Elman Nəsirli: “Yekun razılaşma iyul ayından sonra bəlli olacaq”
Vyana danışıqlarında mühüm razılıq əldə olundu
“Qısa müddətdən sonra prezidentlər yenidən görüşəcək, bu artıq nəticəni göstərir”
Elman Nəsirli: “Yekun razılaşma iyul ayından sonra bəlli olacaq”
Elman Nəsirli: “Yekun razılaşma iyul ayından sonra bəlli olacaq”
Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşü format etibarilə əvvəlkilərdən geniş olsa da, nəticə baxımından digərlərindən fərqlənmədi. Əslində görüşün nəticələri ilə bağlı gözləntilər də o qədər böyük deyildi. Bu da onunla bağlı idi ki, aprel döyüşlərindən sonra münaqişə tərəfləri arasında etimad daha da zəifləmişdi. Ona görə də əsas diqqət münaqişə zonasında yeni müharibənin qarşısını almağa və etimad tədbirlərini gücləndirməyə yönəldildi.
Görüşdən sonra ATƏT-in Minsk Qrupunun verdiyi bir neçə cümləlik bəyanatı da bunu təsdiq edir. Həmçinin, Azərbaycan və Ermənistan rəhbərliyinin iyunda növbəti danışıqların yerini və vaxtını müəyyənləşdirmək barədə razılığa gəldiyi vurğulanır. Vyana görüşü qapalı keçirildiyindən və detallar tam açıqlanmadığından nəticə ilə bağlı qəti fikirlər söyləmək çətindir. Çox güman ki, detalların nədən ibarət olduğu yaxın həftələrdə bilinəcək. Məsələ burasındadır ki, prezidentlərin budəfəki görüşündə yazılı heç bir sənəd qəbul olunmayıb. Deməli, Bakı və İrəvan öz üzərinə yeni heç bir öhdəlik götürməyib. Başqa sözlə, indiki status-kvo olduğu kimi qalmaqdadır və müharibə riski böyükdür. Doğrudur, insidentlərin monitorinqi ilə bağlı ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin fəaliyyətini genişləndirmək nəzərdə tutulur. Ancaq aprel olayları göstərdi ki, indiyədək həyata keçirilən bu cür fəaliyyət böyük hərbi toqquşlmaların qarşısını almaqda acizdir. Eyni zamanda prezidentlərin iyunda bir araya gəlməklə bağlı ilkin razılığı heç şübhəsiz, vasitəçi dövlətlərin müharibə riskini azaltmaq istəyi ilə bağlıdır. Politoloq Elxan Şahinoğlu deyib ki, təmas xəttində insidentlərin araşdırılması Ermənistanın status-kvonu uzatmaq siyasətinə uyğundur: "Biz işğalçı Ermənistan ordusunu daim təzyiq altında saxlamasaq, İrəvan öz xoşu ilə işğal altındakı torpaqları boşaltmayacaq. Ermənistan hakimiyyəti Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmayana qədər insidentlərin araşdırılmasına razılaşmaq olmaz. İşğal ortadan qaldırılmayana qədər snayperləri və ağır hərbi texnikanı geri çəkə bilmərik. ATƏT-in bəyanatları imzalanan sənəd deyil və üzərimizə məsuliyyət qoymur. Ona görə də bəyanata riayət etmək kimi öhdəliyimiz yoxdur”. Politoloq Lavrovun açıqlamasına da toxunub: "Lavrov deyib ki, münaqişənin nizamlanmasını mərhələli şəkildə həll etmək lazımdır. Belə çıxır ki, Moskva Ermənistanı 5 rayonu qaytarmağa razı salacaq. Fikrimcə, yaxın iki ay ərzində hər şey bəlli olacaq. Əks halda danışıqlar apreldən əvvəlki vəziyyətinə qayıdacaq”. E.Şahinoğlu hesab edir ki, bütün hallarda Vyana görüşü bizə lazım idi: "Dünya gördü ki, Azərbaycan nəticəsiz danışıqlardan bezib və işğal altındakı torpaqları azad etmək əzmindədir. Əgər Vyanadan sonrakı müddətdə Ermənistan heç bir addım atmazsa, növbəti görüşlər bizim əleyhimizə işləyə bilər. Çünki münaqişənin həllində konkret addımlar atılmadan görüşlərin davamı, dövlət başçısı İlham Əliyevin dediyi kimi, imitasiya xarakteri daşıyacaq. İmitasiya isə status-kvonun davamı deməkdir. Ona görə də səngərdəki hərbçimiz silahı əlində apreldə olduğu kimi möhkəm tutmalıdır”.
Millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirli isə hesab edir ki, görüşdə mühüm razılıqlar əldə olunub: "Vyana görüşü öz tərkibinə görə diqqəti cəlb etdi. Bu görüşdə ATƏT-in Minsk Qrupu həmsədrləri ilə yanaşı, həmin ölkələrin xarici işlər nazirləri də iştirak edirdi. Bütün bunlar onu göstərir ki, görüş üçün çox yüksək səviyyəli hazırlıq həyata keçirilib. Artıq görüşün ilkin nəticələri ilə bağlı bəyanat verilib. Bəyanatın mətnindən bəlli olur ki, ilk növbədə hər iki Prezident atəşkəsin qorunub saxlanılması ilə bağlı razılığa gəliblər. Bundan sonra atəşkəsə əməl etmək əsas məsələlərdəndir. Minsk Qrupu həmsədrləri belə razılığa gəldilər ki, təmas xəttindəki hərbi insidentlərin araşdırılması və monitorinqinin aparılması ilə bağlı bir mexanizm yaradılsın. Eyni zamanda əldə olunan razılığa görə, itkin düşmüş şəxslərlə bağlı məlumat mübadiləsi də təkmilləşmiş formada aparılmalı idi”.
Elman Nəsirov bildirib ki, bu toplantı prezidentlərin növbəti görüşü üçün zəmin yaratdı: "Görüşdə ən yaddaqalan məqam o oldu ki, iyun ayında ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün vaxtını və yerini müəyyən edəcəklər. Qısa zamanda baş tutacaq həmin görüşdə münaqişənin həlli ilə bağlı yekun addımlar atılacaq. Sergey Lavrovun jurnalistlər üçün verdiyi brifinqdə o da məlum oldu ki, artıq növbəti görüşdə münaqişənin həlli ilə bağlı yekun razılıq əldə olunacaq. Yekun razılaşma iyul ayından sonra bəlli olacaq”.
Millət vəkili deyib ki, atəşkəslə bağlı razılığın əldə olunması əvvəlki razılıqlardan fərqlənirdi: "Atəşkəsin qorunub saxlanılması indiki reallıqda münaqişənin sülh yolu ilə həll edilməsi üçün şəraitin yaradılması anlamındadır. Aprel döyüşlərinə qədər atəşkəsin qorunub saxlanılması ilə aprel döyüşlərindən sonrakı atəşkəsin qorunub saxlanılması fərqli anlam kəsb edir. Çünki həmsədrlərin hər birinə çox gözəl məlumdur ki, bu münaqişə dondurulmuş deyil. Süni şəkildə münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq mümkün olmayacaq. Sonuncu razılaşma münaqişənin həlli ilə bağlı konkret addımların atılması üçün zəmin yaradacaq. Münaqişənin dinc yolla tənzimlənməsi üçün atəşkəsin qorunub saxlanmasına ehtiyac var”.
İsmayıl