Xalq artistləri Ramiz Əzizbəylinin cavabını verdilər

Rasim Balayev: “Onun nə sənəti, nə də şəxsiyyəti mənimlə bir tərəziyə qoyula bilər”Fuad Poladov: “O xəstədir, xəstə adama cavab vermək kişiyə yaraşmaz”
Azərbaycanın Xalq artistləri arasında əməlli-başlı savaş başlayıb. Teatr və kino tariximizdə hər akytorun öz yeri olsa da, hər halda Ramiz Əzizbəylinin açıqlaması sənət aləmində bir qalmaqal yaratdı. Dost olan sənətçilər illər sonra biri-birinin ünvanına inanılmaz sərt fikirlər səsləndirib. Xalq artisti Ramiz Əzizbəyli Rasim Balayevi vicdansız adlandırıb.
Ramiz Əzizbəyli "Rasim Balayev Rüstəm İbrahimbəyovun müdafisindən geri çəkiləndə vicdansızlıq etdi” deyə illərin dostluğuna son qoyub.
Yeri gəlmişkən, Ramiz Əzizbəyli Xalq artisti Fuad Poladov barədə də sərt açıqlama verib: "Fuad Poladov çörəyi dizi üstündə olan insandı. Onunla da danışmıram. Mən Fuaddan da, Rasim Balayevdən də yaxşı kişiyəm” deyərək sənət aləmində yeni bir müharibənin əsasını qoydu.
Məlumat üçün onu da qeyd edək ki, Rasim Balayevlə Ramiz Əzizbəyli həm də qohumdular.
Rasim Balayevin Ramiz Əzizbəylinin barəsində səsləndirdiyi fikrə "Şərq”də cavab verdi: 
"Çox təəssüf edirəm ki, onunla münasibətim, dostluğum olub. Çox təəssüf... Buna görə özümü qınayıram. Demək ki, mən illərlə dostluq etdiyim insanı tanımamışam. İllər mənə bəs etməyib ki, onun əsl içini tanıyım. İnanın, onunla kəsdiyim duz-çörəkdən utanıram. Mən artıq elə insan tanımıram, tanımaq da istəmirəm. Onun barədə danışmaq mənim səviyyəmə uyğun deyil. Kimdir axı Ramiz Əzizbəyli? Bir film çəkib. Bununla sənətdə qalmaq istəyir? Onun nə sənəti, nə şəxsiyyəti mənimlə bir tərəziyə qoyula bilər. Mən bunu bu gün bilmişəm. Nə sənəti, nə insanlığı var bu adamın. Mən yenə deyirəm ki, mən insanları tanımamışam. O insan xəstədi. Canı da xəstədi. Əli-ayağı işləmir. Allah şəfa versin. Nə isə. Amma bu adamın başı da xəstədi. Beyni də, düşüncəsi də xəstədi. Xəstə təfəkkürlü insandı. O, cavan vaxtı da xəstə idi. Cavan ikən də paxıl insan idi. Hamıya paxıllıq edirdi”. Soruşduq ki, Ramiz Əzizbəyli Rasim Balayevə də vaxtilə paxıllıq edib? Bunu Rasim Balayev hiss edibmi? Nəzərə alsaq ki, Rasim Balayev Azərbaycan kino tarixində ciddi, eyni zamanda tarixi filmlərin baş qəhrəmanı olub, onlarla filmdə baş rolları uğurla oynayıb, onda bu məqamda paxıllıq üçün bir səbəb olub. Sanki bu sualı gözləyən Rasim Balayev od püskürdü: "Paxıllıq edib cılız sözdü. Bağrı çartlayıb. Mən bu gün başa düşürəm ki, mənim illərlə dost dediyim insan o filmlərə çəkiləndə mənə nə qədər paxıllıq edib. Elə o dərdlər onu pis günə qoyub. Əvvəllər hiss etmirdim ki, mənə paxıllıq edir. Bu gün baha düşmüşəm. Yenə deyirəm, onunla etdiyim dostluğumdan utanıram. Təəssüf edirəm. Həqiqətən yazıq bir insandı. Bir film çəkib elə bilir, dünya ulduzudu? Axı sən kimsən?”
Ramiz Əzizbəylinin Fuad Poladova ünvanladığı "Fuad Poladov çörəyi dizi üstündə olan insandı” mesajı da cavabsız qalmayıb. 
Fuad Poladov "Şərq”ə açıqlamasında "İnanın, belə bir açıqlamadan xəbərim yox idi. Ramiz Əzizbəyli xəstədir. Xəstə insanın xəstə təxəyyülünə nə münasibət göstərim? Bu insanın başı gedib. Xəstəyə cavab vermək ən azı kişiyə yaraşmaz. Kişiyə kənardan "kişidir”, deyirlər. Hər kəs özünü kişi adlandıra bilər. Onun mənim barəmdə dediyi "Çörəyi dizi üstündədir” deməsi isə bir az gülünc, bir az da təəccüblü gəldi. Mən bu yaşıma qədər özüm barədə çox qeybət, arxadan danışılan söz-söhbət eşitsəm də, ilk dəfədir eşidirəm ki, məni çörəyi dizi üstündə olan insan kimi təqdim etsinlər. Maraqlıdır, mənim çörəyimin dizi üstümdə olmağını nə zaman görüb? Yenə deyirəm ki, Ramiz Əzizbəyli xəstə təxəyyülü olan insandı. Qaldı onun paxıllıq məsələsinə, o mənə necə paxıllıq edə bilər ki?”
Tahirə Məmmədqızı