Vyana görüşü yeni mərhələdir

Mübariz Əhmədoğlu: “Bu görüş vasitəçilərin fəallaşmasına təkan verəcək”
Fərəc Quliyev: “Rusiya ədalətli mövqe göstərərək münaqişənin tez bir zamanda həllinə çalışmalıdır”


Mayın 16-da Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada keçirilən geniş tərkibli görüşü konkret nəticə verməsə də, bir neçə aspektdən pozitiv hesab edilə bilər. Birincisi, Ermənistanın ciddi səylərinə və müqavimətinə baxmayaraq, Azərbaycan ordusunun aprelin 1-5-i tarixlərində 2000 ha ərazini işğaldan azad etməsi beynəlxalq birlik tərəfindən qəbul olundu. Ermənistan Vyana danışıqlarına qədər ciddi-cəhdlə orduların təmas xəttinin 1994-cü mayında imzalanmış atəşkəs zamanı müəyyən edilən xəttə çəkilməsinə çalışmış, beynəlxalq ictimaiyyəti atəşkəsin pozulacağı ilə şantaj etmişdi. İkincisi, Ermənistan 2014-cü ildə Paris danışıqlarından sonra ATƏT-in Minsk Qrupu çərçivəsində davam etdirilən sülh müzakirələrini pozub.

Hər dəfə danışıqlarda irəliləyişə ümid yarananda, cəbhə xəttində təxribatlara əl atıb və danışıqları pozmağa çalışıb. Almaniya federal kanslerinin təşəbbüsü ilə bu ilin fevral ayında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılmış müzakirələrdən sonra da aprelin əvvəllərində Ermənistan belə təxribata əl atdı. Bununla Ermənistan bütün beynəlxalq müzakirələrin formal olduğunu nümayiş etdirirdi. Heç bir vəchlə danışıqlar masası arxasında ciddi müzakirələr aparmağa meyl göstərmirdi. Lakin Azərbaycan ordusunun aprel zəfəri həm Ermənistanı danışıqlar masası arxasına oturmağa məcbur etdi, həm də ATƏT-in Minsk Qrupunu Ermənistana konstruktiv danışıqlar məcrasına qayıtması üçün rəsmi İrəvana təzyiq göstərməyə vadar etdi. Üçüncüsü, həm Ermənistan, həm də ATƏT-in Minsk Qrupunun üzvü olan dövlətlər anladılar ki, mövcud status-kvonun zaman limiti bitib. Status-kvonu uzatmaqla Azərbaycan dövlətini işğal faktı ilə barışmağa məcbur etmək mümkün deyil. Bundan sonra da münaqişə dondurulmuş vəziyyətdə saxlana bilməz. Azərbaycan dövləti, Azərbaycan xalqı konstruktiv danışıqlar ruhuna sadiq olmaqla yanaşı, münaqişəni istənilən vaxt beynəlxalq hüquq çərçivəsində güc yolu ilə həllinə qadirdir. Bununla da, Ermənistan tərəfi mövcud status-kvonun dəyişdirilməsi üçün konstruktiv danışıqları davam etdirməyə məcbur edildi. Digər tərəfdən Vyana danışıqlarında aprel insidentinin araşdırılması məqsədilə ATƏT-in yeni faktaraşdırıcı missiya yaratması qərara alınıb. Şübhə yoxdur ki, münaqişə bölgəsində monitorinqlər aparacaq missiyanın gələcəyi qənaəti də ATƏT-in əvvəlki missiyalarının rəyləri kimi Azərbaycanın xeyrinə olacaq. Çünki Azərbaycan ordusu özgə ərazisində deyil, Azərbaycan Respublikasının beynəlxalq hüquqla tanınmış ərazisində işğalçı ordunun təxribatlarına cavab verir. Məlumdur ki, Ermənistan ordusu açıq şəkildə yaşayış məntəqələrini, mülki əhalini hədəfə alır, xəstəxanaları, məktəbləri, əkin sahələrini bombardman edir. Dinc sakinlərə qarşı beynəlxalq konvensiyalarla qadağan edilmiş silahlardan, o cümlədən kimyəvi silahdan istifadə olunur. Bu faktlar təsbit edilərək dəfələrlə beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT üzvü olan dövlətlərin nəzərinə çatdırılıb. Azərbaycan isə yalnız atəşkəsin pozulması hallarında, düşmənin hərbi obyektlərini hədəfə almaqla cavab verib. Son aprel hadisələri zamanı ordumuzun qarşısında qoyulmuş tələblərdən biri də Dağlıq Qarabağda yaşayan mülki əhalinin hədəfə alnmaması ilə bağlı olub. Bu səbəbdən Vyana danışıqları aprelin əvvəllərində Azərbaycan ordusunun zəfərinin diplomatiya sahəsində davamı kimi dəyərləndirilməlidir. Əldə edilmiş hərbi və diplomatik üstünlük Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyini gücləndirir və münaqişənin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həlli üçün ciddi zəmin yaradır. Beynəlxalq ictimaiyyət də Vyana görüşünü müsbət dəyərləndirir. Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşü çox müsbət faktdır. O bildirib ki, Aİ insidentlərin araşdırılması, hərtərəfli sülh danışıqları üçün "yol xəritəsi”nin planlaşdırılması qərarlarını dəstəkləyirik”.

