Vətəndaş jurnalistikasının 20 faydası mövcuddur
Ekspert hesab edir ki, indi “ənənəvi” adlanan jurnalistika öz qaynağını elə vətəndaş jurnalistikasından götürüb
Jurnalistikanın bir qolu olaraq hesab olunan vətəndaş jurnalistikası da son vaxtlar inkişaf etməkdədir. Belə institutun yaradılması yeni akademik standartların formalaşması deməkdir. Ona görə ki, Azərbaycan cəmiyyəti totalitar sovet rejimindən yeni müstəqil və informasiyalı vətəndaş cəmiyyətinə keçir. Bu o deməkdir ki, jurnalistikamıza yeni prinsiplər daxil olur.
Azad ölkə, azad cəmiyyət olduğumuza görə insanlar fikirlərini, gördüklərini internetdə, sosial şəbəkələrdə paylaşırlar. Yeni meyarların yaranması akademik institut mövzusunu aktuallaşdırır. Bu baxımdan ictimai rəyi tənzimləyən vətəndaş jurnalistikasının olması vacib sayılır. Ona görə ki, bütün hallarda jurnalistika ictimai dəyərlərə xidmət göstərir. Amma bu sahədən həm cəmiyyət, həm də dövlət üçün faydalı olan formada istifadə etmək lazımdır. Bəzi həssas məqamlar var ki, vətəndaş onları bilməyə bilər. O isə vətəndaş jurnalistikasının qeyri-peşəkar olduğunu deməyə əsas verir. Bunun nəticəsində ortaya subyektiv düşüncələr, şəxsi arzular çıxır. Belə hallar arzuolunmazdır. Bir şəxsin gördüyü və ya onun şəxsi düşüncələri cəmiyyətin fikirlərinə təsir etməməlidir. Amma jurnalistika elə bir ictimai institutdur ki, o, özü-özünü təhlil edir və faydasız olanları kənara atır. Bu səbəbdən də vətəndaş jurnalistikasından çəkinmək lazım deyil. Vətəndaş jurnalistikasının mahiyyəti və fəaliyyət istiqamətləri barədə danışan tanınmış media eksperti Zeynal Məmmədli qeyd edib ki, indi "ənənəvi” adlanan jurnalistika öz qaynağını elə vətəndaş jurnalistikasından götürüb: "Vətəndaş jurnalistikası bu dünya qədər qədimdir. Jurnalistika insanların eşidib-gördüyünü biri-birinə danışdığı zamandan ortaya çıxıbsa, cəsarətlə demək olar ki, indiki görüntüdə peşəkar jurnalistikanın sələfi insanların bilgi dəyiş-düyüşü, yəni vətəndaş ünsiyyətidir. İlk jurnalistlər də elə vətəndaş jurnalistləri olub. İndiki anlayışlardan yararlansaq, onları "savaş reportyorları” (hərbi müxbirlər) adlandırmaq da mümkündür, amma onlar adicə əsgər idilər. Həm birbaşa borcunu ödəyən, həm də əlavə tapşırığı yerinə yetirərək, arxada qalanları, əsasən, anaları, xanımları döyüş meydanında baş verənlər, hərbi əməliyyatlar (təbii ki, uğurlu həmlələr) barədə bilgiləndirən əsgərlər. Bu adamların özü də işıqlandırdıqları olayların içində idilər. Bu bir yana, bu adamlar əllərində silah, var-gücləri ilə savaşın gedişini dəyişməyə can atır, tarixi özləri yaradırdılar”.
Ekspertin sözlərinə görə, daha çox rəsmi qaynaqlara üz tutmaq vətəndaş jurnalistikasını ənənəvi adlanan peşəkar jurnalistikaya çevirib: "Çağdaş anlayışlara görə, jurnalist konfliktin hər iki tərəfini obyektiv işıqlandırmalı, olayın qərəzsiz seyrçisi olmalıdır. Həvəskar jurnalistika, bir başqa deyimlə, vətəndaş kommunikasiyası təkamül yolu ilə peşəkar jurnalistikaya çevrildi. Bu təkamül, bir yandan öz ardınca jurnalistlərin gözləyib əməl edəcəyi etik norma və vəzifələr gətirdi. Digər yandan, yeni meydana gələn peşəkarlar bilgi toplamaq məqsədilə daha çox rəsmi qaynaqlara üz tutmağa başladılar. Beləcə, hakimiyyət jurnalistlərin təbii və az qala tək məlumat qaynağı oldu. Adi vətəndaşlar kütləvi informasiya vasitələrində təmsil edilmədiklərindən jurnalistlər yalnız hər hansı fikrə örnək verəndə onları yada salırdılar. Belə təbii görünən və jurnalistlərlə hakimiyyət nümayəndələrini biri-birinə bağlayan əlaqələr İkinci Dünya savaşından sonra şübhə qaynağına çevrildi. Hüdudsuz hakimiyyətin hansı yolsuzluqlara aparıb çıxardığını jurnalistlər də görməyə və tez-tez bənzər halların şahidi olmağa başladılar. Onların bir çoxu öz həmkarlarının davranış və peşəkar fəaliyyətinə güvənmir, bu hallardan iyrənirdi. Sözügedən zamanlarda jurnalistika və hakimiyyət yaxından dil tapmışdı. Hakimiyyət sahibləri jurnalistikadan daha çox öz niyyətlərinə çatmaq üçün yararlanırdılar. Bax, o vaxt vətəndaşları yenidən gözdən keçirmək zamanı yetişdi. Artıq hakimiyyət təmsilçilərinin göstərişlərini kor-koranə yerinə yetirmək və hər dəfə "Bəli, cənab Baş nazir”, "Xeyr, cənab Baş nazir” söyləmək əvəzinə, onlara sadəcə, hakimiyyət nümayəndəsi kimi yanaşmağa başladılar”.
