Vətəndaşlar haqlıdır...
“İstənilən halda marşrut qrafiklərində dəyişiklik aparanda və ya ümumiyyətlə xətti bağlayanda ilk növbədə paytaxt sakinlərinin maraqları nəzərə alınmalıdır”
Srağagündən etibarən Bakı Nəqliyyat Agentliyi paytaxtda sərnişindaşıma ilə məşğul olan "Xalıq Faiqoğlu” şirkətinə məxsus 18, 96, 16 nömrəli marşrut xətlərinin bağlanması barədə qərar verib. Qərara səbəb olaraq da sözügedən marşrut xətlərinin Nəqliyyatın Ümumi Konsepsiyasında nəzərdə tutulan şərtlərə və tələblərə cavab verməməsi, həmçinin təkrarlanan marşrut xətləri olması göstərilib. Amma BNA-nın bu qərarı paytaxt sakinləri tərəfindən ciddi narazılıqla qarşılanıb.
Qərardan bixəbər yola çıxıb saatlarla dayanacaqlarda "96” gözləyən vətəndaşlar bağlanan marşrut xəttinin başqa bir avtobusla əvəzlənməməsindən gileylənib. Qeyd edək ki, "Xalıq Faiqoğlu” şirkəti də Nəqliyyat Agentliyinin sözügedən qərarından ən az sərnişinlər qədər narazı qalıb. Şirkətin media üzrə əlaqələndiricisi Füzuli Sadıqov "qafqazinfo”ya müraciət edərək Bakı Nəqliyyat Agentliyinin və "Baku Bus”un ünvanına bir sıra ciddi ittihamlarla çıxış edib. İttihamları göndərdiyi sənədlərlə də əsaslandırıb.
F.Sadıqov iddia edir ki, Bakı Nəqliyyat Agentliyi şirkətə qarşı xüsusi qərəz nümayiş etdirir, onlara heç bir xəbərdarlıq etmədən xətlərini sıradan çıxarır, yüzlərlə işçini işsiz qoyur, bilərəkdən "Baku Bus” MMC-nin xətlərini "Xalıq Faiqoğlu” şirkətinin xətləri ilə üst-üstə salır: "Düzdür, "Baku Bus”un avtobusları qəşəngdir, dövlətin çoxlu sayda vəsaiti hesabına alıblar, amma nəqliyyat işini bilmirlər. Ona görə də məcbur olub ki, şirkətimizə heç bir hüquqi sənəd göndərilmədən gecəylə 16, 18, 96 saylı xətlərimizin bağlanması ilə bağlı sərəncam veriblər. Dövlət Yol Polis İdarəsinə məktub göndəriblər ki, bu xətlər sıradan çıxarılsın”.
"Baku Bus” və Bakı Nəqliyyat Agentliyinin rəhbərliklərinin öz aralarında danışıb, oyun oynadıqlarını vurğulayan şirkət sözçüsü deyib ki, aidiyyəti qurum qurum vaxtı keçmiş, sınıq sönük "Daewoo” markalı avtobuslar, təhlükəli sürən sürücülər qala-qala, durub ən yaxşı şirkətlə mübarizə aparırlar.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova isə qeyd olunan ittihamlara cavab olaraq Agentlik tərəfindən sözügedən daşıyıcı şirkətə əvvəlcədən məlumat verildiyini bildirib: "Agentlik yaranandan bu günə kimi qoyulan qanunvericilikdən irəli gələn tələbləri və yeni nəqliyyat konsepsiyasını daşıyıcıların qarşısında qoyub. Dəfələrlə Bakı Nəqliyyat Agentliyində daşıyıcılarla görüş keçirilib. Sonuncu görüş də dünən olub. Görüşlərdə onlara vaxt verdiyimizi xatırlatmışıq. Xətdən çıxarılan marşrut xətləri təkrarlanırdı. Bu cür xətləri təkrarlanan daşıyıcıların qarşısında şərtlər qoyulub. Şərtlərə əməl edilmədiyi təqdirdə sərnişinlər ən razı qaldığı xətti seçirlər. Belə olan halda da biz həmin xətləri sıradan çıxarmağa məcburuq.
Ekspert Azər Allahverənov isə hesab edir ki, istənilən halda marşrut qrafiklərində dəyişiklik aparanda və ya ümumiyyətlə xətti bağlayanda ilk növbədə paytaxt sakinlərinin maraqları nəzərə alınmalıdır: "Vətəndaşlar əlaqədar qurumları tənqid etməkdə haqlıdırlar. Çünki bu cür dəyişikliklər pul və vaxt itkisinə, eləcə də, psixoloji stressə gətirib çıxarır. İstənilən islahat vətəndaşların maraqlarına zidd olmamalıdır, xüsusi ilə ictimai nəqliyyat sektorunda. Hər şeydən əvvəl insanlar bu barədə xəbərdar olunmalıdırlar. Paralel olaraq da, Nəqliyyat Agentliyi müvafiq sərnişindaşıma şirkətini məlumatlandırmalıdır. Şirkət isə həmin müddət ərzində xətlərin bağlanması istiqamətində hazırlıq işləri görməlidir. Bildiyim qədəri ilə yazılı şəkildə sözügedən şirkətə Agentlik tərəfindən yazılı məlumat göndərilib. Ancaq şirkət reaksiya verməyib, axırıncı günə qədər həmin marşrutları istismar edib. Nəticədə isə ziyan həmin xətlərdən istifadə edən vətəndaşlara dəyib”.
A.Allahverənovun sözlərinə görə, tələblərə və şərtlərə cavab verməyən avtobusların xətdən çıxarılması müsbət hadisədir. Amma qərar qəbulundan öncə düşünülməlidir ki, hər hansı bir marşrut bağlanırsa, həmin marşrut üzrə alternativ variant necə olacaq. Marşrutun bağlanması ilə insanlar əziyyətə düşəcəklərsə, bu cür dəyişikliyə qərar vermək düzgün deyil.
"Xalıq Faiqoğlu” şirkəti ilə Nəqliyyat Agentliyi arasında yaşanan gərginliyə gəldikdə isə ekspert deyib ki, tərəflərdən hər biri öz arqumentlərini irəli sürür: "Şirkət sözügedən marşrut xətlərinin bağlanacağından son ana qədər xəbərsiz olduqlarını deyir. Agentlik isə əvvəlcədən yazılı müraciət göndərdiklərini iddia edir. Hesab edirəm ki, bu problemi həll etməyin yolu danışıqlardan keçir. Hər iki tərəfin nümayəndələri bir masa arxasına oturub bu anlaşmazlığa aydınlıq gətirməlidir”.
Şəymən