Məsələni şərh edən Siyasi Texnologiyalar və İnnovasiya Mərkəzinin direktoru Mübariz Əhmədoğlu bildirib ki, Vyana görüşü ən mühüm hadisələrdən biridir: "Prezidentlərin görüşü Böyük Sülh Sazişinin hazırlanmasına təkan verir. Görüşü şərtləndirən əsas amil əlbəttə ki, Azərbaycanın dörd günlük müharibədə qazandığı hərbi uğurlar və əldə etdiyi diplomatik üstünlük idi. Birmənalı olaraq başa düşülməlidir ki, prezidentlərin Vyana görüşü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində yeni mərhələ hesab olunmalıdır. Bu görüş vasitəçilərin fəallaşmasına təkan verəcək. Burada əsas iki yeniliyə diqqət yetirmək lazımdır. Birinci məqam münaqişə dövründə itkin düşənlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı razılıqdır. Bilirsiniz ki, bu barədə iki il əvvəl tərəflər arasında razılaşma olsa da, Serj Sarkisyan Ermənistana qayıdan kimi bu razılaşmaya əməl etməyəcəyini nümayiş etdirdi. Bu da səbəbsiz deyil. Çünki itkin düşənlərin siyahısının dəqiqləşdirilməsi üçün azərbaycanlı əhalinin və mütəxəssislərin Dağlıq Qarabağda yerləşdirilmələri lazımdır. Belə bir vəziyyət isə Sarkisyanı qane etmir. Çünki azərbaycanlı əhalinin Dağlıq Qarabağa qaytarılması yerli ermənilərin əhval-ruhiyyəsinə təsir göstərəcək və Sarkisyan da bundan çəkinir. Digər tərəfdən, hərbi əməliyyatların aparıldığı və ora yaxın ərazilərdəki kütləvi məzarlıqların tədqiqi, oradakı cəsədlərin DNT analizlərinin nəticələri sübut edəcək ki, orada qətlə yetirilənlərin doxsan beş faizi azərbaycanlılardır. Bu faktın beynəlxalq miqyasda ortaya çıxması isə Ermənistanın uzun illər boyu dünyada apardığı təbliğatın tam iflası demək olacaq. Ona görə də Sarkisyan itkin düşənlərin siyahısının dəqiqləşdirilməsi prosesindən belə qorxur”.

Millət vəkili Fərəc Quliyev da görüşün əhəmiyyətindən danışıb: "Nəticəsindən asılı olmayaraq görüşdə Azərbaycan hərtərəfli şəkildə Ermənistandan üstün idi. Azərbaycan görüşə qədər həm diplomatik, həm də hərbi sahədə uğurlar əldə edib. Ermənilərin arzusu status-kvonun saxlanmasından ibarət idi. Düşmən tərəfi daxili auditoriyalarına istiqamətlənmiş addım atmaq istəyirdi. Onlar düşünürdülər ki, atəşkəs rejimi yenidən bərpa ediləcək, müharibə olmayacaq. Amma Vyana görüşündə Azərbaycan öz mövqeyindən geri çəkilmədiyini bir daha bildirmiş oldu”. Deputatın sözlərinə görə, Rusiya ədalətli mövqe göstərərək münaqişənin tez bir zamanda həllinə çalışmalıdır: "Rusiya rəsmiləri hesab edirdilər ki, münaqişənin dondurulmuş şəkildə qalması daha xeyirlidir. Amma bütün bunlara baxmayaraq, Azərbaycan öz fikrində qəti şəkildə dayanaraq bildirdi ki, mənasız danışıqlarla münaqişənin həllini uzatmaq bizə sərf etmir. Dağlıq Qarabağ münaqişəsinin həlli zamanın ixtiyarına buraxılmalı deyil. Burada bir yol var, o da işğalçının Azərbaycan torpaqlarını tərk etməsidir”.

İsmayıl