Müsahibimizin fikrincə, hazırkı ənənəvi adlanan peşəkar jurnalistika nələrin baş verdiyini insanların bilməsi üçün onları bilgiləndirir, amma doğrudan da nələrin baş verdiyini insanların anlayacağı dərəcədə açıqlamır: "1990-cı illərin ortalarından bəri bəzi amerikalılar mövcud jurnalistikanın səviyyəsindən kəskin narazılıqlarını bildirməyə başladılar. Amerika vətəndaş jurnalistikasının pionerləri - nüfuzlu "The Pew Research Centre for the People & the Press” sosioloji mərkəzinin baniləri, görün, nə deyirdilər: "Jurnalistikanın ictimai həyat qarşısında öhdəlikləri var - sadəcə xəbərləri çatdırmaqdan və çoxlu faktı dərc edib diqqətə yetirməkdən çox-çox böyük öhdəlikləri”.
Z.Məmmədli hesab edir ki, jurnalistikanın açar yönlərindən biri - oxucu, dinləyici və tamaşaçıları bilgiləndirməkdir: "Ancaq nələr baş verdiyini insanların bilməsi üçün onları bilgiləndirməklə doğrudan da nələrin baş verdiyini onların anlayacağı dərəcədə açıqlamağa çalışmaq biri-birindən fərqlənir”.
Vətəndaş jurnalistikasının ictimai jurnalistika adı ilə də tanındığını deyən müsahibimiz söyləyib ki, vətəndaş jurnalistikası öz oxucu, dinləyici və tamaşaçıları, eləcə də cəmiyyətin istisnasız bütün üzvləri ilə olay iştirakçısı kimi davranmağı özünə məqsəd bilir: "Bu tərif məcburi öhdəlik və qaydalara dayanır. Vətəndaş jurnalistikasının pionerlərindən sayılan Devid Perri özünün "Vətəndaş jurnalistikasının kökləri” kitabında həmin öhdəlik və qaydalardan bəzilərini belə ifadə edib: Jurnalist və KİV-i bir qırağa çəkilmiş müşahidəçilər kimi qavramaq əvəzinə, onları ictimai həyatın fəal iştirakçılarına çevirməyə çalışmaq, KİV-i ictimai problemlərin azad müzakirə məkanına çevirmək, olayları işıqlandırarkən, sıradan insanların yaşamında önəmli rol oynayan iş, olay və problemlərə üstünlük vermək, yalnız cəmiyyət üzvləri arasında diskussiya və debatlardan (dartışma və mübahisələrdən) sonra ictimai rəyin necəliyi barədə bəlli qənaətə gəlmək, jurnalistikadan ictimai kapitalı (sosial sərvəti) artırmaq üçün yararlanmağa can atmaqdır”.
Z.Məmmədli düşünür ki, vətəndaş jurnalistikasına bildiyiniz jurnalist vasitələrini çağa uyğun yeniləşdirmək yolu kimi də baxa bilərsiniz və bu, qat-qat təsirli yoldur: "Bu böyük sözlər sizdə vətəndaş jurnalistikasının tam yeni nəzəriyyə olması barədə fikir formalaşdıra bilər. Elə düşünə bilərsiniz ki, jurnalist peşəsi barədə indiyədək öyrəndiklərinizlə daban-dabana zidd bir konsepsiya ilə üz-üzəsiniz. KİV strukturu gəlişmiş ölkələrdə, tutalım, ABŞ-da vətəndaş jurnalistikası, doğrudan da, öz varlığını ayrıca sürdürməyə can atır. Ancaq vətəndaş jurnalistikasına bildiyiniz jurnalist vasitələrini (araçlarını) modernləşdirmək - çağa uyğun yeniləşdirmək yolu kimi də baxa bilərsiniz və bu, qat-qat təsirli yoldur.
