
Xalq artisti onun adını açıqlamadı
Brilliant Dadaşovaya əxlaqsız şəkillər göndərən gənc 15 sutka həbs cəzası aldıGülnar Nəzərli: "Bu halda Brilliant xanım tam düzgün addım atıb. Və onu narahat edən şəxsin cəzalandırılmasını istəyib"

Sosial şəbəkələrin, sosial medianın bu qədər inkişaf etməsi bir çox məqamlarda insanların şəxsi həyatına mənfi təsirini də göstərir. Çox təəssüf ki, bəzən sosial şəbəkələr bizim şəxsi həyatımıza o qədər daxil olur ki, bunun qarşısını almaq hardasa mümkünsüz olur. Heç kimi özünü sosial medianın, sosial media "canavarları”nın əlində oyuncaq olmaqdan sığortalaya bilmir.
Hətta son bir ildə sosial medianın qurbanlarının sayı o qədər çoxalıb ki, bu təkcə problem deyil, cinayətlərə gətirib çıxarır. Belə ki, sosial şəbəkələrdən, "vatsap”dan və digər sosial mediadan istifadə edənlər bəzən ya cinayətin qurbanına çevrilirlər, ya da cinayətkara dönürlər. Çünki sosial media üzündən qısqanclıq zəminində ailələr dağılır, sosial medianın qurbanı olanlar bəzən çıxış yolu olaraq intihara əl atır ki, bu da sosial şəbəkələrin həm də həyatımzda nə dərəcədə təhlükəli bir rol oynadığını göstərmiş olur. Bəzən biz istəmədən belə sosial şəbəkələrdə şəxsi həyatımıza girən insanlar olur. Bu hardasa evə qapını döymədən gəlmiş dəvətsiz qonaq kimi görünə bilir. Sən istəmədən sənin telefonuna, şəxsi profilinə yazılar, mesajlar, şəkillər göndərənlər də az deyil. Ötən əsrdə telefon manyakları var idi. İndi də sosial medianın "canavarlar”ı, manyakları peyda olub. Tanımadığın insan tərəfindən sənə göndərilən istənilən mesaj narahatlıq yarada bilir. Hələ bu mesajlar jantaj xarakteri daşıyırsa, qeyri-əxlaqi, təhqiramiz ifadələrdən ibarət olursa, bu, insana mənəvi və psixoloji baxımdan zərbə vurmuş olur. Bir daha qeyd edək ki, bəzən də sosial medianın qurbanları çıxılmaz duruma düşüb özünü intihar həddinə çata bilirlər. Əksər hallarda isə sosial media qadınların həyatına mənfi təsirini göstərmiş olur. Bəzən səbəbsiz yerə ailələrdə söz-söhbətlərə gətirib çıxarır ki, bu da sonda ailə dağılmasına qədər gəlib çıxır. Son illər məhz boşanan ailələrdə məhz sosial şəbəkələrin də rolu özünü göstərmiş olur.
Sosial media tanınmışların da həyatını izləyir. Bəzən ulduzlar, tanınmışlar da da sosial media "canavarları”nın ovuna çevrilə bilir. Elə bu günlərdə Xalq artisti Brilliant Dadaşova da telefonuna gələn mesaja görə hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalıb.
Xalq artistinin telefonuna əxlaqsız şəkillər göndərən şəxsə 15 sutka həbs cəzası verilib.
