Xalq artisti: "Teatrlarımızda işıq və səs sistemi daş dövründən qalıb"

Ramiz Novruz: “Səs rejissoru istədiyi effekti ala bilmir, işıqla dünyanın ən gözəl insanını eybəcər, ən eybəcərini gözəl göstərmək mümkündü”
Şeyx Əbdül: İntellektual, Avropa düşüncəsi ilə formalaşan tamaşaçı üçün köhnə, klassik ənənələr bir qədər bəsit görünür”






"Teatr qardirobdan başlayır” deyimi vaxtilə məşhur idi. Bu gün isə teatrın daha böyük, bəlkə də daha ciddi qayğıları var. Paytaxt teatrlarının demək olar hamısı əsaslı təmir edilsə də, amma yenə teatrlarda texniki cəhətdən problemlər yaşanır. Teatrlarımızda yaradıcı gərginliklər, aktyorlar arasında narazılıqlar zaman-zaman yaşanır. Bu bəlkə də normaldı. Ancaq teatrda yaradıcı mühitə təsir edə biləcək texniki çətinliklərin olması arzuolunmazdı. Bu problemin mövcudluğu o qədər də dilə gətirilmirdi.

Sanki hamı görüb susmağa üstünlük versə də, xalq artisti Ramiz Novruz bu problemdən danışdı. Son günlər "Teatra tamaşaçı niyə az gedir” sualına Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Ramiz Novruzovun cavabı əslində ciddi bir məsələnin müzakirəsinə ehtiyac yaratdı. Xalq artisti təmirdən çıxan teatrlarımızın əslində dünya standartlarına cavab vermədiyini iddia etmiş oldu. Akademik Milli Dram Teatrının aktyoru teatrlardakı texniki zəiflikdən söz açıb: "Bizdə teatr təmir edildi, bina gözəldi. Amma işıq və səs sistemi daş dövründəki kimidir. Xaricdən bizə teatr gəlməlidir, amma səhnəmiz onlara yaramır.
Ölkənin ən önəmli teatrının truppasında yararsız adam olmamalıdır. Mədəni Maarif Texnikumunu qurtarıb, teatrda işləyir. Məktəb, müəllim görməyiblər. Bilmir oxumaq, plastika nədir. Bizim teatrdakı aktyorların 30 faizi elədir”.
Xalq artistinin əslində səsləndirdiyi fikirlər bugünkü teatr üçün böyük problemi gündəmə gətirmiş oldu.
Ölkənin aparıcı teatrında texniki problemlərin olduğu iddiası əslində ciddi məsələ olaraq müzakirə mövzusu ola bilər. Tamaşanın, aktyor oyununun keyfiyyətinə texniki problemlər nə dərəcədə təsir edə bilir?
Ramiz Novruz haqlı iradını bir də "Şərq”ə açıqlamasında dilə gətirdi:

"Teatr bərpa olunub. Təmir edilib. Amma teatrda olan avadanlıqlar elə köhnə olduğundan səhnədə çətinliklər yaranır. Maraqlısı odur ki, bu gün teatrdan xəbərsiz insanlar, ən azı son 5 ildə bir dəfə də olsa teatra getməyənlər verilişlərdə teatrdan danışıb, teatrın problemlərini dilə gətirməyə çalışırlar. Mən olduğum verilişdə qonaqlara sual ünvanladım ki, ədəbi dilin köməyi ilə teatrı bu qədər tənqid edirsiz, son 5 ildə hansı biriniz teatrda olmusuz? Bilirsiz, teatrdan xəbərsizlər teatrdan danışmaq səlahiyyətində deyillər. Bəli, mən yenə də inadla qeyd edirəm ki, teatrların əksəriyyətində texniki avadanlıqlar yararsız vəziyyətdədir. Səs rejissoru istədiyi effekti ala bilmir, işıqla dünyanın ən gözəl insanını eybəcər, ən eybəcərini gözəl göstərmək mümkündü. İşıq effektlərinin olması teatrda, səhnədə vacibdi. Bu günün tamaşaçısı daha tələbkardı. O təkcə aktyor oyunu ilə kifayətlənmək istəmir. Kimsə düşünməsin ki, işıq effekti, səs və digər bu kimi amillər tamaşanın keyfiyyətinə təsir edə bilməz. Əmin olun ki, yüz faiz tamaşanın keyfiyyətinə təsirini göstərir. Bəziləri deyir ki, aktyorun istedadı varsa, bu, səhnədə yetərlidi. Bəli, aktyorun istedadı vacibdi. Amma səhnədə olan aktyor istedadlı deyilsə, orda nə işi olar? Aktyor istedadı, plastikası vacibdi, amma texniki məqamlar aktyorun oyununa təsirini birmənalı şəkildə göstərmiş olur. Teatrda texniki problemlərin mövcudluğu məni aktyor kimi narahat edirsə, bunu normal qəbul etmək olar. Niyə xaricdən qastrola gələn teatr bizdə istədiyi texniki imkanları görə bilməsin? Axı adi bir işıq effekti ilə səhnədə təqdim olunanı daha təsirli tamaşaçıya çatdırmaq mümkündü. Mən çox istərdim ki, teatrlarda texniki avadanlıqlar dəyişdirilsin, onlar müasir texniki avadanlıqlarla əvəz edilsin. İnanın ki, bu, tamaşaçının teatra həvəsini də artıracaq, keyfiyyətinə də təsir göstərəcək. Bizdə yetərincə istedadlı aktyorlar var. Sadəcə onların işini daha gözəl, estetik təqdim etmək üçün səhnədə texniki imkanlar da yüksək olmalıdır”. 

