Vəkil də quduz itlərdən gileylənir: "Dövlət Baytarlıq Xidməti hara baxır ? ! "

İradə Cavadova: " Dövlət Baytarlıq Xidməti bu problemə xüsusi əhəmiyyət verməli, konkret addım atmalıdır "
"Heyvanları sevmək və qorumaq lazımdır, lakin söhbət quduz itlərdən gedirsə, bu heyvansevərlik lazım deyil”.
Bunu "Sherg.az”a son günlər it dişləməsi, quduzluq virusunun yayılması barədə danışarkən vəkil İradə Cavadova deyib. 
O bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti quduzluqla bağlı peyvəndləşmə həyata keçirməlidir:
"Küçələrdə olan, sahibsiz, quduz itlər yığılmalı, müayinə olunmalı və peyvənd vurulmalıdır. Təbii ki, insan həyatı ən vacib amildir. Həmin itlərin kimlər tərəfindən yığılması, peyvənd olunması diqqətlə araşdırılmalıdır. Bəzi yerlərdə hətta kor-koranə tüfəngi götürüb, insanların, uşaqların gözü qarşısında sahibsiz itləri güllələyirlər. Bu, yolverilməzdir. Belə hadisələr psixologiyaya çox pis təsir edir.
Başqa ölkələrdə də quduz itləri saxlayıb, bəsləmirlər, öldürürlər. Lakin bu şəkildə deyil. Şəhərdən kənarda, insanların görmədiyi yerlərdə itləri məhv edirlər.
Yenə qeyd edirəm ki, Dövlət Baytarlıq Xidməti (DBX) bu problemə xüsusi əhəmiyyət verməli, konkret addım atmalıdır. Peyvəndləşmə, onun prosedura qaydaları ciddi şəkildə işlənməlidir. Əminəm ki, həmin vaksinlər alınır. Əgər alınırsa, hara gedir, nəyə istifadə olunur? Bu məsələdə məsuliyyət sözügedən qurumun üzərinə düşür. DBX isə hara baxır, bilinmir".
İ.Cavadova deyib ki, insanlar sahibsiz itlərdən özlərini qorumalıdır:
"İt dişləməsi vəziyyətində ilkin tibbi yardım göstərilməlidir. Xəstə mütləq xəstəxanaya aparılmalı, müayinədən keçirilməlidir. Quduz itlərin dişləməsi nəticəsində xəsarət alanların çox olduğunu nəzərə alsaq, sosial çarxların hazırlanması, insanların bu məsələdə maarifləndirilməsi vacib görünür. Dövlət və ayrı-ayrı qurumlar tərəfindən video çarxlar hazırlanmalı, quduzluq zamanı ilkin tibbi yardım, müalicə üsulları təbliğ edilməlidir. İnsanlar bu qaydaları bilərsə, daha az fəsadlarla qarşılaşarıq”.
Qeyd edək ki, son günlərdə mətbuatda və televiziyalarda it dişləməsi ilə bağlı hadisələr intensiv yer alıb. Həmin sahibsiz itlərin quduz olması ehtimalı isə insanlarda bir növ təşviş yaradıb.
Aysel Aslan