Millət vəkilləri bir məsələ ilə razılaşmadılar: əksər hallarda şikayət edən vətəndaşların müraciətləri onların narazı qaldıqları şəxslərin üzərinə göndərilir
Dünən Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib. Toplantıda İnzibati Xətalar Məcəlləsinə yeni maddənin əlavə edilməsi təklif olunub. Təklifə əsasən vətəndaşların müraciətləri haqqında qanunvericiliyin pozulmasına görə inzibati sanksiyalar tətbiq olunacaq. Əlavəyə əsasən, vətəndaşların müraciətləri haqqında qanunvericiliyin pozulmasına görə vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar 100 manat məbləğində, hüquqi şəxslər 200 manat məbləğində cərimə edilir.
Deputatlar etiraz etdi
Komitənin sədri, vitse-spiker Bahar Muradova deyib ki, ümumiyyətlə, bir sıra qanunlar "Vətəndaşların müraciətləri” haqqında 2015-ci ilin payızında qəbul olunmuş qanuna uyğunlaşdırılır. Bunlar arasında "Ətraf mühitə dair informasiya almaq haqqında”, "İnformasiya əldə etmək haqqında” və "İctimai iştirakçılıq haqqında” qanunlar var. B.Muradova bu istiqamətdə müvafiq qanun layihəsinin ölkə Prezidenti tərəfindən parlamentə göndərildiyini söyləyib. Onun sözlərinə görə, "Vətəndaşların müraciətləri haqqında” qanuna uyğun olaraq adıçəkilən qanunlardakı "vətəndaşların müraciətlərinə baxılması qaydası” sözləri "vətəndaşların müraciətləri” sözləri ilə əvəzlənir.
Müzakirələr zamanı isə daha çox "Vətəndaşların müraciətləri haqqında” qanunvericiliyə əsasən anonim müraciətlərə baxılmasının qadağan olunmasına münasibət bildirilib. Komitə üzvləri bunun bəzi hallarda ciddi problemlər yaradacağını diqqətə çatdırıblar.
Deputatlar vətəndaşların müraciətlərinə, şikayətlərinə baxılmasında problemlərin yaranmasına öz etirazlarını bildiriblər.
"Səndən yar, sənə yar, şikayətim var”
Millət vəkili Flora Qasımova deyib ki, əksər hallarda şikayət edən vətəndaşların müraciətləri onların narazı qaldıqları şəxslərin, subyektlərin üzərinə göndərilir: "Bu da insanlarda növbəti narazılıq yaradır. Çünki şikayət etdikləri şəxs, subyekt yenə də öz bildiyi kimi məsələni həll edir. Onlar da çox zaman həmin müraciətləri qəbul etmək, onları yaxınlarına buraxmaq belə istəmirlər. Bu isə insanları narazı salır”.
Deputat Elman Nəsirov da həmkarının fikirlərini dəstəkləyib və bunu "səndən yar, sənə yar, şikayətim var” kimi qiymətləndirib: "Şikayətçinin şikayətinə, müraciətinə şikayət etdiyi insanın baxmasının nə demək olduğunu da anlatmağa xüsusi ehtiyac yoxdur. Eyni zamanda, müraciətlərə baxılmamasına görə müəyyənləşdirilən maliyyə cəriməsi, hesab edirəm ki, azdır. Bəlkə də indiki reallıqda 100-200 manat maliyyə sanksiyası normaldır. Amma bunun bir qədər də artırılmasına, maliyyə sanksiyalarının sərtləşdirilməsinə ehtiyac var”.
Millət vəkili Tahir Kərimli isə "Vətəndaşların müraciətləri haqqında” qanunda anonim müraciətlərə baxılmasının qadağan olunmasını nəzərdə tutan müddəaya yenidən baxmağı təklif edib. O bildirib ki, burada mütləq istisnaedici məqam nəzərdə tutulmalıdır: "Yəni, ictimai təhlükəli əməl məsələsi haqqında məlumatın verilməsi burada öz əksini tapmalıdır. Görürük ki,
tez-tez terror aksiyaları ilə bağlı vətəndaşlar tərəfindən daxili işlər və təhlükəsizlik orqanlarına məlumatlar daxil olur. Ona görə də həmin müddəada məhz bu cür məlumatların verilməsinə şərait yaradan məqam nəzərdə tutulmalıdır”.
Amaşovun təklifini vitse-spiker dəstəklədi
Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov isə söz və mətbuat azadlığı ilə bağlı qanunlara dəyişikliklərin parlamentin İnsan hüquqları komitəsində müzakirə olunması təklifini irəli sürüb. O deyib ki, söz, mətbuat azadlığı, informasiya, məlumat əldə etmə ilə bağlı qanunvericiliyə dəyişikliklər edilməsi yönündə parlamentin İnsan hüquqları komitəsinin ayrıca iclaslarının keçirilməsinə, dinləmələrin təşkilinə ehtiyac var: "Çünki bu tipli məsələlər məhz bu komitədə müzakirə olunmalıdır”.
Komitənin sədri Bahar Muradova Ə.Amaşovun təkilifini dəstəkləyib.
Komitə sədri söz, mətbuat azadlığı və insan hüquq və azadlıqları ilə bağlı məsələləri əhatə edən qanunvericilik aktlarına dəyişikliklərin, yeni qanun layihələrinin İnsan hüquqları komitəsində də müzakirə olunduğunu və onlara baxıldığını xatırladıb: "Əgər bundan sonra da bu yöndə məsələlər bizim komitəyə ünvanlanacaqsa, təbii ki, onlara da baxılacaq, müzakirələrdən keçiriləcək. Bu məsələdə heç bir problem görmürəm”.
Müzakirələrdən sonra layihə plenar iclasa tövsiyə edilib.
Anar