Vaxt var idi İsa Qəmbər Qubad bəylə qürrələnirdi

“Müsavatda hərə öz otağına çəkilərək balaca krallıq yaradıb”



Başqanlığa sabiq namizəd, ADR Hərəkatının təşkilat komitəsinin sədri Qubad İbadoğlunun Müsavatdan çıxarılması tərəflər arasındakı qarşıdurmanı şiddətləndirib. ADR sədri Divana qatılmadığı halda partiyadan xaric edilməsinin Nizamnaməyə zidd olduğunu bildirərək alınan qərara etiraz edib. O deyib ki, əvvəlcədən toplantıda videoçəkiliş, səs yazısı və müşahidəçilərin olacağı razılaşdırılsa da, partiya rəhbərliyi Divanın iclasına qatılarkən bunların qadağan edildiyini deyib.

Nəticədə Q.İbadoğlu və tərəfdarları etiraz əlaməti olaraq iclası tərk ediblər. Yəni yekun qərar narazıların iştirakı olmadan qəbul olunub. Qərarın formal xarakter daşıdığını iddia edən ADR rəhbəri partiyadakı fəaliyyətini davam etdirəcəyini açıqlasa da, Müsavat rəsmiləri buna imkan verilməyəcəyini bildiriblər. Partiyada uzun müddətdir davam edən daxili gərginliyi şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu 2003-cü il seçkilərindən bu yana Müsavatın itkilər verərək və zəifləyərək gəldiyini bildirib: "Ötən illər ərzində partiya üzvlərinin bir hissəsi Azərbaycandan köçüb gedib, bir hissəsi isə başqa partiyalara qoşulublar. Amma eks-başqan İsa Qəmbər öz nüfuzu hesabına partiyanın monolitliyini birtəhər qoruyub saxlaya bilirdi. Elə ki, İ.Qəmbərin getmək vaxtı gəldi, biz qurumda ikitirəliyin yarandığının şahidi olduq. Əslində partiyada liderlər arasında mübarizə aparmaq, yarışmaq normal anlayışdır. Amma bizdə belə mübarizələr sağlam getmədiyi üçün proseslər hər zaman partiyaların parçalanması ilə nəticələnir. Bunu AXCP-nin timsalında görmüşük. İndi də Müsavat eyni aqibəti yaşayır. Artıq Müsavat yarı gücünü itirib”. E.Şahinoğlunun sözlərinə görə, partiyada əksəriyyət Qubad İbadoğlunun təşkilatdan xaric edilməsinin əleyhinə çıxırlar: "Bu o deməkdir ki, ya Q.İbadoğlu yenidən partiyaya qaytarılmalıdır ki, buna az ehtimal var, çünki Divan nüfuzuna zərbə vuran addım atmaz, ya da Q.İbadoğlu öz çoxsaylı tərəfdarlarını bir yerə yığaraq yeni partiya yaratmalıdır. Bu halda isə Müsavat faktiki olaraq iki yerə parçalanacaq. Çünki Q.İbadoğlu qurultayda az qala başqan Arif Hacılı qədər səs toplayıb”. Politoloq Q.İbadoğlunun əvvəlcədən struktur yaratmasını da təsadüf hesab etmir: "Qubad bəy ona görə hərəkat yaradıb ki, Müsavatdakı planları alınmasa, yeni qurumu siyasi partiyaya çevirsin. Buna görə də o, rayon-rayon gəzir və öz tərəfdarlarını toplayır”. Partiyadan istefaları dəyərləndirən ekspertin fikrincə, ümumiyyətlə, heç bir müxalifət partiyasında güclü kadr potensialı qalmayıb: "Əgər Müsavat olan-qalan nüfuzlu üzvlərin itirilməsinə də reaksiya vermirsə, biganə yanaşırsa, bu, həqiqətən acınacaqlıdır. Elə götürək Qubad İbadoğlunu. Kimlərsə onun siyasi mövqeyini bəyənməyə bilər. Amma mən xatırlayıram, İsa Qəmbər partiyanın iqtisadi layihələrindən danışanda, hər dəfə Qubad bəyi ağızdolusu tərifləyirdi və elə bir kadra sahib olduqları üçün qürrələnirdi. Ancaq indi həmin adamlar açıq şəkildə Q.İbadoğlunu ittiham edir, onu hakimiyyətə "işləməkdə” günahlandırırlar. Həmçinin, Vurğun Əyyub və Hikmət Hacızadə də Müsavatın qurulmasında mühüm rol oynamış şəxslər olublar. Amma indi onların heç biri partiyada yoxdur. Sanki belə də olmalıymış. İndiki və eks-başqan istefa verənlərlə bağlı narahatlıq ifadə etmir. Hətta İsa Qəmbər birbaşa Arif Hacılıya dəstək verdiyini deyir. Amma unudur ki, istefalar ümumilikdə partiyanın itirilməsi, zəifləməsi deməkdir. Sabah Müsavat parlament seçkilərinə qatılsa, hansı kadr potensialını önə sürəcək? Heç indiki kadrlara sahib olanda seçkilərdə istədiyi nəticəni əldə edə bilməyib. Bilirsiz, Müsavatın indiki devizi belədir: - "Az olsun, bizim olsun”. Hərə öz otağına çəkilərək balaca krallıq yaradıb. Onların genişlənmə, güclənmə, tərəfdaş toplama niyyətləri yoxdur”.

İsmayıl