"Azərbaycanda ərzaq məhsullarının bahalaşması inhisarçılıq ləğv olunmadığı müddətdə davam edəcək”.
Bunu "Sherg.az”a ərzaq, ağartı məhsullarında müşahidə olunan qiymət artımdan danışarkən iqtisadçı- ekspert Nazim Bəydəmirli bildirib.
Onun sözlərinə görə, Novruz bayramı ərəfəsində ənənəvi olaraq, bazarlarda ərzaq və kənd təsərrüfatı məhsullarının qiyməti bahalaşacaq:

"Digər ölkələrdə bu cür bayramlar ərəfəsi, insanların kütləvi alış-veriş etdiyi vaxtlarda qiymətlər ucuzlaşır. Azərbaycanda bunun səbəbi Gömrük Komitəsinin neqativ proseslərə rəhbərlik etməsidir. İdxalla məşğul olan şirkətlərə gömrük rüsumlarının daha yüksək tətbiq olunması, onların bazardan sıxışdırılması yerli istehsalla məşğul olan azsaylı müəssisələrin korporativ maraqlarına xidmət edir. İdxalda da monopoliya var. Son statistikalar göstərir ki, Azərbaycanın idxaldan asılılığı hələ də yüksəkdir.
Gömrük komitəsi ləğv edilib, onun vergiyığma funksiyası Vergilər Nazirliyinə verilmədiyi, Azərbaycanda monopoliya aradan qaldırılmadığı müddətdə bu problemlər qalacaq. Bizdə bütün sahələri "məmur sahibkarlığı” əhatə edir. Rəqabət də yoxdur.
Bu baxımdan ədalətli qiymət müəyyən etmək mümkün olmayacaq. Bazar bu məsələdə gücsüzdür. Çünki bazarın formalaşması üçün əhəmiyyətli olan tələb, təklif funksiyası ölkəmizdə yoxdur”.
Aysel Aslan