Vəfa Quluzadə: "Əgər ermənilər bu dəfə dirəniş göstərə bilsələr..."

"Ermənistana onsuz da torpaqlar lazım deyil..."



Rusiyalı hərbçi Permyakovun altı nəfərdən ibarət erməni ailəsini amansızlıqla qətlə yetirməsindən irəli gələn etirazlar, Gümrüdəki gərginlik və Rusiya əleyhinə əhval-ruhiyyənin yüksəlməsi ilə əlaqədar, bu şəhərdəki 102-ci rus hərbi bazasının komandanlığı öz hərbçilərinə gümrülülərin gözünə görünməməyi tapşırıb.

"Çorrord işxanutyun” qəzetinə istinadən verilən məlumata görə, Gümrüdə xidmət edən ailəli hərbi qulluqçulara öz evlərində gecələmək, Gümrüdə tək yaşayan subaylara isə yerli əhali tərəfindən təcavüzlə qarşılaşmamaq üçün evlərində gecələmək tapşırılıb. Sərəncamda həmçinin, hərbi qulluqçulara şəhəri gəzmək, kafe və digər istirahət yerlərinə getmək qadağan edilib. Rusiyanın Gümrüdəki konsulluğunun himayəsi altında fəaliyyət göstərən rus ümumtəhsil məktəbi qeyri-müəyyən müddətə bağlanılıb. Bu günlərdə küçələrdə, hətta rus məhəlləsinin küçələrində rus uşaqlarının oynadığını görmək mümkün deyil: "Bizim məlumatlarımıza görə, hərbi qulluqçuların arvadları hətta bazarlıq etmək üçün evdən çıxmırlar, onlar bu iş üçün erməni dostlarına müraciət edirlər”.

"Xəzər” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Vəfa Quluzadə isə bildirib ki, ermənilər çoxdan öz canlarını Rusiyadan qurtarmaq istəyiblər, amma heç cürə qurtara bilməyiblər. Gümrüdə baş verən hadisələrin heç nə ifadə etmədiyini vurğulayan politoloqun sözlərinə görə, Rusiya artıq Ermənistanda öz yerini möhkəmləndirib: "Rusiyanın Cənubi Qafqazdakı yeganə dayağı ermənilərdir. Əgər ermənilər bu dəfə dirəniş göstərə bilsələr, bu, böyük uğur ola bilər. Həm onlar müstəqilliklərini əldə edib müstəqil dövlət olar, həm də qonşuları ilə normal əlaqələr yarada bilərlər. Ermənistanın müstəqil dövlət olması Dağlıq Qarabağ probleminin həllinə də böyük töhfə vermiş olar və sözsüz ki, torpaqlarımız azad olunar. Ermənistana onsuz da torpaqlar lazım deyil. Dağlıq Qarabağ Rusiyanın birinci propersi idi. İndi Ukraynada onlar Qarabağ variantını işlədirlər. Luqansk, Donetski separatçıların adı ilə işğal edirlər və özləri onlara dəstək verirlər, silahlandırırlar. Beləcə, onlar Ukraynanı girovda saxlamaq istəyirlər. Bu mənada ermənilər oradan çıxsalar, bu, böyük bir tarixi hadisə olar”.

Şəymən