Ekspert daha mükəmməl və daha bitkin jurnalist materiallarının yaradılmasına kömək edən vətəndaş jurnalistikası üsullarını göz önünə gətirən bir neçə örnək də göstərdi: "Tutalım, yaşadığınız ölkənin hökuməti tullantıları gecə çağı atmağı yasaqlayan qanun çıxarıb ("Gecə vaxtı zibil atmaq yasaqdır” şəklində). Bunun səbəblərini bilmək, məmurlardan belə bir qanunun qəbulunu şərtləndirən arqumentləri öyrənmək sizin borcunuzdur. Görə biləcəyiniz, eləcə də mütləq görməli olduğunuz başqa bir iş də var: sözügedən qanun barədə sadə vətəndaşların fikrini soruşmaq. Soruşun görək, onlar həmin qanunla bağlı çətinliklərlə üzləşiblərmi? Dəqiqləşdirin görək, çoxluğun rəyini aydınlaşdırıb üzə çıxara bilmisinizmi? İnsanlar adlarının qəzet səhifələrinə düşə biləcəyini öyrənəndən sonra da düşüncələrini dilə gətirməyə razılıq verirlərmi? Sıradan insanların fikri materialın ən önəmli hissəsi ola bilər. Vətəndaş jurnalistikası deyilən jurnalistika da elə budur ki var”.
Ekspert bəyan edib ki, başqa cildə girib jurnalist araşdırması aparmaq da vətəndaş jurnalistikası yöntəmlərindən biridir: "Bu jurnalistikanın qaranquşlarından sayılan Günter Valraf Qərbi Almaniyadakı tikintilərdən birində qeyri-leqal emiqrant (mühacir) kimi çalışandan sonra, 1985-ci ildə "Lap dibdə” kitabını yazıb. Daha öncə "sarı media” örnəyi olan "Bild” qəzetində işləməsi ona həmin qəzetdə tez-tez istifadə edilən faktların təhrifi üsullarını açıb-ağartmaq imkanı yaratmışdı. O, saxta kimliklərdən - şəxsiyyət vəsiqələrindən yararlanmaqla qanunu pozmuşdu, amma həqiqəti bilmək üçün onun başqa yolu qalmamışdı və yalnız bu yolla baş verən olayların pərdəarxasını öyrənmək olardı. Maraqlıdır ki, ona qarşı xeyli sayda məhkəmə iddiası qaldırılsa da, çəkişmələrin heç birində Günter Valraf suçlu bilinməmişdi. İddiadan çıxan sonucları, fikrimcə, iki blokda toplamaq olar: 1. Vətəndaş jurnalistikasının təməl prinsipləri; 2. Vətəndaş jurnalistikasının topluma yararları”.
Müsahibimiz vətəndaş jurnalistikasının təməl prinsiplərindən də söz açıb: "Bunlara xəbərin tərifini (anlayış tanımını) genişləndirir; "xəbər hazırlamaq” çərçivəsini yeniləşdirərək oxucu marağını artırmağa can atır; "xəbərdə balans” məsələsi oxucuların xeyrinə yenidən tərif edilir; yeni bir oxucu topluluğu formalaşdırılmağa çalışılır; oxucu-qəzet qarşılıqlı təsirini artıracaq yeni kanallar formalaşdırılır və jurnalistlərlə oxucular arasındakı məsafənin aradan qaldırılması hədəf götürülür”.
Ekspertin qənaətincə, vətəndaş jurnalistikasının 20 faydası mövcuddur: "Mediaya inamı təzələyib-qoruyur, önəmli və mübahisəli (kritik) mövzuları diqqətdə saxlamağı öyrədir, ifrat dərəcədə qütbləşməkdən çəkindirir, adi problemləri diqqətçəkici biçimə salır, xəbərləri izləyib diqqətə yetirməyi vətəndaşların baxışlarına görə mənalandırmaq mümkün olur, baxış bucaqları və görülənlər genişlənir, izlənən və cazib TV xəbərləri tapılır, olayın bütün tərəfləri bir araya gətirilir, oxucu-dinləyici-seyrçi ilə konkret və canlı əlaqə qurulur. Bundan başqa, oxucu-dinləyici-seyrçi auditoriyası ilə yaxşıca qaynayıb-qarışmaq mümkün olur, hadisəyə, xəbərə fərqli gözlə baxmağı öyrədir, özəl xəbəri necə seçib-çatdırmağı qavradır, yeni texnologiyadan necə yararlanmağı öyrədir, vətəndaşların məhz öz problemləri ilə maraqlanmalarını təmin edir. Həmçinin vətəndaşların problemlərini necə dinləməyi öyrədir, vətəndaş cəmiyyətinin bir parçası olduqlarını jurnalistlərə də göstərib-qavradır, vətəndaşların öz problemləri ilə bağlı etirazlarını bildirmələrinə (məsələn, piketlərə) yardımçı olur, vətəndaşların ehtiyaclarının necə qarşılanacağını görüb-anladır, vətəndaşların problemlərinə önəm verməyi və öncəlikləri sıralamağı öyrədir”.
(Davamı var)
Ayyət Əhməd