 15-ni səbirsizliklə gözləyir. Yoxsul valideynlər isə hələ də "uşağın məktəb paltarı və dəftər- qələmini necə alacam” sualının cavabını axtarır. Üstəgəl, məktəb direktorlarının "filan firmanın dəftər-qələmini almalısınız” göstərişi isə imkansız valideynlərin "dərdləri üstünə dərd qatır”.


Çünki bu tapşırıq onların sosial şəraitini daha da ağırlaşdırır. Məsələn, ötən günlərdə metronun "20 Yanvar” stansiyası yaxınlığında iki qadının buna dair müzakirəsinin şahidi oldum. Oğlunun Sumqayıt şəhəri 21 saylı orta məktəbdə oxuduğunu söyləyən qadınlardan biri qeyd etdi ki, həmin məktəbin direktoru şagirdlərə gündəliklərlə bağlı konkret göstəriş verib: "Artıq bir neçə ildir ki, övladlarımıza 3 manatlıq gündəlik alırıq. O gündəlikdən almasaq, uşağı məktəbdə incidirlər. Ötən il oğlumun israrına baxmayaraq gedib, aşağı qiymətə başqa bir firmanın gündəliyini aldım. Müəllim "bu gündəlik bizim məktəbə yaramır” deyərək oğlumdan 3 manatlıq gündəlikdən almağı tələb etmişdi. Əlbəttə, məcbur qalıb sonradan onlar istəyəndən aldıq. Başqa çarəmiz də yoxdur. Çünki almayanda və yaxud valideyn məktəbə gəlib etiraz edəndə, uşağı sinifdə danlayırlar. Pis hala salırlar ki, bu da ona psixoloji təsir göstərir. Biz də istəmirik ki, övladımız yoldaşlarının yanında başıaşağı olsun. Düzdür, alırıq, amma çox bahadır”.
Xanım onu da bildirdi ki, tək gündəliklə iş bitmir. Hətta dəftər-qələm almaq üçün konkret mağaza adı çəkirlər: "Deyirlər ki, gedin, filan mağazadan alın. Əlbəttə, biz də gedirik baha qiymət diktə etsələr də, o qiymətə alırıq. Lakin bu, bizim gəlirlərimizlə üst-üstə düşmür. Yoldaşım 300 manat əmək haqqı alır. Mən də işləmirəm. 3 övladımız var. 3-ü də məktəblidir. Özümüz də kirayədə yaşayırıq. İndi gəl o aylıqla dolan. Çıxıb direktora da deyən yoxdur ki, bəsdir, belə olmaz”.
Bunu məktəb direktorunun özbaşınalığı kimi dəyərləndirən təhsil eksperti Nabatəli Qulamoğlu "Şərq”ə bildirib ki, bu işdə direktorun marağı aydınca görünür: "Qanunsuz davranışdır. Hətta direktorlar repetitor qruplar ilə əlaqəli işləyirlər. Repetitor qruplara test kitabçaları hazırlatdırırlar və həmin testləri məktəbdə satdırıb pulu yarı bölürlər. Müəyyən mağazalarla da danışıqlar aparırlar. Mağazalara deyirlər ki, bu malından hər il bu qədər satacam. Gəlirin də bu qədəri mənimdir. Bu, açıq-aşkar soyğunçuluqdur. Düzdür, Təhsil Nazirliyi (TN) deklarativ olaraq tapşırıq verir ki, belə işlərlə məşğul olmayın. Amma məsələ şahidliyə gəlincə, valideynlər nümayişkaranə şəkildə şikayət etmir. Anonim şikayətlər isə bu dözülməz prosesin davam etməsinə şərait yaradır. Bu millətin bədbəxtçiliyi ondadır ki, şikayət edib, haqlarını tələb etmirlər”.
TN-in bu məsələləri dəstəkləmədiyini deyən ekspert söyləyib ki, valideynlər müraciət etsə, sözügedən nazirlik həmin direktoru cəzalandıracaq: "Təəssüf edirəm ki, belə vəziyyətlərdə valideynlər aktivlik nümayiş etdirmirlər. Ona görə də qeyri-aktivliyin bəlasını yaşayırıq”.
Ekspert onu da diqqətə çatdırıb ki, vicdanla çalışan direktorlar da az deyil: "Yəni "bütün məktəb direktorları pisdir” demək olmaz. Xüsusilə yeni təyinat alanlar haqda belə neqativ ifadələrlə çıxış etmək doğru deyil. Korrupsiya yaradanlar yaşlı direktorlardır. Görürlər ki, 65 yaşlarına 1-2 il qalıb, "yığıma” başlayırlar. Amma deyim ki, valideynlərin reaksiyası olmadan bu problemi həll etmək mümkün deyil. Nə vaxta qədər ki, valideynlər səslərini çıxarmayacaqlar, belə oyunlar davam edəcək. Lakin onlar konkret faktlarla TN-ə şikayət etsələr, o direktor layiqli cəzasını alacaq”.

Ayyət Əhməd