Məsələyə kinorejissor Şeyx Əbdül Mahmudbəyov da münasibət bildirib: "İncəsənət elə bir qəribə sahədir ki, burda hər şey komleks şəklindədir. Burda hər görünməyəcək qədər cüzi bir problemin də əslində keyfiyyətə təsiri var. Ramiz Novruzov teatr adamıdı, teatrı tanıyan insandı. Əvvəllər ənənəvi klassik teatr məktəbi var idi. Ənənəvi klassik teatr məktəbinin qaydalarına görə böyük "massovkalar”, kütləvi səhnələr, aktyor məktəbi, pafoslu aktyor danışığı vacib idi. Bunlar qaldı keçmişdə. Sovet dönəmində bu pafoslu teatr ənənələri lazım idi. Müasir teatr ənənələrində buna ehtiyac duyulmur. Bu günün tamaşaçısı üçün də bu maraqlı deyil. 

  Teatrda hər şey şərtidir. İntellektual, Avropa düşüncəsi ilə formalaşan tamaşaçı üçün köhnə, klassik ənənələr bir qədər bəsit görünür. Təbii ki, bu, tamaşaçıya təsir edir. Bu günün tələbində işıq, səs effektlərinin olması daha vacibdi. Teatrda əsas ədəbi material, rejissor işi, səhnə quruluşu, aktyor oyunu əsasdı. Amma bunlar işin bir tərəfidir. Amma səhnədə quruluş, tərtibat, işıq effektləri aktor oyunu ilə üst-üstə qoyulanda daha keyfiyyətli, bu günün tamaşaçısının marağını ödəyə bilən tamaşa təqdim etmək olur. Bu gün texnologiya o qədər inkişaf edib ki, Ramiz müəllim düz deyir, bunlarsız keyfiyyətli tamaşa təqdim etmək çətindi. 

Düzdü, səhnədə əsas aktyor oyunu, rejissor işidi. Amma ona əlavə effektlər vasitəsilə bir az da yaraşıq qatanda tamaşaçı üçün daha maraqlı görüntü yaranır. Kim deyirsə ki, teatra maraq qalmayıb, mən bununla razı deyiləm. 

Teatra hər zaman maraq olub. Sadəcə, bu gün texnologiyanın inkişafı teatrdan da yan ötə bilməz. Sadəcə, bizdə mənasız seriallara pul tökməkdənsə, teatrlara dəstək olsalar, daha yaxşı olar. Dövlət imkanı daxilində teatrlarımızın inkişafı üçün vəsait xərcləyir. Amma teatr təkcə dövlətin dəstəyi ilə inkişaf edə bilməz axı. Teatrın texniki problemlərini başqa yollar vasitəsilə də aradan qaldırmaq mümkündür. Çox arzuolunandı ki, bu problemlər aradan qaldırılsın. Teatr mədəniyyətin anasıdı, beşiyidir. Kino ciddi sənət əsəri olsa da, teatr məbəddi. Teatra qayğı, diqqət mütləqdir. Zamanın tələblərinə uyğun teatr mühiti yaratmaq vacibdi. Teatr hər zaman üçün vacib mədəniyyət ocağıdır”.

Tahirə Məmmədqızı