Olayla bağlı B.Dadaşova açıqlama verib. Müğənninin sözlərinə görə, naməlum şəxs ona lüt şəkillərini göndərirmiş: "Mənə məxsus olan nömrəni köməkçim işlədir. Bütün zənglərə, sms-lərə o cavab verir. Köməkçim bir müddət öncə xoşagəlməz hadisə ilə rastlaşıb. Belə ki, mənim nömrəmə tanımadığımız şəxs, mütəmadi olaraq lüt şəkillər göndərirdi. Köməkçim bu hadisəni mənə söylədi və hüquq-mühafizə orqanlarına müraciət etməyi lazım bildi. Nəticədə məlum oldu ki, telefonuma şəkillər göndərən gənc bir oğlandır. O şəxs azyaşlıdır. Şəkilləri o göndərib. Çox açıq-saçıq, əxlaqsız şəkillər olub. Dövlət və qanun var. Bir insanın kimsə şərəf və ləyaqətini pozursa, onun üçün də cavab verməlidir. Şikayət əsasında ona 15 sutka cəza verilib. Heç kəs qanundan kənar qaça bilməz. O şəxsin azyaşlı olduğunu nəzərə alıb adının açıqlanmasını istəmədim. Düşünürəm ki, cahillik edib. Amma onun da ətrafı, ailəsi, dostları var. Adını açıqlamaqla onun ətrafında olan insanlar tərəfindən uzaqlaşdırılmasını istəmirəm. Amma buna baxmayaraq o, əməlinə görə cəzasını çəkməliydi. Ona görə də bəziləri məni qınasa belə, mən hüquqlarımın təmin olunmasını istədim. Heç kimin digərini təhqir etməyə, onu narahat etməyə haqqı yoxdu. O gənc də 15 sutka yatandan sonra yəqin ki, bir daha belə bir addım atmayacaq. Bu ona dərs olar”.
Məsələylə bağlı "Nəzərli Konselsinq” Hüquq Şirkətlər Qrupunun rəhbəri, hüquqşünas Gülnar Nəzərlinin də fikirlərini öyrənməyə çalışdıq:
"Əgər bir şəxsin şərəf və ləyaqəti KİV-də, sosial şəbəkələrdə alçaldılırsa, Cinayət Məcəlləsinin 147-148 maddələri ilə həmin şəxs məsuliyyətə cəlb oluna bilər. Bundan əlavə, söhbət Brilliant Dadaşovanın telefonuna gələn mesaja gəlincə isə, təbii ki, Xalq artisti öz hüquqlarının təmin olunması üçün rəsmi şəkildə hüquq-mühafizə orqanlarına müraciət edib. Onun buna vətəndaş olaraq haqqı var. Əgər hər hansı şəxsə telefon və ya digər vasitələrlə tanımadığı biri tərəfindən xoşagəlməz, şərəfini alçaldan bu kimi mesajlar, şəkillər və s. göndərilirsə və bu şəxsi narahat edirsə, polisə, məhkəməyə müraciət edərək onu narahat edən şəxs barədə hüquqi müstəvidə ölçü götürülməsini tələb edə bilər. Bu halda Brilliant xanım tam düzgün addım atıb. Və onu narahat edən şəxsin cəzalandırılmasını istəyib. Əgər sənə göndərilən mesaj KİV-də yayılmayıbsa, yalnız sənin şəxsi telefonuna, şəxsi inboks səhifənə göndərilibsə, bununla bağlı tədqiqatçı araşdırma aparmalı və şikayətçinin şikayəti təmin olunmalıdır. Çox güman ki, Xalq artistinə mesaj göndərən şəxs inzibati qaydada məsuliyyətə cəlb olunub. Ona 15 sutka azadlıqdan məhrumetmə cəzası kəsilib.
Ümumiyyətlə, hər bir insan öz hüquqlarını bilməli və belə insanların cəzalandırılmasına səy göstərməlidir. Bu, növbəti dəfə bu yola əl atan insanı düşündürməyə vadar edəcək ki, mən də məsuliyyətə cəlb oluna bilərəm. Heç kim özünü sosial mediadan sığortalaya bilməz. Ancaq Daxili İşlər Nazirliyinin sosial şəbəkələrə nəzarət edən qurumu var ki, onlar bu kimi məsələlərin açılmasına təsir edə bilir. Belə ki, əgər şikayətçi varsa və ona saxta profillər, saxta linklər vasitəsilə şərəf və ləyaqətini alçaldan mesajlar gəlirsə, polisə müraciət edə bilər. Hüquqlarını tələb edərək sona qədər bu işin arxasınca gedib uydurulmuş saxta profil istifadəçisinin kimliyini öyrənə və onun məsuliyyətə cəlb olunmasını tələb edə bilər. Sadəcə, insanlar hüquqlarını bilməli və kömək üçün peşəkar hüquqşünaslara müraciət etməlidirlər”.
Tahirə