" Vəkillər Kollegiyası hüquq sahəsinin gənc “qaymaq”larını itirir" - RƏSMİ






"Sosial şəbəkələrdə yayılan Vəkillər Kollegiyasına üzvlük imtahanının çətinliyi ilə bağlı fikirlər əsassızdır”.

Bunu "Sherg.az”a Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının aparat rəhbəri Fərhad Nəcəfov deyib. 

O diqqətə çatdırıb ki, bu iddiaların əsası yoxdur:

"Bu il sualların 60 faizi asan, 22 faizi orta, 18 faizi isə mürəkkəb olub. Sualların əlaqəsiz olduğu haqqında fikir yürüdənlər də bu məsələdə haqsızdır. Çünki imtahandan 1 ay əvvəl imtahan proqramı verilmişdi. İmtahan proqramında sualların düşəcəyi qanunvericilik sahələri göstərilib. Vəkillər Kollegiyasının Rəyəsət heyətinə qarşı imtahan suallari ilə bağlı bu kimi iddialar irəli sürməyin hüquqi əsası yoxdur. Savadlı şəxslər lazımi imtahan nəticəsini göstərə bilib.

Vəkillər Kollegiyasına üzvlük üçün tələb edilən 3 ilik stajla bağlı gənc hüquqşünasların narazılığı ilə qarşılaşırıq. Bildirmək istərdim ki, "Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 8-ci maddəsinin tələbinə əsasən sənəd qəbulu bu cür müəyyən edilib. Gələcəkdə bu qanun dəyişdirilərsə, uyğun addımlar atılacaq, yeni şərtlər qeyd ediləcəkdir. 

Ümumilikdə, qanunun dəyişdirilməsi məqsədəuyğundur. Çünki ali təhsil müəssisəsini yenicə bitirmiş şəxslər staj tələb edilməyən sahələrə üz tutur. Nəticədə Vəkillər Kollegiyası hüquq sahəsinin "qaymaq”larını, savadlı gəncləri itiririk. Ona görə, Vəkillər Kollegiyası olaraq istəyimiz, tələb olunan iş stajı müddətinin 1 ilə qədər endirilməsidir. Amma təəssüf ki, Vəkillər Kollegiyasının qanunvericilik təşəbbüsü hüququ yoxdur. Buna baxmayaraq, müvafiq orqanlar qarşısında məsələni qaldıra bilərik. Ümid edirik ki, yaxın vaxtlarda bu problem həll ediləcək”.

Müraciət edənlərin sayına gəlincə, F.Nəcəfov qeyd edib ki, Azərbaycanda hüquq peşəsinə qəbulda builki qədər böyük rəqəm müşahidə olunmayıb:

"Vəkilliyə müraciət edənlərin sayı bundan sonra daha da artacaq. Yeni rəhbərlik də məhz buna çalışır.

Dövlət İmtahan Mərkəzi (DİM) ilə ilkin razılığa əsasən imtahanlar müntəzəm əsaslı olacaq. Həmçinin sənəd qəbulu hər zaman mümkün olacaq. Sənədlər yığıldıqda, DİM-ə göndəriləcək, imtahan təşkil olunacaq. Çünki Vəkillər Kollegiyasının üzvlüyünə ştat məhdudiyyəti yoxdur”.

Qeyd edək ki, yanvarın 29-u Vəkillər Kollegiyasına üzv olmaq üçün müraciət namizədlər arasında test imtahanı aparılıb. Vəkillərə olan ehtiyacla bağlı 2016-cı ildə başlanılmış sənəd qəbulu nəticəsində 1966 nəfər hüquqşünas vəkil olmaq üçün öz namizədliyini irəli sürüb. 1873 nəfərin iştirak etdiyi imtahanda 607 nəfər 60 və daha yüksək bal toplayıb. Bu da ümumi namizədlərin 32,4 faizi təşkil edir.

Aysel Aslan