Bu variantın təklif edilməsi ilə Ermənistan çox güman ki, göstərmək istəyir ki, onun təşkilatla bağlı heç bir problemi yoxdur və o, öz namizədini yenidən KTMT rəhbərliyində görmək istəyir, təşkilatla əməkdaşlıqda və onun rəhbərliyində təmsil olunmaqda maraqlıdır. Problem Ermənistan və Rusiyanın hərbi-siyasi təşkilatı - KTMT arasında yox, ölkənin yeni rəhbərliyi ilə hakimiyyətin qanunsuz ötürülməsində iştirak etmiş Xaçaturov arasındadır.
Xaçaturovun həbsi Rusiya-Ermənistan münasibətlərini pisləşdirdi, KTMT-nin nüfuzuna xələl gətirdi” – Özünütəcrid
"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturov 2008-ci ilin mart ayında hakimiyyətin Köçəryan tərəfindən xələfinə ötürülməsi zamanı Yerevan qarnizonunun komandanı olub və dinc nümayişçilərə atəş açılmasında, konstitusiya quruluşunun güc yolu devrilməsində ittiham olunur. Onun səlahiyyət müddətinin başa çatmasına hələ 2 il qalsa da, Ermənistanın təşəbbüsü ilə vaxtından əvvəl geri çağrılıb”.
Bu barədə "Sherg.az”a Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının (KTMT) ali orqanı olan kollektiv təhlükəsizlik şurasının qərarı ilə Ermənistanın nümayəndəsi olan Yuriy Xaçaturov KTMT-nin baş katibi vəzifəsindən vaxtından əvvəl azad edilməsinə münasibət bildirərkən politoloq Nəzakət Məmmədova bildirib. Ekspert qeyd edib ki, bundan sonra KTMT-yə üzv olan ölkələr qarşısında 3 seçim variantı qalırdı: Xaçaturovun müavini Semerikovun 2020-ci ilin mayınadək Xaçaturovu əvəz edib, onun səlahiyyətlərini icra etməsi, əlifba sırası ilə Ermənistandan sonra gələn ölkənin - yəni Belarusun nümayəndəsinin təşkilatın baş katibi vəzifəsinə seçilməsi ki, burada da ən şanslı namizəd ölkənin Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas hesab olunurdu və ən nəhayət bizi maraqlandıran üçüncü variant: Ermənistanın təkidi ilə Xaçaturovun yerinə başqa bir erməninin KTMT baş katibi seçilməsi:”
Bu variantın təklif edilməsi ilə Ermənistan çox güman ki, göstərmək istəyir ki, onun təşkilatla bağlı heç bir problemi yoxdur və o, öz namizədini yenidən KTMT rəhbərliyində görmək istəyir, təşkilatla əməkdaşlıqda və onun rəhbərliyində təmsil olunmaqda maraqlıdır. Problem Ermənistan və Rusiyanın hərbi-siyasi təşkilatı - KTMT arasında yox, ölkənin yeni rəhbərliyi ilə hakimiyyətin qanunsuz ötürülməsində iştirak etmiş Xaçaturov arasındadır.Lakin Paşinyan hökumətinin Rusiyanın Ermənistandakı ən etibarlı adamlarından biri Xaçaturovu həbs etməsi, sonra zaminə buraxması, ardınca isə vəzifəsindən geri çağırması cinayətdə şübhəli bilinən şəxs haqqında istintaq araşdırması yox, Ermənistanın Rusiyaya birbaşa açıq demarşıdır. Bu kriminal təhqiqat yox, çox dərin siyasi çalarları olan, Moskva və Yerevan arasında olduqca mənfi iz buraxacaq hadisə kimi izah olunmalıdır. Eyni zamanda, Paşinyan Rusiyanın yaxın əlaltısının bu dövlətin təhriki ilə Ermənistanda yenidən dövlət çevrilişi cəhdindən naragat olduğu üçün onu zərərsizləşdirərək yerinə öz etibarlı nümayəndəsini göndərmək istəyirdi.
Paşinyanın öz mövqeyi də bu məsələdə ziddiyyətlidir: hələ parlamentdə "Yelk" partiyasının lideri olanda o, Ermənistanın KTMT və Avrasiya İqtisadi Birliyində iştirakının məqsədəuyğun olmaması barədə parlament müzakirəsi başlaması təşəbbüsü ilə çıxış etmişdi. Sonradan hakimiyyətə gəldiyi ilk dövrdə o, kəskin geosiyasi dönüşlər edilməyəcəyi, Ermənistanın KTMT-dən çıxmayacağı, AİB-dən çıxmağın isə yalnız referendum yolu ilə həll oluna biləcəyini vəd etmişdi. Lakin hakimiyyətə gəldikdən sonra Xaçaturovu həbs etməklə ölkəsi ilə Rusiya arasında ziddiyyətlər yaratdı. Daha sonra onu azad edib, bir müddət sonra gördüyümüz kimi yerinə başqa namizəd irəli sürüləcəyini bildirdi”.
N.Məmmədovanın qənaətincə, görünən odur ki, Paşinyan çaşqınlıq içərisində qərarlar verməyə çətinlik çəkir. Lakin bütün bu hadisələrin əsas nəticəsi Xaçaturovun həbsinin Rusiya - Ermənistan münasibətlərini pisləşdirməsi, iki ölkə arasında dərin etimadsızlıq yaratması ilə bərabər KTMT-nin nüfuzuna ciddi xələl gətirdi:
"Ermənistanın iddialarından belə çıxır ki, Rusiyanın NATO-suna indiyədək bir cinayətkar general-polkovnik başçılıq edib və Rusiya, eləcə də təşkilatın digər üzvləri buna göz yumublar. Bu, şübhəsiz ki, Rusiya - Ermənistan, Ermənistan - KTMT münasibətlərini düzəlməsi çətin olan bir mərhələyə aparmaqdadır.
Artıq Ermənistanın destruktiv fəaliyyəti öz nəticəsini verir. Belə ki, KTMT Astana sammitində Nazarbayev bildirdi ki, təşkilatın yeni baş katibi məsələsində "kolliziya yaranıb". Cünki Ermənistanın 2020-ci ilədək Xaçaturovu başqa bir erməni baş katiblə əvəz etmək təklifi digər təşkilat üzvləri tərəfindən rədd edildi. KTMT-nin 6 dekabrda Peterburq görüşündə yəqin ki, yeni baş katib seçiləcək. Onun isə qeyd etdiyimiz kimi Belarus nümayəndəsi Stanislav Zas olması ehtimalı daha böyükdür.
Qeyd edək ki, KTMT-nin prosedur və rotasiya qaydalarına və əlifba sırası ardıcıllığına uyğun olaraq, 2020-ci ilə qədər baş katib vəzifəsini Ermənistan nümayəndəsi daşımalı idi. Yuriy Xaçaturovun vaxtından əvvəl vəzifədən azad edilməsindən sonra Ermənistan baş naziri Nikol Paşinyan 2020-ci ilə qədər baş katib vəzifəsini Ermənistanda saxlamağa çalışsa da, tamamilə uğursuzluqla üzləşdi. Ermənistanın yeni namizədinin təşkilatın baş katibi olmasına icazə verilmədi.
Ayyət Əhməd