Valyutadəyişmə məntəqələrinin ləğv olunmasının zərərləri...

"Valyutadəyişmə məntəqələrinin ləğv olunması vətəndaşların və biznes qurumlarının daha əlçatan, uyğun şəraitdə valyutanı konvertasiya etmək imkanlarını məhdudlaşdırırdı”.
Bunu "Sherg.az”a valyuta mübadiləsi məntəqələrinin bərpasının labüdlüyü haqqında danışarkən iqtisadçı ekspert Rəşad Həsənov deyib. 
O bildirib ki, valyuta mübadilə məntəqələrinin daha əlçatan ərazilərdə yerləşdirilməsi, xidmətinin asanlaşdırılması xüsusilə turizm sahəsi üçün vacibdir:
"Son dövrlərdə də turist xərcləmələrinin səviyyəsinin aşağı düşdüyünü müşahidə etdik. Azərbaycanda turizm sahəsinin inkişafı əsas məsələlərdən olduğundan valyutadəyişmə məntəqələrinin olmaması buna problem yaradırdı.
Bu məntəqələrin bağlanmasından sonra banklar çalışırdı ki, yaranmış şəraitdən sui-istifadə edərək, marjanı artırsın. Bu zaman biznesin və vətəndaşların itkiləri də artırdı. Belə halların qarşısının alınmasında rəqabət mühitinin təmin edilməsi əhəmiyyətli hesab olunmalıdır.
Məşğulluq baxımından mübadilə məntəqəsində çalışanların əksəriyyəti işsiz qaldığından bu sektorda problem yaranıb. Təxmini 6 minə yaxın insanın işsiz qaldığı məlumdur. Yenidən məntəqələrin fəaliyyətə başlaması bu istiqamətdə də məşğulluğa dəstəkləyici müsbət təsir göstərəcək.
Yeni qaydalara görə, valyutadəyişmə məntəqələrinin birtərəfli əməliyyatlar həyata keçirməsinə məhdudiyyətlər tətbiq olunacaq. Məsələn, kassalarda manat olduğu halda bilərəkdən bu istiqamətdə alış və ya satışın dayandırılması qanun pozuntusu hesab ediləcək.
Xüsusilə nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac var. Qanunvericiliyə edilən yeni dəyişikliklərin sektorda tətbiq edilməsi yoxlanmalıdır ki, nəticə yüksək olsun”.
Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası "Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası”nı təsdiq edib. 
Qayda "Valyuta tənzimi haqqında” qanuna uyğun olaraq valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması, valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi üçün təşkilati, texniki təchizat və təhlükəsizlik tələblərinin, həmin tələblərə dair təsdiqedici sənədlərin siyahısının, valyuta mübadiləsi əməliyyatları üzrə uçotun, hesabatın və sənədləşmənin vahid formalarının, onların təqdim olunması qaydasının və müddətlərinin, valyuta mübadiləsi fəaliyyəti həyata keçiriləcək obyektlərin yerləşəcəyi ərazilərin müəyyən olunması ilə bağlı münasibətləri tənzimləyir. 
Qaydaya əsasən, valyuta mübadiləsi məntəqəsində valyuta mübadiləsi fəaliyyətindən başqa digər xidmətlər həyata keçirilə bilməz.
Aysel Aslan